04.12.2021, 11:04 - Baxış sayı: 994

Hüququn fəlsəfi mövzuları: təbii, pozitiv, tarixi, ictimai, analitik və fəlsəfi məktəblərin ictimai-siyasi, etik və psixoloji prinsipləri


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
pashayeva.ph@mail.ru

Hüququn fəlsəfəsində tədqiq olunan fəlsəfi mövzular, xüsusi ilə məktəblər (doktorina) təkcə hüquq elmi ilə deyil, həm də ictimai-siyasi, etik və psixoloji elmlərlə də sıx bağlılığı vardır. Bu məktəblərdə irəli sürülən ideyalar hüquq, dövlət və ictimaiyyət arasında olan əlaqələrə təsir etmiş və zaman keçdikcə öyrənilməsinə ehtiyac olmuşdur. Hüququn fəlsəfəsində geniş təhlil olunan məktəblər müəyyən olunmuş qanunları əhatə etməklə yanaşı, həm də etik normaların göstəricisidir. Burada əsas məqsəd hüquq və hüquqla bağlı olan vəzifələri təkcə qanunlar çərçivəsində deyil, həm də ictimai-siyasi, etik və psixoloji məsələləri əhatə edən bir elm kimi göstərməkdir. Digər tərəfdən isə, bu məktəblərin əsas hədəfi təkcə hüquq və qanunlar arasında olan fərqli cəhətləri də izah etmək deyil, ən əsas hədəf haqların bütün zamanlarda insana başçılıq etdiyini və insanı müəyyən olunmuş sistemə tabe etdiyini göstərməkdir. Təbii ki, bu sistem – hüquq bütün dövrlərdə, həmin dövrə uyğun olaraq müxtəlif adlarla adlandırılmışdır. Hazırki məqalədə hüququn fəlsəfəsində tədqiq olunan əsas məktəblərə diqqət olunmuş, burada olan təbii, pozitiv, tarixi, ictimai, analitik və fəlsəfi məktəblərin ictimai-siyasi, etik və psixoloji prinsipləri, bunların arasında olan fərqli cəhətlər həm hüquqi və həm də fəlsəfi aspektdə təhlil olunmuşdur.

Açar sözlər: hüququn fəlsəfəsi, təbii, pozitiv, tarixi, ictimai, analitik, fəlsəfi məktəblər, etika, ictimaiyyət.

Giriş: Hüququn fəlsəfəsini tədqiq edərkən mühüm bir məsələyə diqqət etmək zəruridir. Məlum olduğu kimi insan ictimai bir varlıqdır, insan özünün ictimai bir varlıq olduğunu qorumağa çalışır və istəyi də odur ki, insanlar arasında olan qaydalara rəhbərlik etsin. İctimai-siyasi məsələlərə və tarixi hadisələrə nəzər saldıqda hüquq məfhumunun dövlətlə çox yaxın əlaqəsi olduğunun şahidi oluruq. Dövlət yarandığı vaxtdan hüquqla bağlı olan məsələlərə, o cümlədən ictimai nizam-intizama ehtiyac olmuşdur. Şübhəsiz ki, hüququn əsas hədəfi bütün sahələrdə nizam-intizam yaratmaqdır. Amma bu nizam-intizamın yaranmasında müəyyən bir struktur mövcuddur ki, hüququn fəlsəfi məktəblərində geniş tədqiq olunmaqla yanaşı, həm də mühüm mövzulardan hesab olunur. Hüququn fəlsəfəsində təhlil olunan məktəblər barəsində müxtəlif fikirlər mövcuddur və hər bir tədqiqatçı və alim mənsub olduğu xüsusi metodlara uyğun olaraq bunları əks etdirmişdir. Hüquqşünaslar və hüquqşünas filosoflar (legal philosophers) ictimaiyyəti bir sıra mövzulara diqqət etməyə sövq etmişlər: hüquq, hüququn fəlsəfəsi, hüquq nəzəriyyəsi, qanun nəzəriyyəsi, hüquq elmi, qanunun fəlsəfəsi, hüquqi doktorinalar (məktəblər) və hüquqi qanunlar. Bu mövzular içərisində hüquqi məktəblər mühüm mövzulardan biri hesab olunur və hüququn fəlsəfi tarixində xüsusi metodlara uyğun olaraq öyrənilir. Hüquqi məktəbləri təhlil edərkən ilk olaraq mühüm suallarla qarşılaşırıq: hüquq ictimai sabitlik, yəni nizam-intizam yaradır ya dövlətin davamlı olmasını qoruyur? Digər sual isə bundan ibarətdir ki, hüquq ancaq ədalətə söykənir ya hər hansı bir şəxsə haqq və vəzifələri anladır? Bu suallara aşağıdakı məktəblərdə cavab verilmişdir. Amma əsas mövzuya keçməzdən əvvəl burada təhlil olunacaq məktəblərin əsas prinsiplərinə diqqəti yönəltməliyik. Ümumiyyətlə, hüququn fəlsəfi aspektlərini təkcə əqli (təfəkkür) və qanunlar çərçivəsində öyrənmək mümkün deyil, bəlkə burada bəzi filosof hüquqşünasların təbii, tədqiqi, tarixi, ictimai, analitik və fəlsəfi məktəblərdə daha çox qeyd olunan məsələlərə diqqəti yönəltməliyik. Çünki hüquq və fəlsəfə arasında olan bağlılıq və həm də bəzi hallarda ayrılığın səbəbləri məhz bu doktorinalarda mövcud olan qaydalara əsaslanır.
Tədqiqatın hədəfi: Məlum olduğu kimi hüquq və fəlsəfə bütün dövrlərdə tədqiq mənbəyi olmuşdur. Hələ qədim yunan fəlsəfəsindən başlayaraq, orta əsrlərə qədər gəlib çatan hüquqi normalar və bunların mühüm aspektləri, təkcə hüquqşünasları deyil, filosofları, sosioloqları, tarixçiləri və həmçinin siyasətçilərin də diqqətini cəlb etmiş və bunun da əsasında müxtəlif ideyalar irəli sürərək bir sıra məktəblərin yaranmasına səbəb olmuşlar. Hazırki dövrümüzdə də hüquq və fəlsəfə arasında olan nisbəti daha dərindən öyrənmək üçün bu məktəblərin təhlilinə və öyrənilməsinə ehtiyac vardır.

