21.02.2018, 11:18 - Baxış sayı: 1382

Füzuli Qurbanov: “Fəlsəfə müasir cəmiyyətin inkişafının əvəzolunmaz şərtlərindəndir”


Füzuli Qurbanov: “Fəlsəfə müasir cəmiyyətin inkişafının əvəzolunmaz şərtlərindəndir”Müsahibimiz AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovdur:

- Füzuli müəllim, istərdim söhbətimizə fəlsəfənin cəmiyyətdə rolundan başlayaq.
- Müasir cəmiyyətlər həm strukturca, həm də funksional baxımından çox mürəkkəbləşib. Bunu bütün dünyanın tədqiqatçıları etiraf edirlər. Cəmiyyətlərin mürəkkəbləşməsi, funksional olaraq daha mürəkkəb hala gəlməsi tarixi təkamülün birbaşa nəticəsidir. Bunu bir tərəfdən cəmiyyətlərdə yeni strukturların, təbəqələrin, kəsimlərin meydana gəlməsi ilə izah etmək olar. Həyatın özü daha zəngin, daha mürəkkəb olur, meydana yeni-yeni faktorlar çıxır. Digər tərəfdən isə, bütövlükdə dünyada gedən qloballaşma – yəni müxtəlif cəmiyyətlər, ölkələr, mədəniyyətlər, dinlər, sivilizasiyalar arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etməsinə bağlıdır. Bu iki proses konkret cəmiyyətdə elmin, daha çox da fəlsəfənin rolu, yeri məsələsini də aktuallışdırır. Çünki bunu şərtləndirən ənənəvi faktorlarla yanaşı belə bir qanunauyğunluq da müşahidə edilir. Məlum olur ki, cəmiyyətlərdə elmi kəşflərin sürəti, intensivliyi və onların sosial mühitə tətbiqi ilə həmin prosesin verə biləcəyi nəticələrin fəlsəfi və elmi dərki arasında ziddiyyət var. Məsələn, komputerlərin yeniləşməsi ilə bağlı olan Mur qanununu götürək. Komputerlərdə daha təkmil çiplərin meydana gəlməsi sürəti ilə o komputerlərin cəmiyyətə tətbiqi nəticəsində yaranan yeni faktorların elmi və fəlsəfi dərki arasında xeyli fərq vardır. Daha dəqiq desək, cəmiyyətdə yeni texnologiyaların tətbiqinin, dərkinin elmi və fəlsəfi dərki xeyli geridə qalır. Belə bir paradoks yaranır: ona kreativlik, yaxud da yaradıcılıq paradoksu demək olar. Adından asılı olmayaraq bu kimi proseslər və digər başqa proseslər gedir, misal üçün, Ervin Laslonun belə bir fikrini deyə bilərəm: o, deyir ki, indi bufirkasiya əsridir, sivilizasiya, tarix, bəşəriyyət özü seçim qarşısındadır və bu seçim qarşısında olmağı da ingilis dilində “makro shift” kimi, yəni böyük makro dəyişiklik kimi xarakterizə edir. O, bunu stimullaşdırır ki, bütövlükdə insanlıq, bəşəriyyət keyfiyyətcə, məzmunca yeni bir seçim etməlidir, yeni mərhələyə keçməlidir. Bu cür cəmiyyətlərin də elmi, sosioloji, fəlsəfi dərki fərqli yanaşmalar tələb edir, yeni üsullar istəyir.

