31.05.2022, 11:16 - Baxış sayı: 451

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq forumda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq forumda iştirak ediblərQazaxıstanın Almatı şəhərində Beynəlxalq Türk Akademiyası və İslam Əməkdaşlıq Təşkilatının, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə beynəlxalq elm və texnologiya forumu keçirilib.
Forumun təntənəli açılışında Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, İƏM-in elm və texnologiya üzrə daimi komitəsinin (COMSCTECH) baş əlaqələndiricisi İqbal Çudaxri, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuyimbayev, Qazaxıstan Respublikasının təhsil və elm naziri Kuanış Yerqaliyev, TURKSOY-un Baş katibi Sultan Rayev, İnsan Hüquqları üzrə Pakistan Senatının daimi katibi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin icraçı direktoru Çi Fan, müsəlman və türk ölkələrinin diplomatik korpuslarının rəhbərləri çıxış ediblər.
Beynəlxalq tədbirdə Məhəmməd İqbalın Beynəlxalq Türk Akademiyası tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “İslam düşüncəsinin rekonstruksiyası”, Əl Farabinin “El-Farabi Kitabu'l Musika'l-Kebir”, urdu dilində “İqbal ensiklopediyası” kitablarının, həmçinin 2020-ci ildə İslamabadda keçirilən qlobal forumda edilən məruzələrin yer aldığı nəşrin təqdimatı keçirilib.
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Böyük Britaniya, Rusiya, Tacikistan və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin tanınmış alim və tədqiqatçıları, ekspertlərinin qatıldığı forumda onlayn iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə “Mədəniyyətlərarası kommunikasiyaların fəlsəfi problemlərinə dair” və Fəlsəfə və Sosiologiya İnstitutnun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Məhəmməd İqbal fəlsəfəsinin Azərbaycanda iki aspekti” adlı məruzə ilə çıxış ediblər.