İdeal və Real məktəblərin əsas prinsipləri

Yuxarıda qeyd olundu ki, hüququn əsas hədəfi nizam-intizam yaratmaqdır və dövlət yarandığı vaxtdan hüquqi məsələlərə ehtiyacı olmuşdur. Diktator dövlətlərdən qorunmaq üçün mühüm suallar qarşıya çıxır: hüququn məqsədi təkcə ictimai nizam-intizamı yaratmaqdır ya ədalətin olmağı da şərtdir? Burada hər hansı bir şəxsin hüququ və vəzifəsi mövcuddurmu? Bu suala iki məktəb arasında müxtəlif formada cavab verilir. İdeal məktəbin tərəfdarları hüququn əsas mənbəyini əsil ədalət hesab edirlər; yəni qanunverici gərək ədalətə uyğun qanun qəbul etsin və cinayətkarın da vəzifəsi ondan ibarətdir ki, verilən ədalətli qərarı qanun çərçivəsində yerinə yetirsin. Qanun keşikçiləri buna əməl etməyə borcludur və onlar hökumətin göstərişlərini ədalətə uyğun yerinə yetirməlidirlər. Əgər hər hansı bir qayda özünün əsli mənbəyinə (ədalətə) söykənmirsə bu halda ona qanun demək olmaz, bu yalnız qanundan bir şəklə və ya formaya dəlalət edir. Əgər hər hansı bir şəxs belə bir qanuna tabe olsa, onda bu məsələdə öz vicdanına əsasən hüquqi bir vəzifəsi olmamış hesab olunur. Hüququn prinsiplərinə tabe olmaq hökumətin iradəsi və göstərişləri əsasında deyil, bəlkə bu prinsip ədalətə uyğun olduğu üçün ona tabe olmaq zəruridir. Bu prinsiplərə əməl olmalıdır ki, insanlar arasında həmişə ümumi sabitlik, ədalət bərpa olunsun və bütün hallarda qorusun. İdeal məktəbin üstünlüyü ondadır ki, bu məktəbin prinsipləri zülm və ədalətsizliyin qarşısını almaq qüdrətinə malikdir və bu məktəb tərəfdarları təbii qaydaların mövcudluğuna etiqad etmişlər. Onların fikrincə, təbii hüququn prinsipləri və ona daxil olan qaydalar hökumətin iradəsindən üstündür və dövlətlər vəzifə olaraq bunları qəbul etməli və yaradılan hüquqi prinsipləri himayə etməlidirlər (1.c.1.s.40).
Amma real məktəbin tərəfdarları hüququn yaranmasını və onun prinsiplərini hər bir cəmiyyətdə tarixi proseslərin və hökumətin göstərişləri əsasında yarandığını bildirmişlər. Elə buna görə də ideal nəzəriyyə “fitri və ya təbii hüquq” və realist nəzəriyyə isə “tədqiqi və ya pozitiv” hüquq nəzəriyyəsi adlandırılmışdır. Real məktəbin nümayəndələri iddia edirlər ki, hüququn məqsədi hökumətin güc və qüdrətini ifadə etmək və ümumi vicdanı qorumaqdır, nəinki ədalətə əsasən qanunlar qəbul etmək. Hüququn prinsipləri dövlətin iradəsinə söykənərək (istər ictimai nizam-intizamı qorusun ya ədaləti icra etsin) həmişə diqqət mərkəzindədir. Belə olan halda ola bilməz hər hansı bir şəxs ədalətsizliyi bəhanə gətirərək hüquqi qaydaların icra olunmasından yayına və ya bu tələblərin qarşısında müqavimət göstərə (1.c.1.s.40-41). Real məktəbdə mənəvi dəyərlərdən və fəlsəfi ideyalardan daha çox maddi və mövcud reallığa diqqət olunur. Bu inkar olunmaz bir həqiqətdir ki, hakim təbəqə digərlərini hüquqi qaydaların yerinə yetirilməsinə məcbur edir və insan çarəsiz olaraq əmrə tabe olur. Amma bunları təhlil etdikcə belə bir fikir zehnimizdə yaranır ki, hüquq insanın daxili istəyidir və insan bu istək və meyllər əsasında irəliləyir və heç bir hüquqi hədəfə əsaslanmır.