- Füzuli müəllim, o zaman belə bir sual meydana çıxır ki, bu cür cəmiyyətlərdə humanitar elmlərə ehtiyac varmı? Əgər texniki, fundamental elmlər meydana yeni-yeni kəşflər çıxarırsa, onda sosial-humanitar elmlərin burada nə yeri var? Hətta bəzən çox konkret şəkildə deyirlər ki, fəlsəfə bu cür cəmiyyətlərə lazım deyil. Hətta onu da deyirlər ki, fəlsəfə klassik mənada, belə deyək, artıq məhv olub, ona ehtiyac qalmayıb. Bu yeni dövrdə də fəlsəfədən çox texnologiyalardan istifadə edərək, texniki tərəfdən inkişaf edib həyatın özünü, konfortunu, rahatlığını artıraraq, yeni-yeni mükəmməl cihazlar kəşf edərək inkişaf etməyin daha yaxşı olduğunu qeyd edirlər. Bunların da fonunda deyirlər ki, fəlsəfə mücərrəd, başadüşülməz, abstrakt, həyatla əlaqəsi olmayan bir fəaliyyət sahəsidir.
- Bunu deyənlər böyük mənada yanılırlar. Çox səhv yanaşmadır. Məhz bu cür cəmiyyətlərdə fəlsəfənin rolu və əhəmiyyəti son dərəcədə yüksələrək artır. Deyərdim ki, fəlsəfə hətta bütün başqa elm sahələrindən daha çox aktuallıq kəsb edir. Nəyə görə? Çünki bu cəmiyyətin indi strukturu mürəkkəbləşib, hər gün yeni kəşflər gəlir. Məsələn, bu il – 2018-ci ildə də beş elmi kəşfin olunması gözlənilir. Məsələn, insan beyninin başqa bədənə köçürülməsi, Ayın tədqiq edilməsi üçün kosmik aparatların ora enməsi və orada hər hansı bir maddənin Ay şəraitində yetişdirilməsi, informasiya sahəsində robotların təkmilləşməsində ciddi yeniliklər gözlənilir və s. Bütün bu proseslər insan həyatını o dərəcədə dəyişir ki,bundan sonra sabah nə olacaq və bu proseslər hara aparır kimi suallar hamısından daha aktual, daha vacib məsələ halına gəlir. Buna görə də qabaqcıl ölkələrdə fəlsəfəyə, sosial-humanitar elmlərə daha çox diqqət yetirilməyə başlanılıb.

