28.12.2022, 08:00

Güneyli soydaşlarımız nə istəyir?


Tarixin son 2 əsrədək olan bütün dövrlərində Azərbaycan bütöv bir məmləkət olmuşdur. Rusiya imperiyası Azərbaycanın Araz çayından şimaldakı hissəsini Qacarlar dövlətinin iqtidarsızlığı səbəbindən işğal etdikdən sonra Həmədandan Dərbəndə və Tiflisədək olan ərazidə yaşayan dili bir, dini bir, tarixi bir olmuş Azərbaycan xalqı iki yerə ayrılmışdır. Rusiya imperiyasını əvəzləmiş 70 illik sovet imperiyasının süqutundan sonra dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan hazırda dünyada yaşayan 50 milyonluq soydaşımızın suverenlik və mənəvi bütövlük düşüncəsinin mərkəzi məkanına çevrilmişdir. Dünya azərbaycanlıların gələcək taleyi getdikcə daha çox milli aktuallıq kəsb edir. Bu mövzuda müsahibimiz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlidir.

– Faiq müəllim, İranı 3 aydan artıq müddətdə çalxalayan insan haqları davası, kütləvi iğtişaşlar Güney Azərbaycanda daha çox milli azadlıq şüarları altında davam edir. Azərbaycan dövləti qonşu ölkənin daxili işlərinə qarışmasa da, xalqımız müxtəlif səviyyələrdə güneyli qardaşlarının haqq savaşına biganə deyil. Güneylilər nə istəyir və bu mübarizədə nə dərəcədə haqlıdırlar?

– Bir neçə il bundan öncə, irançı-şiəçi “mollalar”ın türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılmasına icazə verməsinin ardınca, sözdə Güney Azərbaycanda 6 illik ibtidai təhsil üçün ana dili dərsliyi hazırlanması haqqında qərar da qəbul edildi. Fars rejimi, şah rejiminin ardınca İranda əsrlər boyu yaradılmış türk dövlətini qanunsuz olaraq qəsb etdiyini yaxşı bildikləri üçün müxtəlif metodları işə salaraq bu addımları atdılar.
Vaxtilə irançı-şiəçi “mollalar” bu qanunsuzluqlarını Əhəmənilər və Sasanilərdən qalma dövlətçilikləri ilə əsaslandırmaq, bu coğrafiyada onlardan əvvəl və sonra mövcud olmuş türk dövlətçiliyini ört-basdır etmək istəsələr də, bu çox da uğurlu alınmayıb. Onlar yaxşı bilirlər ki, avroplıların da yardımı ilə ortaya qoyduqları bu cür aldatmalar müvəqqətidir. Türkün varlığı gec-tez onların saxta “İran-İslam” adlı qurama dövlətçiliyini məhv edəcəkdir. Ona görə də şiəçi-irançı “mollalar" ikibaşlı oynayırlar. Qanunsuz olaraq “hakim” qüvvəyə çevrildikləri gündən (1925) üzü bəri bir tərəfdən türklərin, o cümlədən Azərbaycan türklərinin milli varlığına fasiləsiz olaraq qəsd edirlər, yəni onun dilini, mədəniyyətini, əxlaqını, həyat tərzini aşağılayırlar.
Buna paralel olaraq Azərbaycan türklərinin “İran-fars” kökənli olması təbliğatını aparır, saxta ortaq yurd və ortaq kimlik anlamında “İran”, “iranlı”, “İran mədəniyyəti” kimliyini üst səviyyəyə qaldırmağa çalışırlar. Digər tərəfdən şiəçi-irançı “mollalar” din amilindən yararlanaraq Azərbaycan türklərinin müsəlman kimliyini qanunsuz ağalıqları yolunda bir oyun halına salmışlar. Bir sözlə, şiəçi-irançılar hər iki amildən istifadə edərək qanunsuz ələ keçirdikləri türk dövlətinin yenidən əsl sahiblərinə qayıtmamasına çalışırlar.
Bu anlamda şiəçi-irançılar son zamanlarda türklərin, o cümlədən Azərbaycan türklərinin xeyrinə atılmış kimi görünən addımlara çox həssas yanaşmalıdırlar. Qacarlardan qəsb olunmuş parlamentdə əsasən türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılması, eyni zamanda, Azərbaycanda ibtidai təhsil üçün ana dili dərsliyinin hazırlanması müsbət amillər olsalar da, bunu böyük bir uğur hesab edib şişirtmək də, eləcə də gözardı etmək doğru deyildir.
Fars rejiminin bu addımları atmaqla türk varlığıyla razılaşmalı olmaları ən azı 1925-ci ildən indiyə qədər əsaslandığı antitürk ideologiyanın az-çox uğursuzluğunu ortaya qoyur. Hakim rejim bu addımları atmağa məcbur olsa da, ancaq onların da özlərinə görə müəyyən planları var. Şübhəsiz, onlar bu addımları atmaqla Azərbaycan türklərini əsas hədəfdən yayındırmaq, bununla da qanunsuz ağalıqlarını sürdürmək məqsədi güdürlər. Bu anlamda buna oxşar digər “gözlənilməz” addımlar da atmağa davam edəcəklər. Belə bir durumda Azərbaycan türkləri daha soyuqqanlı davranaraq Qacarlar dövründə qəsb olunmuş dövlətçiliyini bərpa etməyə çalışırlar. Budur güneyli soydaşlarımızın qarşısında duran tarixi hədəf.