Təbii (Natural Law) və Tədqiqi (Positive of Law ) hüquq arasında fərqli cəhətlər

Hüququn fəlsəfi mövzuları dedikdə, burada təhlil olunan əsas iki məktəb nəzərdə tutulur ki, bunlardan biri təbii hüquq və digəri isə tədqiqi hüquqdur. Təbii hüquq tərəfdarları iddia edirlər ki, hüquq ağıla əsaslanaraq təbii və ya fitri olaraq yaranmış, hökumətin iradəsindən və insanın tələblərindən daha üstündür. Qanunverici orqan çalışmalıdır ki, bunları öyrənsin və özünün prinsiplərinə uyğun olaraq yerinə yetirsin. Bundan əlavə, təbii hüquq sabit, dəyişməyən qanunlara deyilir ki, insanın tələb etdiyi məqsəddən deyil, məhz təbii ehtiyacdan yaranır və qanun müdafiəçisi bunları mənimsəyərək əməllərində tətbiq etməklə, həm də həlli yollarını göstərir. Amma tədqiqi hüquq tərəfdarları bunları qəbul etməyərək hüquq və qanunların təbii ehtiyacdan deyil, məhz qanunvericilik tərəfindən yarandığını bildirmişlər. Tədqiqi hüquq müəyyən zamanda ictimaiyyət üzərində başçılıq edən qanunların toplusudur ki, icrası dövlət təşkilatları tərəfindən tənzimlənir. Təbii və tədqiqi hüquq barəsində mütəfəkkirlərin fikirləri olduqca maraqlıdır. Onların fikrincə, ibtidai cəmiyyətlərdə İlahi və ictimai qanunlar arasında fərq qoyulmurdu və bu qanunlar təbiətin bütün məsələlərinə aid edilirdi. İlahi qanunlar demək olar ki, bütün məsələləri əhatə edərək hakimlik qüdrətinə malik idi. Amma zaman keçdikcə tədricən bu iki sistem (İlahi və ictimai qanunlar) bir-birindən ayrıldı (2.p. 70). Əlbəttə inkar etmək olmaz ki, təbii hüququn prinsipləri barəsində müəyyən ixtilaflar da mövcuddur, amma qədim mütəfəkkirlər təbii hüququ qanunvericiliyin iradəsindən və tədqiqi hüququn prinsiplərindən daha üstün olduğunu əsərlərində təkidlə yazmışlar (3.s.67). Aristotel təbii hüququ pozitiv hüquqla müqayisə edərək, təbii hüququ təbii olaraq İlahi tərəfindən yarandığını yazmışdır. Aristotelin nəzəriyyəsinə əsasən aləm və insan səbəbsiz olaraq yaranmamışdır; müşahidə və təcrübə varlıq aləminin mövcudluğunda özünü göstərərək müəyyən bir hədəfə doğru hərəkət edir. Insan təbiət üzərində olan hakim qüvvəni dərk edərək tanımalı və onunla birlikdə yaşamalıdır (4.c.1.s.27).
Rəvvaqi (Stoics) məktəbinin də təbii hüququn mövcudluğu barədə maraqlı düşüncələri mövcuddur. Bu məktəbin tərəfdarlarının fikrincə, insan təbiətin hökmü ilə əbədi qanunun tərəfdarıdır və insanın səadəti təbiətlə uyğundur. İnsan mövcud aləmin sakinidir və bu böyük aləmə bağlılığı vardır (5.s.46). Romalı siyasətçi və hüquqşünas Sisero (Marcus Tullius Cicero (106-43 m.ə.) təbii hüququn mahiyyətini açıqlayaraq, bu hüququn tərəfdarı olduğunu bildirmişdir. O, davam edərək yazır: insanın ağıl və fitrəti əsasında yaranan sabit və dəyişməz qanun bütün zamanlarda və məkanlarda mövcuddur. Hər hansı bir şəxs bu qanuna tabe olmasa özündən qaçmış hesab olunur və insan təbiətini gözdən salır. Təbiət nəinki həqiqi qanunu yaradır və bunu ictimaiyyətdə tətbiq edir, hətta insan təbiəti elə yaranmışdır ki, təbii qanunları dərk edir və həmçinin bu qanunlarla birlikdə olmaq qüdrətinə malikdir. Əlbəttə, təbii qanunlara müvafiq olduğu halda tədqiqi qanunun da tələblərinə müəyyən hədd əsasında riayət etmək lazımdır. Amma təkcə tədqiqi hüquqla kifayətlənsək belə olan halda zorakılıq hökm sürəcəkdir (6.s.11). Təbii hüququn mövcudluğu islam mütəfəkkirlərinin əsərlərində də öz əksini tapmışdır. Bu barədə Nəsirəddin Tusi yazdığı “Əxlaqun-Nasiri” adlı kitabında hüququ təbii və tədqiqi hissələrə ayırmışdır. O, təbii hüququ sabit və dəyişməz adlandırmışdır (7.s.9).