- Daha çox hansı aspektdə diqqət yetirilməyə başlanılıb?
- O asbektlərdən birini sizə deyim. Deyək ki, mürəkkəb sistemlərin öyrənilməsi. Bura daxildir həm insanın özü, həm cəmiyyət, həm cəmiyyətin müxtəlif sahələri – texniki, mədəni, siyasi sahələrinin ortaq göstəricisi olan sahələr, mürəkkəb kibernetik sistemlər, mürəkkəb informasiya sistemləri, mənəvi sahə və s. daxildir. Və bu cür mürəkkəb sistemlərin öyrənilməsində insan faktorunun rolunun artdığını hamı deyir. Çünki şüur güclü surətdə bayaq dediyimiz müxtəlif kəşflər vasitəsilə təsir edir. Bu sistemlərdə hansı dəyişikliklər gedir? Bu dəyişiklikləri düşünüb tapmaq lazımdır. Deməli, bu mürəkkəb sistemlərin öyrənilməsində insan faktorunun o sistemlərin mövcudluğunda yerini və rolunu daha dərindən obyektiv və xeyli dərəcədə proqnostik olaraq müəyyənləşdirmək lazımdır. O baxımdan bu cür yanaşmaya imkan verən elm sahələrinin bir-birilə intensiv olaraq qarşılıqlı əlaqəsi məsələsi daha çox aktuallaşmış olur. İndi bu sahədə müxtəlif elmlərin kəşisməsində meydana gələn yeni elmi istiqamətlər ilə fəlsəfənin qarşılıqlı əlaqəsi aktuallıq kəsb edir. Buna görə də fəlsəfə müasir elmlər üçün bütün mürəkkəb sistemlərin öyrənilməsinin başlanğıcında necə öyrənilməsi və oradan konkret nəticələrin alınması məsələsində çox vazkeçilməz, son dərəcə əhəmiyyətli bir fəaliyyət sahəsinə çevirlir. Biz buna məsələnin fəlsəfi qoyuluşu deyirik. Məsələn, rusiyalı alim Budanov yazır ki, bütün mürəkkəb sistemlərin öyrənilməsi məsələnin fəlsəfi qoyuluşu ilə başlayır. Əgər sistemin öyrənilməsində məsələnin fəlsəfi qoyuluşu yoxdursa, onu tam elmi hesab etmək olmaz. Çünki söhbət təkcə sistemin konkret elmi asbektdə öyrənilməsindən getmir. Həm də bu öyrənmənin hansı nəticələr verə biləcəyi elmi-tədqiqat prosesinin canına hopub. Belə deyək ki, onlar bir-birindən ayrılmazdır. Məsələnin fəlsəfi etik tərəfi ilə onun sırf elmi, fiziki, bioloji və riyazi tərəfləri iç-içədir, onu bir-birindən ayırmaq mümkün deyildi. Ona görə də, fəlsəfə bütün bunların canı, mərkəzi, başlanğıc nöqtəsi və nəticələr çıxarmaq üçün əsas motodoloji yanaşma, kreativ bir gücdür. Bununla bağlı Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin 2 fevral 2018-ci ildə “Respublika” qəzetində dərc olunmuş məqaləsinə diqqət çəkmək istəyirəm. Çünki orada İlham müəllim Azərbaycan cəmiyyətində fəlsəfənin oynaya biləcəyi rol və həmin fonda Fəlsəfə İnstitutunun əsas inkişaf prioritetlərinin müəyyənləşməsi aspektində maraqlı fikirlər irəli sürüb. Məqaləsində Azərbaycan tarixində maariflçiliyin yeri və rolu məsələsində aktual bir askpektə toxunur. Azərbaycan maarifçiliyi XIX əsrin sonu, XX əsrin əvvəllərində cəmiyyətdə hansı rolu oynayırdı, sovet dövründə hansı rolu oynadı və indi nəyi oynaya bilər. Bütün bu mərhələlərdə sosial, ictimai həyatımızda, düşüncə tərzimizdə etdiyi dəyişikliklər, verdiyi impulslar və ya qarşısını aldığı tendensiyalar və s. nələr varsa bunların daha geniş araşdırılmasına ehtiyac var. İlham müəllim bu məsələləri haqlı olaraq qoyub.
Bu baxımdan bizim də səhəmizə çox yaxın olan idrak nəzəriyyəsinin, etikanın, elmi fəlsəfəsi müasir Azərbaycan cəmiyyətində rolu ilə bağlı düşüncələri xeyli maraqlı gəldi. Məsələ ondan ibarətdir ki, biz fəlsəfəyə elmdən gəlmiş adamlarıq. O vaxtlar fəlsəfə fakültəsi olmadığına görə, yaxud da hamının gedib Moskvada, ya başqa yerlərdə fəlsəfəni öyrənmək imkanı olamdığına görə sırf bu ixtisası sahiblənə bilmirdilər. Elə də olur ki, riyaziyyatla məşğul olan şəxslər bir müddətdən sonra mütləq fəlsəfi düşüncələrə gəlib çıxır. Fiziklər də elədir. Amma konkret elmdən fəlsəfəyə gələndə bir dünya görüşünə sahib olursan, sırf fəlsəfi təhsil alanda isə başqa bir düşüncəyə sahib olursan. İkinci bir tərəfdən elmin metodologiyasından fəlsəfi məsələlər yanaşmaq bir mənzərə yaradır, fəlsəfənin öz aspektindən problemlərə yanaşmaq başqa bir mənzərədir. Məsələn, Kant, Hegel sırf klassik fəlsəfi təfəkkürlə işləyən insanlar olublar, onların yaratdıqları fəlsəfi sistemlər dünyaya məlumdur. Ancaq müasir elmin fəlsəfəsindən gəlmiş adamın fəlsəfənin aktual problemlərinə elmi metodla yanaşması tamamilə başqa nəticələr verə bilər. Bu yanaşmanın özünün nə dərəcədə fəlsəfi olub-olmaması, onun metodoloji incəliklərinin dərkinin özəlliyi aktuallığını saxlayır. Bu mənada sovet dönəmində Azərbaycanda elmin, fəlsəfəsinin hansı maarifçilik rolu olub. Bu baxımdan fəlsəfənin Azərbaycan cəmiyyətindəki funksiyası, yeri məsələsi kifayət qədər ciddidir, bunun üzərində düşünmək lazımdır.
Azərbaycanda fəlsəfi təfəkükrün inkişaf etdirilməsi və onun sosial, siyasi, iqtisadi, mədəni həyata tətbiqi intensiv surətdə aktuallaşdırılmalıdır. Çünki biz gələcəyimizi düşünürksə, ölkədə sürətlə gedən dəyişikliklərin hansı nəticələr verə biləcəyi haqqında ümumi mənzərə yarada bilmiriksə onda sabahımız haqqında tam aydın təsəvvürə malik ola bilmərik. Buna görə də fəlsəfə fizika, riyaziyyat, informasiya elmi qədər Azərbaycan üçün əhəmiyyəti, aktuallığı olan bir fəaliyyət sahəsidir. Bu mənada modernləşmə prosesinin dərki, multikulturalizmin bizim cəmiyyətdə yarada biləcəyi mənzərənin fəlsəfi olaraq öncədən görülməsi və onun paroqnozlaşdırılmasıdır.