– Gerçək olanı budur ki, Güneyin milli haqları bütövlükdə nəzərə alınmamış, zülm və ədalətsizlik davam etmişdir. Bu da davamlı olaraq milli mübarizə ilə müşayiət olunmuşdur.

– Bu belədir, amma daha belə davam edə bilməz. Azərbaycan türklərinə edilən son “güzəştlər”in arxasında irançılıqla farsçı şiəçiliyin çöküşü kimi həqiqət dayanır. Bu “güzəşt”lər qanunsuz irançı-şiəşi “molla” ağalığının süqut siqnallarıdır. Bu “güzəştlər” o deməkdir ki, “şiəçi-irançı mollalar” Azərbaycan türkləri ilə bir yerdə, bir dövlətdə yaşamaq istəyirlərsə, onların milli haqlarını qaytarmalıdırlar.
1990-cı illərin əvvəlində “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsi “İran Azərbaycanı”nda geniş əks-səda doğurmuşdur. Belə ki, “İran Azərbaycanı” kəlməsindəki “İran” kimliyinə və vətəninə etiraz olaraq Azərbaycanın güneyində yaşayan soydaşlarımız iki vacib şüar irəli sürürdülər: “Haray, haray, mən türkəm!”; “Azərbaycan var olsun, istəməyən kor olsun!”, ya da “Azərbaycan İran deyildir!”.
Gördüyümüz kimi, hər iki şüar birmənalı şəkildə “iranlı” ya da onun kiçik forması olan “azəri” milli kimliyinə, eyni zamanda “İran” adlı vətən-ölkə kimliyinə qarşı ortaya atılmışdır. “İranlı-azəri” etnik, “İran” ölkə kimliyinə qarşı isə türk etnik kimliyi və Azərbaycan vətəni kimliyi qoyulmuşdur. Çünki “Mən Azərbaycanam”, “Mən türkəm” ikiliyi vətən və millət, ya da millət və vətən anlayışlarının milli düşüncədə daşlaşması, monolitləşməsidir. Deməli, Güney Azərbaycan türklərinin əsas yolu Güney Azərbaycanın vətən və milli kimlik baxımdan “İran”a bağlı olmadığını isbat etmək, bu anlamda “İran Azərbaycanı” anlayışının yerinə də “Türk-Turan Azərbaycanı” düşüncəsini formalaşdırmaqdır. Ötən illərdə bu yolda Güney Azərbaycan Türk aydınlarından Səhənd, M.Zehtabi, Əli Təbrizli, Həmid Nitqi, Qulamrza Səbri Təbrizi, Cavad Heyət, Həsən Dəmirçi, Səid Muğanlı, Abbas Lisani, Lətif Həsənli və başqaları böyük əmək sərf etmişlər. İndi bu şüarlar “Azadlıq, ədalət, milli hökumət” hökmü ilə əvəz olunmuşdur.

– Bütöv Azərbaycan ideyası nə dərəcədə gerçəkdir? Hələlik mənəvi bütövlük ağlabatan görünmürmü?

– Bütöv Azərbaycan ideyasını vaxtilə ən fəal təşkilatlardan biri, 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təsis olunmuş Dünya Azərbaycanlıları Konqresi (DAK) gündəmə gətirmişdi. DAK bütün Azərbaycan türklərinin səsini dünya ictimai rəyinə ç atdırmaq, Dağlıq Qarabağın işğalı, Xocalı soyqırımı, İrandakı Azərbaycan türklərinin haqları kimi məsələlərin çözümünü tapmaq məqsədilə yaradılan bir qurum və dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilatdır.
2005-ci ildə təşkilat parçalandı və DAK adlı iki qurum fəaliyyət göstərməyə başladı. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edirdi. Sonradan Xeştinin rəhbərlik etdiyi DAK öz adını dəyişərək Demokratik DAK (DDAK) adlandırdı.

Bəli, söhbət hələlik bütöv mənəvi məkan yaratmaq, milli həmrəyliyə nail olmaqdan getməlidir.

Çapa hazırladı:
T.RÜSTƏMLİ, “Xalq qəzeti“


xalqqazeti