Tarixi və İctimai (sosioloji) məktəblərin hüquqla əlaqəsi

Bu məktəbin banisi Savini (Almaniyanın məşhur hüquqşünası Friedrich Carol von Savigny: 1779-1861) hesab olunur və ondan sonra bir sıra alimlər bu məktəbin davamçıları olmuşdurlar. Tarixi məktəbdə dəyərlərin quruluşundan bəhs olunmur, bəlkə hüquq tarixi və ictimai adət-ənənələr baxımından təhlil olunur; yəni məktəbin ardıcılları daha çox hüquqi qaydaların necə yerinə yetirilməsinə və onun tarixi inkişafına diqqət edirlər. Onların fikrincə, hər bir millətin hüququ o millətin tarixi və ictimai hadisələrini təhlil etməkdən ibarətdir və məhz tarixi proses əsasında hüquqi bir millət yaranır. Hüquq, dil və adətlər kimi ümumi vicdanın məhsulu və ictimai tarixin inkişaf prosesidir; şəxsi iradə və dövlətlərin dəyişməsi hüququn yaranmasında heç bir funksiyaya malik deyildir. Bundan başqa, hüquq elminin vəzifəsi hüquqi qaydaları tanıtdırmaqdır və bu elmlə məşğul olan hər hansı bir alim ancaq mövcud qaydaları sistemləşdirir və bunların şərhini açıqlayır; yəni hüququ tədris edən alim bir növ hüququn memarı hesab olunur, nəinki hüququ yaradan. Savini açıq-aydın iddia edir ki, hüquqi qaydaların yaranması məhz millətə bağlıdır; yəni hüquq ictimai reallıqdır. Amma millət dedikdə, müəyyən zamanlarda birlikdə yaşayan insanlar nəzərdə tutulmur, millət insan toplusundan ibarət olan yeganə bir məfhumdur ki, nəsillər ötdükcə tarixi, coğrafi və mədəni əlaqələr vasitəsilə bir-birinə bağlanır. Millətin adət-ənənələri hüquqi qaydaları yaratmış və özlərindən sonrakı nəslə dəyərli bir miras olaraq ötürülmüşdür.
Təbii hüquq məfhum olaraq öz-özünə və müstəqil olaraq millətin düşüncəsi və mənəvi dəyərləri əsasında formalaşmış və zaman keçdikcə inkişaf etmişdir; həmçinin hüquqi qaydaları ani olaraq yaratmaq və aradan aparmaq mümkün deyil, yəni qanun yalnız ümumi vicdan əsasında əvvəlcədən yaranan prinsipləri təsdiq edə bilər. Bu prinsiplər insanların bir-birləri ilə müştərək əlaqələri əsasında yaranır, inkişaf edir, həmçinin ictimai dil və adət-ənənələrə birləşir, tədricən sonrakı zamana doğru hərəkət etməyə başlayır. Amma bunun əksi olaraq, əgər hər hansı bir şəxs qanunvericiliyin iradəsini hüququn mənbəyi hesab edirsə, bu halda hüququn qaydalarının rüşeymini milli ruhda axtarmaq lazımdır.
Tarixi məktəb ardıcıllarının gəldiyi nəticəyə əsasən, hüquqi qaydaların yaranması üç mərhələdə təsbit olunur: birincisi adət-ənənə (8.p.295) adlanır ki, bu milli ruhun yaranması, göstərilməsi və həmçinin hüququn əsas mənbəyi hesab olunur; ikincisi hüquq elmidir ki, texniki qaydaların tam şəkildə məcmuəsi və həmçinin bu qaydalar əsasında yaranan prinsiplər; üçüncüsü qanun adlanır ki, bəzən (əvvəldə qeyd olunan iki mərhələdə) hüquqa aid olan adət-ənənəni və elmi rəsmi olaraq elan edir (1.c.1.s.140) Bu səbəbdən də hüquqi qaydalar (adət-ənənədən sonra) həm hüquq elmində və həm də hüquqşünas alimlərdə xüsusi təsirə malikdir və məhz bu təsirin nəticəsində hüquqi təşkilat və müəssisələr fəaliyyət göstərir. Amma qanun hüquqi qaydalardan və adət-ənənədən fərqli olaraq fərdi öhdəçiliyə və qəbul olunan qərarların ictimaiyyətdə elanedici səlahiyyətinə malikdir (9.p.112). Tarixi məktəbin ardıcılları təkid edirlər ki, hüquqşünas alim hüququn məfhumunu hüququn özəyində, yəni tarixdə axtarmalıdır; yəni tarix dedikdə, bura hüquqi təşkilatlar daxildir ki, alim gərək mövcud hüquqi təşkilatların nəzəri tərəflərini diqqətlə təhlil etsin və elmi metodlar əsasında hazırkı hüquq barədə tutarlı nəticəyə gəlsin. Bu məktəb tərəfdarlarının düşüncələri bir daha onu göstərir ki, hüququn tarixi təkcə hüquq elmlərinin bir şöbəsi deyil, əksinə hüquq elminin əsasını təşkil etməklə, həmçinin millətin indiki və keçmiş həyatını bir-biri ilə əlaqələndirir.
İctimai və ya sosioloji məktəb hüququn mühüm fəlsəfi məktəblərindən biri hesab olunur və bu məktəb Rozko Pondun (Nathan Roscoe Pound. Amerikanın məşhur hüquqşünası: 1870-1964) adı ilə bağlıdır. Burada ictimai prinsiplər insanın tələblərinə uyğun olaraq təhlil olunur; yəni bu məktəbin əsas qayəsi ondan ibarətdir ki, hüquq ictimai bir parıltıdır və insanların istəyindən yaranmış, ictimai vəziyyətə uyğun olaraq dəyişir və bəzən də aradan gedir. Pondun fikrincə, biz məntiqə uyğun olan metodlardan istifadə etməklə qaydaları öyrənməliyik. İctimai təşkilatların, statistik və praktiki məlumatların köməyi ilə qaydalar tanınmalıdır. Başqa sözlə, bu məktəbin əsas hədəfi ictimai təşkilatlar əsasında hüquqi qaydaları tanımaq və tanıtdırmaqdır. Ona görə ki, ictimai həyata məhz bu qaydalar rəhbərlik edir. Təkcə qanunların mətninə və məhkəmələrin iş prosesinə istinad etməklə kifayətlənmək olmaz. Pond iddia etdir ki, canlı hüquq kitablarda və qanunlar toplusunda yazılanlardan çox fərqlidir. Canlı hüququ tanımaq üçün sosioloji məsələləri diqqətlə təhlil etmək lazımdır. Buna görə də Pond zaman keçdikcə bu məktəbi “Hüquqi sosiologiya” (Sociology of Law) adlandırmışdır (1.c.1.s.182). Hüquqi sosiologiya ictimai hüquqa əsaslanır, yəni burada insanlar özlərinə xas olan yaşayış qanunlarını yaradırlar. Məlum olur ki, hüquqi sosiologiyanın istinad etdiyi qaydalar özü-özlüyündə yaranmışdır və ilk baxışda bu qaydaların vəsf olunmasına ehtiyac vardır. Hər hansı bir şeyin məfhumunun nədən ibarət olduğu və o şeyin nəyə dəlalət etdiyi bu məktəbin əsas prinsiplərindən hesab olunur və ictimai məktəb tərəfdarlarının fikrincə, hüquq həm bu prinsiplərə tabedir. Pond hüququ fərdi və ictimai mübarizə və bərabərlik hesab edir (10.p.212). Onun fikrincə, bu gün ictimaiyyətdə baş verən hadisələrə və insanların üzləşdiyi çətinliklərə cavabdeh olmaq təkcə məhkəmə orqanları tərəfindən mümkün deyil; (11.p.346) yəni hüquq elmində və hüquq kitablarında müəyyən olunmuş məsələlərlə kifayətlənmək olmaz, ən əsası qərarların və hökmlərin prinsipləri dərindən araşdırılmalı və psixoloji tərəflərə (8.pp.601&797) də diqqət olunmalıdır. Əgər hakim ictimai mənafeyi və elmin zəruri məsələlərini diqqətdən kənarda saxlayarsa və təkcə hüquq kitablarında yazılan mətnlərlə üstünlük verərsə bu halda hüquqi sistemin daimi olması qeyri-mümkündür. Çünki ictimai amillər və elmin zəruri məsələləri hüquqi qaydaların və insan kütləsinin mənafeyinə uyğun olaraq inkişaf prosesində daim dəyişikliyə səbəb olur. Pond ictimai mühitdə olan əsas məsələlərin öyrənilməsini və hüquqi inkişafın mühüm məsələlərinin təhlil olunmasını hüquq elminin vəzifəsi hesab edir, amma hüququn mahiyyətini dərk etmək üçün isə ilk növbədə ictimai amillərin təhlilinə və dəyərləndirilməsinə diqqət olunmaldır; yəni Pondun təbiri ilə desək, ictimai amillərin təhlili və dəyərləndirilməsi hüququn mahiyyətini öyrənmək üçün açardır.