- Bu proses hansı yeni vəzifələr qarşımıza qoyur?
- Azərbaycan cəmiyyətində mənəvi və mədəni həyatın öyrənilməsində fəlsəfənin rolunu. O cümlədən onun etik aspektinin olduqca əhəmiyyəti vardır. Bilirsiniz ki, indi kənardan olan təsirlər nəticəsində cəmiyyətdə ənənəvi mövqedən çəkilmək kimi bir şeylər görünür. İnsanların düşüncə tərzi dəyişir, hər kəs fikrini sərbəst ifadə etmək imkanına malikdir. Hər kəs davranışında əvvəlki ümumi sosial kollektiv qarşısındakı məsuliyyəti dərk etməyə bilər, aldığı informasiyaların təsiri altında Azərbaycanın milli dəyərləri və müasirlik barədə fikirləri arasında fərqlər, ziddiyyətlər yarana bilər. Bütün bu proseslər cəmiyyətdə unikallaşmanı, bir tərəfdən də müxtəlif fikirləri meydana atır, o biri tərəfdən də sual yaranır ki, bəs bu, cəmiyyətin bütövlüyünü necə saxlaya bilir? Bir var cəmiyyət bir sistem, bütöv halında demokratik dəyərlər, şərtlər gözlənilməklə özünü inkişaf etdirə bilir. Bir də var cəmiyyəti bu cür təsirlər nəticəsində ayrı-ayrı insanların sadəcə yığınına çevirirsən.Yəni onların hərəsinin öz fikiri, öz mövqeyi olur. Bu mövqeyi birləşdirən ortaq bir mexanizm yoxdur. Bu təhlükəli bir şeydir, cəmiyyətin dağılması deməkdir. Heç kim istəməz ki, özünün yaşadığı cəmiyyət dağılsın. Azərbaycan cəmiyyətinin özünün mədəni özəlliyi var. Bu mədəni özəlliyi bütöv tam halında saxlamaq, yəni fərqliliyi ifrat dərəcədə şişirdib ümumi ortaq şeylər arxa plana atmaq böyük təhlükələrə gətirə bilər. Multikulturalizmin təhlükələrindən biri də bundan ibarətdir. Ona doğru yanaşmadıqda o cəmiyyətin parçalanmasına, ayrı-ayrı fərqliliklərin sadəcə mexaniki yığını halına gətirə bilər ki, bu da təhlükəli bir tendensiyadır.

- Belə təhlükəli hal almaması üçün çıxış yolu varmı?
- Bunun belə olmaması üçün dövlət başçısı İlham Əliyev I Humanitar Forumda çıxışında çox gözəl bir tezis irəli sürüb: Azərbaycan lap qədimdən vahid mədəniyyətə, bütöv mədəniyyət sisteminə malikdir və bu indi də saxlanılmalı, qorunmalı, inkişaf etdirilməlidir. Bunun üçün milliliklə müasirlik arasında daim vəhdət, birlik təmin etmək lazımdır. Deməli, multikulturalizmin özü də, fikir müxtəlifliyin də, müxtəlif fərqli mədəniyyətlərə hörmət eləməyin özü üzərində də duran bir şərt var, cəmiyyətin bütövlüyü, Azərbaycanın milliliyi saxlanılmalı və qorunmalıdır. Bilirsiniz ki, Azərbaycanın bu bütövlüyünün, mədəni milliliyinin mərkəzində türk mədəniyyəti durur. Bütün hallarda fərqli mədəniyyətlərə yüksək qiymət vermək lazımdır. Cəmiyyəti tarixdən gələn türk mədəniyyətlərinin transformasiyaları prosesindən ayrı təsəvvür etmək mümkün deyil. Yoxsa bu, cəmiyyəti dağıda, parçalaya bilər. Bu mədəniyyəti birləşdirən ənənədən gələn meyarlar var; müasirliyi, mövqe fərqlərini gözləməklə onu saxlamaq və inkişaf etdirmək lazımdır.

