07.11.2022, 06:11 - Baxış sayı: 369

Qəlbidəki şəhər – Əziz Şuşa, sən azadsan!


Asya Əhmədova

1992-ci ilin 8 may günü doğma kəndimizin səmalarında aramsız uçuşan helehopterlərə baxıb həyəcanla nə baş verdiyini anlamağa çalışırdıq. Əvvəl söz gəzdi ki, bizimkilər hücuma keçib, düşməni geri oturdublar. Çox sevinirdik, bizə elə gəlirdi ki, bu hücumlar nəhayət ki, Dağlıq Qarabağ probleminə birdəfəlik son qoyacaq. Lakin sevincimiz uzun sürmədi. Bir-birinin ardınca bəd xəbərlər gəlməyə başladı. Bizimkilər yox, ermənilər hücuma keçib, Şuşa uğrunda ağır döyüşlər gedir və daha pisi isə Şuşa işğal olunub. Şuşanı itirmək elə Dağlıq Qarabağı itirmək mənasını daşıyırdı. Hər kəs çox pərişan idi. Bütün ümidlər puç olmuşdu. Axı müəllimlərimiz hər zaman deyirdi ki, Şuşa heç vaxt düşmənə təslim olmayıb, yenə də olmayacaq. Şuşanı görən yaşlılardan isə eşidirdik ki: “Şuşa qəlbidədir, oranı ala bilməzlər”. Hər kəs kədər içində, dərin acı və təəssüflə deyirdi ki, əgər Şuşa əldən gedibsə onu geri almaq çox çətin olacaq, ya da heç mümkün olmayacaq.
Sonrakı neçə gün məktəbimizin yola açılan pəncərələrindən köç edən maşın karvanlarını izləməklə keçdi. Ən tələbkar müəllimlərimiz belə bizi dərslə məşğul olmağa məcbur etmirdi. Çünki ilk dəfə idi belə köç karvanı görürdük. Çünki Şuşa işğal olunmuşdu. Köç edənlərdən biri başını maşınin pəncərəsindən çıxarıb çaşqınlıqla baxan camaata: "Başınıza çarə qılın, sizi də bu günə qoyacaqlar" - demişdi. Çox təəccüblənmişdik. Axı, biz Dağlıq Qarabağda yaşamırdıq. Amma çox təəssüf ki, düz bir il beş aydan sonra o adamın dedikləri baş verdi. Biz də şuşalılar kimi öz doğma evimizi tərk etməli olduq...
Evimizi itirsəkdə, ümidimizi itirmədik. Çətin də olsa bir gün yenə geri dönəcəyimizə əmin idik. Geridönüşün ən mürəkkəb məqamı isə “Şuşa qəlbidədi, onu geri almaq çox çətin olacaq” – ifadəsinin gerçəkliyi idi.
Nəhayət, ümidlə gözlədiyimiz o gün gəldi. Birinci Qarabağ müharibəsində iki il ərzində işğal edilən, 28 il işğal altında qalan Vətən torpaqları Ali Baş Komandanın əmri ilə cəmi 44 gündə azad edildi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. 44 gün ərzində düşmənin texnikası tamamilə məhv edilərək, canlı qüvvəsinə ciddi zərbə vuruldu, 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu.
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”-deyirdi, Ulu öndər Heydər Əliyev. İkinci Qarabağ müharibəsi zamanı mədəni əhəmiyyəti və əsas coğrafi üstünlüyünə görə Şuşaya nəzarət etmək həm Azərbaycan, həm də Ermənistan üçün çox vacib sayılırdı. Odur ki, məqsədə çatmaq üçün müharibənin ən həlledici döyüşü də məhz Şuşada baş verdi.
Müharıbənin gedişində Azərbaycan xüsusən qabaqcıl PUA-lar və uzaqmənzilli döyüş vasitələrindən istifadə edərək hərbi üstünlüyü ələ alırdısa, alınmaz qala hesab edilən Şuşanın azad edilməsi daha çox əlbəyaxa döyüşlərlə həyata keçirilirdi. Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün 28-30 oktyabr tarixləri arasında Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridilir. Məlumata görə, xüsusi təyinatlılar yüz nəfərlik qruplara bölünərək, fərqli hədəflər və bir çox istiqamətdən şəhərə yaxınlaşıblar. Azərbaycan XTQ-nin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından piyada irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar.