Analitik məktəb və onun əsas xüsusiyyətləri

Bu məktəbin əsası Con Austin (John Austin: 1790-1859, İngiltərənin məşhur hüquqşünas və filosofu) tərəfindən qoyulmuş və Hans Kelsin (Hans Kelsen: 1881-1973, Avstriyanın məşhur hüquqşünas və siyasi filosofu) isə bunu məntiq əsasında genişləndirmişdir. Bu məktəbdə ictimai məsələlərin və qaydaların ictimaiyyətdə tətbiqi və icra olunması prosesi kənara qoyularaq, ancaq mövcud varlıqların qanunları və onların arasında olan məntiqi bağlılıqdan bəhs olunur. Bu məktəbin ardıcılları hüququ hakimiyyətin göstərişi, qanunu isə dövlətin siyasi qüvvələri vasitəsilə yarandığını iddia edirlər. Onların fikrincə, hüququ elə tərif etmək lazımdır ki, hakim qaydalardan daha fərqli və üstün hesab olunsun. Çünki hakim qaydaların (məsələn: əxlaq, ictimai adət-ənənə) siyasi tərəfləri mövcud deyil. Əgər hüquq xüsusi olaraq tərif edilirsə, məlum olur ki, hüquq və onun əsaslandığı qaydalar hakimiyyətin siyasi gücünə söykənir və bu tərif onu digər ictimai qaydalardan ayırır. Heç bir hüquqi qayda dövlət tərəfindən verilən zəmanət olmadan qüvvədə ola bilməz. Bu məktəbin tərəfdarları hakim qüvvələrlə hüquq arasında olan əlaqəni belə şərh edirlər. Onların fikrincə, bu iki qüvvə arasında olan əlaqənin çox qədim tarixi vardır. Aristotel “Siyasət” adlı kitabında hüququ dövlətin məcburedici (əmr və qadağandan ibrət olan) bir qüvvəsi adlandırır; həmçinin Romanın klassik hüquqşünasları hüququ əmr və qayda hesab edirdilər ki, siyasi məsələlərin qəbul edilməsində icra olunsun. Amma sonralar təkcə siyasi qüvvələrin təhlili ilə kifayətlənməyərək yunan fəlsəfəsinin nüfuzunun təsiri nəticəsində hüququn məfhumunun təhlilinə diqqət göstərməyə başladılar (12.p.82).
Bu məktəbin təsisçisi olan Con Austin hökumətin əmrlərindən yaranan hüququn xüsusiyyətlərini açıqlamış, həmçinin haqq, malikiyyət (haqqa sahib olmaq) və hüququn digər məfhumlarını geniş şəkildə təhlil etmişdir. Bunun əsasında O, analitik hüququn əsasını qoymuşdur. Burada Con Austinin əsas işi ondan ibarət idi ki, pozitiv hüququ, hüquqa nisbət verilən yanlış qaydalardan ayırmaqla üstünlüyünü sübuta yetirsin; yəni bu həmin yanlış qaydalardır ki, hüquqa aid edilir. İlk olaraq səy göstərirdi ki, insan üzərində olan hakim qanunların elmi və fiziki qanunlardan fərqli tərəflərini müəyyənləşdirsin və ən əsası isə qanunvericilik elmini hüququn fəlsəfəsindən ayırsın. Onun fikrincə, hüququ dəyərləndirmək, yaxşı və pis məsələlərə aid etməklə səhv salmaq olmaz. Əlbəttə ola bilməz hüquq elmi qanunun yaranma səbəblərinə və digər məsələlərə laqeyd yanaşsın, amma nəzərə almaq lazımdır ki, pozitiv hüququn fəlsəfəsində daha çox “gərək olsun” fikrinə diqqət olunur. Hüququn daha dərin tərifini vermək və onun cövhərini tanımaq üçün hüququn üç əsas xüsusiyyətinə diqqət etmək zəruridir:
Hüququn birinci xüsusiyyəti əmr adlanır. Burada hər hansı bir işə əmr olunur və ya qadağa qoyulur; həmçinin mövcud olan əmrlərin elan olunması, dəyərləndirilməsi, insanların idarə olunması və digər məsələlər göstərilir. Burada “əmr” sözündən belə qənaətə gəlirik ki, əmr ancaq insanların itaət etməsi üçün hakimiyyət tərəfindən verilən qanundur. Amma burada bizi düşündürən sualla qarşılaşırıq: hər bir əmri qanun adlandırmaq olarmı? Bunun cavabı olaraq demək olar ki, verilən əmrin gərək hüquqi xüsusiyyəti olsun. Hüquqi xüsusiyyətə malik olan əmr o əmrə deyilir ki, şəxsin bütün xüsusiyyətlərini (ümumi və mücərrəd) əhatə etsin; daha aydın desək, elə bir qayda ki, bir dəfə icra olunmaqla öz qüvvəsini itirməsin.
İkincisi: əmr ali siyasi qüvvə tərəfindən yaranır. Austinin nəzərində siyasi qüvvə hakimiyyət hesab olunur; yəni bu hakimiyyətin başçısı bir nəfərdir ki, insan kütləsi ona itaət edir. Amma O, heç bir şəxsdən əmr ya göstəriş almır və ən üstün ali siyasi hakimiyyətə sahibdir. Belə bir halda demək olar ki, bir şəxs öz hakimiyyətini başqa birindən almışdırsa bu halda onu hüquq hesab etmək olmaz. Hüquqi qaydanın yaranma şərti odur ki, ölkənin ali siyasi qüvvələrinə söykənməklə icra olunsun və ictimaiyyət bu qaydalara itaət etməyə sövq edilsin (12.pp.87&88).

Üçüncüsü: hakimiyyətin əmri icra zəmanəti ilə birlikdədir. Heç bir hakimiyyət başçısı siyasi qüvvəni işə salmadan hüquqi qaydanı tətbiq edə bilməz. Çünki əmrə tabe olmamaq cəzanın tətbiq
olunmasına səbəb olacaq və məlumdur ki, əgər hakimiyyətin tələbləri icra olunmasa bu halda tələblərin icra olunmasına zor tətbiq ediləcək. Hüququn cövhəri göstərir ki, icra zəmanətlə birlikdə olsun və zəruri deyil ki, insanlar qaydanı daxilən qəbul etsinlər. Hər hansı bir qayda əgər insanı itaət etməyə məcbur edirsə hüquq adlanır və bu əmr məcburiyyət olmadan mümkün deyil. Məlum olur ki, pozitiv (tədqiqi) hüquq bir əmr və ya hökmdür ki, ali siyasi qüvvə tərəfindən qayda adı ilə digərlərinə tətbiq edilir və müəyyən olunmuş icra zəmanəti ilə birlikdədir. Amma əxlaq nəzəriyyəsinə gəldikdə isə, əxlaq qaydaların toplusudur ki, ümumi fikirlərdə və ya qeyri-siyasi təşkilatın bir hissəsi tərəfindən onun üzvləri və tərəfdarları üçün yaranmışdır. Hüquqi qaydaların nüfuzu siyasi qüvvələrə söykənir, amma əxlaqi qaydaların əsası isə etiqad, ədalət, adət və ənənədən yaranmışdır. Əlbəttə buradan belə nəticəyə gəlmək olmaz ki, Austinin nəzərində millət hakim rəiyyətdir ki, əmr verir və bu olmadan qanuna riayət olunsun. Əksinə, qanun elə ki, qüvvəyə mindi bütün insanlara və hətta hakimiyyət başçılarına da tətbiq olunur. Austinin fikrincə, dövlət özünün qanununu yaratmaqla daha da məhdudlaşır.
Digər mühüm bir məsələ isə Austinin hüquq barəsində olan tərifidir ki, buna diqqət etmək olduqca zəruridir. Onun fikrincə, hüquqi qaydanın yaranması, hüququn ictimai həyatda real nüfuzuna bağlı deyil, bəlkə hüquqi qayda siyasi hüququn düzgün əmrləri əsasında yaranır. Hərçənd ki, əməldə insanların taleyi ilə üz-üzə gəlməsin və ictimai reaksiya onun icrasını mümkün hesab etməsin. Daha aydın demək olar ki, Austin və bu məktəbin tərəfdarları qanunun yaranma üstünlüklərinə qanunun real nüfuzundan (ictimai həyatda xüsusi təsirə malikdir) daha çox diqqət etmişlər. Bu məktəbin digər üstün cəhəti ondadır ki, bütün qaydalar və hüquqi prinsiplər məntiq əsasında təhlil olunaraq öyrənilmişdir. Austin qaydaların məntiqi tərəflərini açıqlamış, digər ölkələrin hüququ ilə müqayisəli şəkildə təhlil etmişdir və bunun da nəticəsində özünün sadə bəyanla və ictimaiyyətin anlaya biləcəyi tərzdə aydın, şəffaf hüquq məktəbini yaratmışdır. Elə bu səbəbdəndir ki, onun yaratdığı hüquqi məktəb bu gün “analitik hüquq” məktəbi adlandırılır.