- Füzuli müəllim, Azərbaycan fəlsəfi elmi dünya fəlsəfəsi ilə ayaqlaşa bilirmi?
- “Dünya fəlsəfə elmi” anlayışının üzərində düşünlməlidir ki, dünya fəlsəfə elmi nə deməkdir? Birinci, məsələ ondan ibarətdir ki, Qərbin fəlsəfəsi inkişaf etmiş regionların –məsələn, Rusiyanın, Çinin və Latin Amerikasının fəlsəfəsindən fərqlənə bilər. Ümumiyyətlə, müasir insanın fəlsəfi düşüncə tərzindən söhbət gedirsə, burada qarşılıqlı əlaqələr o qədər inkişaf edib ki, onlar arasında elə də bir fərq yoxdur. Yəni, dünya fəlsəfəsi üçün aktual olan nə məsələlər varsa o həm də Azərbaycana aiddir. Burada Azərbaycan fəlsəfəsi anlayışı üzərində daha çox dayanmaq lazımdır. Çünki biz fəlsəfi təfəkkürümüzü müasirləşdirməliyik, o mənada ki, indi dünya üçün aktual olan fəlsəfi problemlərin həm də Azərbaycanda öyrənilməsi əhəmiyyət kəsb edir ki, biz də fəlsəfi təfəkkürün dinamikasından kənarda qalmayaq. Eyni zamanda, biz milli - yerli şəraitin aktuallaşdırdığı problemlərin fəlsəfi dərkinə daha çox diqqət yetirməliyik ki, cəmiyyətin, dövlətin qarşısında duran məsələlərin həllinə töhfə verə bilək. Bu iki prosesin qarşılıqlı sintezi əsasında Azərbaycanda fəlsəfənin təkamül dinamikasına baxa bilərik. Mənim qənaətimə görə bu dinamika digər regionların dinamikasından heç də geri qalmır, xüsusilə də postsovet məkanında Azərbaycan fəlsəfi düşüncə sahiblərinin fikirləri maraqla qəbul olunur. Təbii ki, burada bir şeyi də demək lazımdır. Amma bu o demək deyil ki, biz fəlsəfənin indiki vəziyyətindən razıyıq. Xeyr, bunu demək istəmirəm. Sadəcə onu deyirəm ki, intellektual imkan, intellektual potensial və öyrənmə həvəsi baxımından Azərbaycan fəlsəfə düşüncə sahibləri digərlərindən geridə qalmırlar. Geridə qalan şeylər isə artıq təşkilati məsələlərdir. Yəni, bu prosesi sistemləşdirib, təşkilatlandırıb daha çevik qaydada cəmiyyətdə gedən proseslərin öyrənilməsi və dünya fəlsəfəsində gedən proseslərlə qarşılıqlı əlaqədə yeni səviyyəyə qaldırmaq, bu artıq fəlsəfi fəailiyyətin təşkili ilə bağlı olan məsələdir.

- Azərbaycan fəlsəfəsi kürəyini hara söykəməlidir – Şərq, yoxsa Qərb fəlsəfəsinə, yaxud da hər ikisinə?
- Azərbaycan unikal mədəni-geosiyasi bir məkanda yerləşir. Azərbaycan fəlsəfəsi onların heç birinə kürəyini söykəməməlidir və heç birindən də imtina etməməlidir. Hər ikisinin müsbət cəhətlərindən bəhrələnərək özünün fəlsəfi düşüncə ənənəsinin üzərində fəlsəfi təfəkkürünü inkişaf etdirməlidir. Heç birini inkar etmədən və heç birinə tam aludə olmadan özünün qədimdən gələn fəlsəfi düşüncə mədəniyyəti üzərində müasir səviyyədə fəlsəfi nəzəriyyələr, sistemlər yarada bilər. Bunun üzərinə istiqamətlənmək lazımdır. Amma bunun üçün də etiraf edək ki, özümüzün fəlsəfi ənənəmizi qədimdən başlayaraq daha dərindən öyrənməliyik. Bununla yanaşı, həm Qərb, həm də Şərq fəlsəfəsinə daha da peşəkar səviyyədə yanaşıb onları da öyrənməliyik. Bir şeyi də qeyd edim ki, burada Rusiya fəlsəfi fikrini də kənara qoymaq olmaz. Çünki iki əsrə yaxın Azərbaycan oranın ictimai-fikri ilə yaxın olub. Bunu da kənara atmaq bizim üçün müsbət nəticə verməz.