Erməni komandanlığı Şuşanı hədəfləmiş Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, çünki, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxırdı. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirərək artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilir. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırır. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçirlər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxırlar. Erməni ordusu isə hücumu şəhər istiqamətindəki əsas yollardan gözlədiyindən bütün gücünü bu yollara cəmləmişdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxıb, yarğanlardan keçib şəhərə girirlər. Şəhərə girən xüsusi təyinatlılar müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başlayırlar. Şuşa uğrunda döyüşlər üzbəüz, binadan-binaya aparılır. Noyabrın 7-də səhər saat 09.00-da Şuşaya Ermənistan tərəfindən İsgəndər ballistik raketi atılır. Raketin hədəfi azərbaycanlı hərbçilər olsa da, raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşür.
Ermənistan qüvvələri 7 noyabr günortadan sonra şəhərdən çıxarılmış və 8 noyabr səhəri Azərbaycan qüvvələri şəhərin kənarında əməliyyatlara davam etmişdir.
Zirvədəki Şuşa, yüksəkdəki Şuşa, qəlbidəki Şuşa və qəlbimizdəki Şuşa beləcə azad olur. Bu, Vətən müharibəsinin gedişində təpədən dırnağa qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqının həyəcanla gözlədiyi xəbər idi. Şuşanın azadlığı uğrunda 357 vətən övladı canından keçdi.
Qan yaddaşımızı təkrarlamaq üçün qeyd edək ki, Şuşa işğal edilərkən 195 dinc sakin şəhid olmuş, 165 nəfər yaralanmış, 114 azərbaycanlı ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış və sonradan xüsusi qəddarlıqla qətlə yetirilmiş, şəhərin 58 sakini isə itkin düşmüşdür. Burada yaşayan 25 min nəfərədək azərbaycanlı əhali öz ev-eşiyindən didərgin düşərək ölkənin müxtəlif rayonlarına səpələnmişdir.
Hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev deyir ki, “Ermənilərin özləri də deyirdi ki, Şuşa kimdədirsə, Qarabağa nəzarət ondadır. Biz də bunu bilirdik. Amma heç bir xarici hərbi mütəxəssis belə 45 gün müddətinə Şuşaya Azərbaycan bayrağının sancılacağını güman etmirdi. Şuşanın geri alınmasının 2-3 ay çəkəcəyi, bəziləri isə bu məsələnin yaz-yay aylarınadək uzanacağını ehtimal edirdi. Göründüyü kimi, Azərbaycanın hibrid metodlarla – hava, quru ərazilərdən hücumu münaqişənin tez başa çatmasını şərtləşdirdi. Şuşanın alınmasından sonra düşmənin tələsik kapitulyasiyaya əl atması qüvvələrinin sağ qalması ilə nəticələndi. Baxmayaraq ki, kapitulyasiyanın şərtləri Ermənistan üçün çox ağır idi. Ermənistan Kəlbəcər, Laçın və Ağdamı bu kapitulyasiya nəticəsində itirdi. İndiki Dağlıq Qarabağ hazırda Azərbaycan ərazisində üzüyün ortasındakı bir qaş kimi görünür. Digər tərəfdən ermənilər sovet vaxtı yaradılmış muxtar vilayət statusunu itirdilər. Bu əməliyyatlar sayəsində onların əvvəl müstəqillik, daha sonra muxtariyyət istəklərini gözlərində qoyduq. Halbuki əvvəlki baza prinsipləri qəbul edilsəydi, qan tökülmədən hansısa muxtariyyət forması bəlkə də ala bilərdilər…”
Düşmən həm Şuşanı, həm də diğər ərazilərimizi 30 ilə yaxın işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi təhqir etdi. Bu gün isə Şuşa və işğaldan azad olunan digər ərazilərimiz yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Barəsində “Sən tarixin özüsən, Azərbaycanın gözüsən” deyə bəhs etdilən, “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” adlandırılan Şuşanın düşməndən azad edilməsi Azərbaycan Ordusunun, azad edilmiş Şuşanın yenidən qurulması isə Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə və 8 noyabrda Şuşa üzərində qələbə və nəzarəti elan edərəkən söylədiyi ifadələrlə bağlıdır:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Azadlığln mübarək, Əziz Şuşa! Azadlığın mübarək, Qəlbidəki Şəhər! Səni dirçəltmək üçün qayıdanlar əbədi səninlə qalacaq!