Fəlsəfi məktəbin hüquqla bağlı olan əsas ideyaları

Bütün fəlsəfi və əxlaqi ideyaları əks etdirən mövzular yuxarıda qeyd olunan məktəblərdə təhlil olunur. Filosoflar fəlsəfi ideyaları önə çəkərək hüquqla bağlı olan mühüm məsələləri o cümlədən: varlıq, hüquq, əxlaq, ədalət, dövlət, azadlıq və digər mövzuları təhlil etmişlər. Hüququn fəlsəfəsində fəlsəfi məktəbin əsas yaradıcıları olan Kantı (İmmanuel Kant), Hegeli (Georg Wilhelm Friedrich Hegel) və Spenseri (Herbert Spencer) göstərmək olar. Bu filosofların hüquq barədə nəzəriyyəsi müxtəlif olsa da hər birinin irəli sürdüyü ideyalar hüququn fəlsəfəsinin əsas mövzuları hesab olunur. Həm təbii və həm də tədqiqi hüququ əhatə edən ideyalar bütün dövrlərdə tədqiq mənbəyi olaraq öyrənilmişdir.
Kantın hüquq barədə olan fikirlərini təhlil edərkən şahidi oluruq ki, Kant hüquq və əxlaq arasında olan bağlılıqdan danışır və bunların arasında olan ayrılığı mümkünsüz hesab edir. O əxlaqı nəfslə əlaqələndirərək baş verən hər hansı yaxşı və pis əməli “yaxşı iradə” (good will) kimi dəyərləndirir. Onun nəzərində, hər hansı faydalı bir iş əgər əxlaqi vəzifə olaraq yerinə yetirilməsə, əxlaq baxımından dəyərsiz hesab olunur; həmçinin bilməyərəkdən baş verən və bəyənilməyən hər hansı bir işi əxlaqa zidd olan əməl hesab etmək olmaz. Əxlaq hər hansı bir işi meyl və təhrik əsasında yerinə yetirir və baş verən hər hansı bir əməl əgər ədalətli qərar olarsa, bu halda hüquqla əxlaq arasında bağlılıq yaranır.
Fəlsəfi məktəbin digər və mühüm başçılarından olan Hegelin hüquq barədə olan nəzəriyyəsi əsas dövlət, hüquq, əxlaq və bunların arasında olan əlaqələrlə bağlıdır. Hegelin nəzərində hüququn əsası hakim dövlətin iradəsidir və dövlət öz növbəsində hüquqi qaydaların yaranma səbəbidir. O, həmçinin haqqı azad iradənin mövcudluğu kimi tərif edir. Amma haqq dedikdə Hegelin məqsədi heç də təbii hüquqda mövcud olan haqq deyil, çünki o, təbii hüququn deyil, məhz tədqiqi hüququn tərəfdarı olmuşdur və onun nəzərində “haqq” ancaq dövlətin iradəsi əsasında özünü göstərə bilər və dövlət olmadan heç bir haqdan söhbət gedə bilməz. İctimai inkişaf dövlətin mövcudluğu əsasındadır və bu mövcudluğa əsasən insana aid olan haqq və vəzifələr yaranır (9.p.97). Amma Hegelin əxlaq və onun üstünlükləri barədə olan fikirlərinə diqqət etsək görərik ki, o, Kantın fikirlərinə istinad edərək əxlaqı daxili qüvvələrlə, o cümlədən vicdanla əlaqələndirmişdir. Onun nəzərində əxlaqlı şəxs odur ki, daxilən yaxşı işlərə meylli olsun və ədaləti özünün vəzifəsi hesab etsin. Amma bəzi hallarda Hegel yaxşı və pis əməllərdən danışarkən o yerə gəlib çatır ki, düşüncəsi Kantın fikirlərindən tamami ilə fərqlənir. Çünki Hegelin baxışlarında əxlaqın bütün göstərişləri ictimaiyyət və dövlətlə bağlıdır. Əxlaq əmr edir ki, insan qanuna tabe olsun və həm sözdə və həm də əməldə dövləti müqəddəs hesab etsin, həmçinin yaşadığı ölkəyə və dövlətə layiqli vətəndaş olsun. Bundan başqa, Hegelin irəli sürdüyü ideyalardan biri və ən əsası “dialektik” (dialectic) nəzəriyyədir ki, bunu müxtəlif formalarda (sübutun metodu- method of proof, ağılın tərzi- conduct of reason və ya ziddiyyətli nəzəriyyə- theory of antithesis) izah etmək olar. Onun fikrincə, bizi əhatə edən kateqoriyalar zehnimizin məhsulu deyil və hər bir məfhum ümumi kateqoriyadan keçir və burada ağılın əsas fəaliyyəti kateqoriyalar arasında zəruri əlaqəni tapmaqdır; yəni Hegel çalışır ki, dialektik qaydaya əsasən mövcud aləmi real bir aləm kimi tanıtdırmaqla və bizi əhatə edən mövcud aləmin kəşfini ağılla əlaqələndirsin; daha aydın desək, onun nəzərində ağıl aləmi kəşf edən kateqoriyadır (13.pp.140&141). Reallıq hərəkətin başlanğıcını və təhrikedici qüvvə olduğunu göstərir və ağılın da işi odur ki, daim gərək hərəkəti müşahidə etsin. Çünki hərəkətin hədəfi və istəyi azadlığa, kamilliyə çatmaqdır; həmçinin dünya tarixi də göstərir ki, axın həmişə azadlığa doğru meyl etmişdir. Buna görə də ağılın vəzifəsi odur ki, bu prosesə əsaslansın və varlığın hərəkətinin necəliyindən agah olsun. Hegelin istinad etdiyi dialektikada əsas hədəf, ziddiyyətli məsələləri bir-birindən ayırmaq, bunların arasında olan uyğunluğu və hərəkətin qanuni əlaqəsini göstərmək və ən əsası isə nəticə olaraq reallığı tapmaqdır.