- Füzuli müəllim, özümüzün fəlsəfi ənənəmizi qədimdən başlayaraq daha dərindən öyrənməliyik, deyirsiniz. Dərindən öyrənə bilirikmi? Azərbaycanın qədim fəlsəfi təfəkkür sahiblərinin xətti bu gün davam edirmi?
- Mənə elə gəlir ki, kifayət qədər davam etmir. Səmimi deyim ki, bu suala tam cavab verə bilmirəm. Çünki burada bir tərəfdən o dövrü öyrənməyə maraq artıb. Digər tərəfdən isə o dövrü daha yaxşı öyrənmək üçün ərəb və fars dillərini bilmək lazımdır ki, orijinaldan oxunsun. Rəhmətlik filosof Zakir Məmmədov bir neçə əsəri tərcümə etmişdi, öyrənmişdi. Qeyd edim ki, bu sahəyə marağın artmasında Zakir Məmmədovun xüsusi rolu olub. Bununla yanaşı siz dediyiniz mənada meydana yeni-yeni tələblər çıxır, hər şey sürətlə dəyişir. Bizim fəlsəfi ənənəmizə daha çox yenidən nüfuz edib, geniş aspektdə yeni adları meydana çıxararaq, orijinaldan özümüz oxuyaraq, tədqiq edərək o sahəyə diqqətimizi artırmalıyıq. Bəzən seminarlarımızda da belə suallar meydana çıxır və bir çox tədqiqatçılarımız haqlı olaraq deyirlər ki, Nizamini bizə Bertels tanıdıb, bəs o sahənin mütəxəssisi nəyə görə ərəb və fars dillərini öyrənib onu özü tədqiq etmir? Məsələn, Xəqani və digərilərini orijinaldan öyrənmişikmi, onun yaradıcılığını, fəlsəfəsini dərk etmişikmi? Ona görə də bu suallara cavab verməkdə çətinlik çəkirəm. Siz soruşa bilərsiniz ki, bəs siz nəyə görə bu dilləri öyrənib onları tədqiq etmirsiniz? Sizə cavabım belə olar ki, mən o səhənin adamı deyiləm. Mən müasir elmi nəzəriyyələrdən, istiqamətlərdən olan sinergetikanın fəlsəfəsi ilə bağlı məşğul oluram və indiyə qədər aldığım təhsil də bu sahədə daha çox nəsə edə biləcəyimi göstərir. Amma bu o demək deyil ki, hər kəs yaxasını kənara çəkməli və digərləri məşğul olmalı deyillər. Fəlsəfə tarixi üzrə mütəxəssislərimiz var, onlar o sahəyə nüfuz edib dili öyrənməlidirlər. Gənclərimiz latın, qədim Yunan, ərəb, fars dillərini öyrənə bilərlər. Biz o imkanları buraxdıq. Bizim nəsil filosoflar qədim Yunan dilini bilmir, ona görə də Platonu, Aristoteli orijinaldan oxuya bilmirik. Nəinki Platonu, Aristoteli, heç özümüzün fəlsəfi fikir tariximizi orijinalda oxuya bilmirk. Etiraf edim ki, böyük nöqsandır, bizim nəsil filosofların ən zəif cəhətlərindən biridir, təbii ki, bir-iki nəfər istisna təşkil edir.

- Görünür, bu problemin öhtəsindən gəlmək üçün ali məktəblərdə bu sahədə çalışacaq mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün ərəb və fars dilləri ilə yanaşı qədim dillər də tədris edilib öyrədilməlidir.
- Sizin dediyinizlə böyük mənada razılaşıram. Bəli, ərəbi, farsı, yunan, latın, türk, rus və s dilləri öyrənməliyik. Məsələn, mən orta əsr Azərbaycan fəlsəfi fikrini öyrənmək istəyirəmsə, onda mən türkü, ərəbi, farsı mütləq bilməliyəm. Yaxud da qədim Yunan fəlsəfəsi üzrə ixtisaslaşıramsa qədim Yunan, latın dilini bilməliyəm. Alman fəlsəfəsi üzrə ixtisaslaşıramsa, Hegeli, Kantı öyrənmək sitəyirəmsə alman dilini bilməliyəm. Çin fəlsəfəsi üzrə yönələn isə çin dilini bilməliyəm. Və bu sahədə bizim təhsil sistemimizdə fəlsəfə üzrə ixtisaslaşan adam qeyd etdiyimiz dilləri öyrənməlidir. Amma bu o demək deyil ki, hamısı poliqlot olmalıdır. İstiqamətdən asılı olaraq yanaşmalıdırlar. Və qeyd edim ki, ixtisas üzrə o dili orijinalda oxumaq çox mühüm şərtdir.

Rəşad Sahil