“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açılış nitqi ilə çıxış etdi. Professor çıxışında müasir ideologiyamızın əsaslarının Heydər Əliyev tərəfindən həyata keçirilməsindən söz açdı:
“Geosiyasətin müasirliyinin və çağdaş fəlsəfəsinin mahiyyəti bundan ibarətdir ki, inkişaf başqalarının hesabına deyil, onlarla əməkdaşlıqda həyata keçirilməli, ölkədən bölgəyə, qonşu regionlara və daha uzaqlara yönəlməlidir. Bu konsepsiya və onun gerçəkləşdirilməsi təcrübəsi Heydər Əliyev tərəfindən ərsəyə gətirilib, onun ideoloji irsinin əsas hissəsini təşkil edir.
Bu əsaslar ilk növbədə tarixi yaddaşın bir qismi kimi ulu öndər Heydər Əliyevin irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb. Yeni şərait məsələsi əsla sadə məsələ deyil. Dünya dəyişir və getdikcə daha sürətlə başqalaşacaq. Heydər Əliyevin ideyaları keçmişlə indini birləşdirən ideologiyamızın mahiyyəti və mənasını təşkil edir və vətəndaşların biliyə, elmə və həyata şövqlülüyünün dərin səbəblərini aydınlaşdırır.”

Sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyevin Türkiyə siyasətində “Bir millət, iki dövlət” düsturu tarixin sınaqlarında” mövzusunda çıxış edərək qeyd edib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu vurğuladı. Ulu öndərin qətiyyətli mövqeyi, zəngin irsinin öyrənilməsində hər bir tədqiqatçının, alimin ən önəmli vəzifəsi olduğunu qeyd edib. E.Mədətli vurğulayıb ki, Ulu öndər nəinki güclü rəhbər, həm də dərin fəlsəfi düşüncəyə malik şəxsiyyət idi.

Xanımağa İsmayılova “Heydər Əliyev dövründə Azərbaycan qadınlarının ictimai həyatı” və Nailə Əlicanova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər.