Bu məktəbin digər yaradıcılarından olan Spenserdir (Herbert Spenser: 1820-1903, İngiltərənin məşhur filosof və sosioloqu) ki, özünün ictimai fəlsəfəsini və tədrici inkişaf nəzəriyyəsini bəyan etmişdir. Onun fikrincə, ictimaiyyətdə yaşamaq hüququ şəxsin həyatını əhatə edən mühüm şərtlərdən biri hesab olunur. Əxlaqla bağlı olan adətlər (vicdan, xeyir və zərərin nəticəsi) bura daxil deyil. Çünki həyatın zəruri tələbləri və öhdəliklər mühitlə bağlıdır. Əxlaq və hüquq baxımından bəyənilməyən əməl ictimaiyyət tərəfindən də qəbul edilməzdir (1.c.1.s.167). Spenserin bəyan etdiyi tədrici inkişaf nəzəriyyəsi və onun prinsipləri təbiət və tarixi zərurətə əsaslanır. Bəşər tarixinə nəzər saldıqda və həmçinin uzun illər ərzində sonrakı nəsillərə ötürülən tarixi proseslər göstərir ki, insan yaşamaq üçün gərək şəxsi mənafeyini deyil, ümumi mənafeyi önə çəksin və bacardıqca xudbinliyini cilovlasın. İnsanlarda hiss olunan haqq və vəzifə təcrübənin nəticəsidir. Bu bir daha göstərir ki, əsrlər öncə yaşayan mütəfəkkirlərin əsaslandıqları təcrübə irsi olaraq zat və ağıl vasitəsi ilə həmişə mövcud olmuşdur. Əxlaqın cövhəri ictimai yaşayışa bağlıdır ki, zaman və məkana uyğun olaraq dəyişir; digər tərəfdən isə əxlaqın prinsipləri faydalı hesab olunur, əlbəttə elə bir fayda ki, əxlaq və hüququn əsas prinsiplərini yaradır və bioloji baxımdan da ictimai mühit və fərdin yaşayış şəraiti arasında şəxsin bərabərliyi hesab olunur. Spenserin fikrincə, insanda olan əqli məlumatların zahiri əlaməti onu göstərir ki, bu məlumatlar keçmiş təcrübənin nəticəsidir ki, insanlara irsi olaraq keçmiş, tədricən dövrə uyğun olaraq bu məlumatlara əlavələr olunmuş və bunun da nəticəsində bəşəriyyət yeni məlumatlara sahib olmuşdur. İnsan keçmiş zamanla birlikdə təkamülə doğru hərəkət edir və bunun da əsasında onun “təbii təkamül nəzəriyyəsi” yaranır. Hər bir millətin mədəniyyəti bir sıra inkişafla bağlı olan məsələlərin və ən əsası isə təbii təkamülün nəticəsidir və bunu xüsusi qrupların səyi hesab etmək düzgün deyildir. Bəşəriyyətdə baş verən müxtəlif proseslər bütün dövrlərdə mövcud olmuş və zaman keçdikcə davam etmiş və etməkdədir.
Nəticə. Hüququn fəlsəfi məktəblərini təhlil edərkən, belə nəticəyə gəlmək olar ki, bu məktəblərin təsisçiləri hər biri ayrı-ayrılıqda müxtəlif ideyaları irəli sürsələr də, eyni zamanda bütün bu ideyalar hüququn və hüquq elminin inkişafı, daha geniş, dərindən öyrənilməsi və ictimaiyyətdə tətbiq olunması məqsədini daşıyır. Burada əsas məktəblərdən olan təbii və pozitiv hüquq nəzəriyyəsi baxmayaraq ki, fərqli aspektlərə dəlalət edir, amma bununla belə bir çox hallarda təbii və tədqiqi hüquq arasında əlaqələr mövcuddur və bu əlaqələr insana mənsub olan haqlarda özünü göstərir. Çünki qanunlar sonradan yaransa belə insanın bütün həyatını əhatə edir ki, hüququn digər məktəblərində də bu məsələlər öz əksini tapmışdır. Tarixi məktəbin əsas təlimləri məhz bu istiqamətə yönəlmişdir. Bu məktəbin təsisçiləri diqqəti əxlaqi dəyərlərin quruluşuna yönəldirlər və əsas məqsəd də bundan ibarətdir ki, hüquqi qaydaların tətbiqinə və tarixi inkişaf prosesinə daha çox diqqət olunsun. Çünki hər bir xalqın hüquqi əsasları həmin xalqın tarixi və ictimai hadisələrinin düzgün öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Analitik məktəbin əsas prinsiplərinə gəldikdə isə, bu məktəbin yaradıcıları hüququ hakim qüvvənin göstərişi, qanunların isə məhz dövlətin siyasi qüvvələri vasitəsi ilə yarandığını bildirirlər. Bu məktəbin əsas məqsədi ondan ibarətdir ki, tədqiqi hüququ (pozitiv hüquq) digər qaydalardan ayırmaq və həmçinin üstünlüyünü göstərməkdir. Con Austinin əsas məqsədi qanunvericilik və hüququn fəlsəfəsi arasında olan fərqləri göstərmək və bunları bir-birindən ayırmaq idi. Məhz buna görə də hüququ olduğu kimi öyrənmək və dərk etmək üçün hüququn üç əsas xüsusiyyətini şərh edir. Bu xüsusiyyətlər bütövlükdə hüququn cövhərini göstərməklə yanaşı, həm də ictimai-siyasi tətbiqini də reallaşdırır.
Bu məktəblər içərisində fəlsəfi məktəbin də öz rolu vardır. Fəlsəfi məktəbin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu məktəb təkcə hüquqla deyil, həm də hüququn sahələri ilə ə sıx bağlılığı vardır. Nəzərə almaq lazımdır ki, fəlsəfi və etik məsələlərin əksəriyyəti məhz hüququn fəlsəfi məktəbində tədqiq olunur. Hüququn fəlsəfi məktəbinin əsas yaradıcılarından olan Kant, Hegel və Spenser hüququn həm təbii və həm də pozitiv aspektlərini açıqlamış və bunlar arşında olan oxşar və fərqli cəhətləri göstərmişlər. Kant hüququn fəlsəfəsindən bəhs edərkən, hüquq və əxlaqın nisbətini göstərmiş və bəzi hallar istisna olmaqla, bunların arasında olan ayrılığı mümkünsüz hesab etmişdir. Onun nəzərində, hüquq əxlaqi dəyərləri insanlara aşılayır və hüququn əsasını etik normalar təşkil edir. Hegel də bu məsələyə diqqət etmiş, yəni Kantın fikirlərinə əsaslanaraq, diqqəti daha çox dövlət, hüquq və əxlaq arasında olan əlaqələrlə yönəltmişdir. Burada Hegel və Kant arasında olan fərq ondan ibarətdir ki, Kant təbii hüququn tərəfdarı olmuş, amma Hegel isə daha çox tədqiqi (pozitiv) hüququ önə çəkmişdir. Bu məktəbin digər yaradıcılarından olan Spenserə gəldikdə isə onun nəzərində təbii proseslərin nəticəsi xüsusi olaraq insanla bağlıdır. İnsanın ictimai həyata baxışları onu dayanmadan və ardıcıl olaraq inkişafa doğru aparır; insanın yüksəlişi və mənəviyyatı təbii və tarixi zərurətdən yaranır, nəinki baş verən hər hansı bir hadisədən.

Ingilis, fransız və fars dillərində istifadə edilmiş ədəbiyyatlar
1.Nasir Katuzyan. Hüququn fəlsəfəsi: hüququn tərifi və mahiyyəti. c. I. Tehran: Nəşriyyat Səhmdar Cəmiyyəti 1388/2009.
2.Lloyd Dennis. The idea of Law. London: Penguin Books INC. 1964.
3.G. Dell Vecchio. Hüququn fəlsəfəsinin tarixi. Fars dilinə tərcümə edən: Cavad Vahidi. Tehran: “Buzərcumhuru”. 1336/1957.
4.Klaude Du Pasquier. Ümumi nəzəriyyə və hüququn fəlsəfəsinin başlanğıcı. Fransız dilindən fars dilinə tərcümə edən: Əli Muhəmməd Təbatəbai. Tehran: “Buzərcumhuru”. 1332/1953.
5.Nasir Katuzyan. Hüquq elminin başlanğıcı. Tehran: Bəhmən Bərna 1372/1993.
6.Həmid İnayət. Qərbdə siyasi fəlsəfənin əsasları. Tehran: Tehran Universiteti 1364/1985.
7.Xacə Nəsirəddin Tusi. Əxlaqun-Naseri. Fars dilinə tərcümə. Bombey: h.q.1267/1850.
8.Mehrdad Moslehi. Psychology of Judicialn or Psychology of Personality. A Legal Comprehensive Glossary Related Fields, English-Persian. Tehran: Galam 2010.
9.Villey Michel. Philosophie du droit. T. İ, Definittions et fin de droit; T II, Les moyens da droit, Dalloz 1975-1979.
10.Berman Harold. Philosophical foundation of American. Amerika 2005.
11.Mehrdad Moslehi. The Judiciary: Dictionary of law, Persian-English. Tehran: Galam 2009.
12.Patterson Edwin W. Jurisprudence. Men and Ideas of the Law. Brooklyn, the Foundation Press, INC. 1953.
13.Hegel, Georg Wilhelm Friedrich. Phenomenology of Spirit. Translation by A. V. Miller. Oxford University Press 1977.
Pashayeva A.N.,
PhD in philosophy, senior researcher at the Department "Islamic Philosophy", Philosophy and Sociology Institute of NA of AR,

Summary

Philosophical subjects of law: socio-political, ethical and psychological principles of natural, positive, historical, social, analytical and philosophical schools
The philosophical subjects studied in the philosophy of law, especially the schools (doctrine) have a close connection not only with the science of law, but also with socio-political, ethical and psychological sciences. The ideas put forward in these schools have influenced the relationship between law, government and the public and have been in need of study over time. Schools that are widely analyzed in the philosophy of law are not only covering the established laws, but also an indicator of ethical norms. The main purpose here is to show law and the tasks related to law not only within the framework of laws, but also as a science covering socio-political, ethical and psychological issues. On the other hand, the main objective of these schools is not only to explain the differences between law and principles, but also to show that the most basic aim is to show that the rights have always been the head of Man and that man is subject to the established system. Of course, this system – law was called in all periods, in accordance with that period with different names. The present article focuses on the main schools studied in the philosophy of law, the socio-political, ethical and psychological principles of the natural, positive, historical, social, analytical and philosophical schools here, and the differences between them are analyzed both in the legal and philosophical aspects.
Key words: philosophy of law, natural, positive, historical, social, analytical, philosophical schools, ethics, society.

Пашаева А.Н.,
доктор философии по философии, старший научный сотрудник отдела «Исламская философия» Институт Философии и Социологии НАНА
Резюме
Философские темы права: социально-политические, этические и психологические принципы естественных, позитивных, исторических, социальных, аналитических и философских школ
Философские темы, изучаемые в философии права, в частности школы (доктрины), тесно связаны не только с юридической наукой, но и с социально-политическими, этическими и психологическими науками. Идеи, выдвинутые в этих школах, повлияли на отношения между законом, государством и обществом, и со временем возникла необходимость в их изучении. Школы, которые широко анализируются в философии права, не только охватывают установленные законы, но и являются показателем этических норм. Основная цель здесь - представить закон и юридические обязанности не только в рамках закона, но и как науку, которая охватывает социально-политические, этические и психологические вопросы. С другой стороны, основная цель этих школ - не только объяснить различия между правами и законами, но и показать, что права всегда руководят человеком и подчиняют его определенной системе. Конечно, эта правовая система во все периоды называлась разными именами, в соответствии с тем периодом. В настоящей статье рассматриваются основные философские школы права, анализируются социально-политические, этические и психологические принципы естественных, позитивных, исторических, социальных, аналитических и философских школ, а также различия между ними как в юридическом, так и в философском аспектах.
Ключевые слова: философия права, естественных, позитивных, исторических, социальных, аналитических, философские школы, этика, общественность.

Bakı Dövlət Universitetinin xəbərləri, sosial-siyasi seriyası jurnalı. “Bakı Universiteti” nəş. № 1, Bakı 2020, s. 22-34.