“Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda beynəlxalq konfrans başa çatdı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, YUNESKO Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda həm onlayn, həm də oflayn rejimdə keçirilib.
Xaricdən və respublikamızdan çoxsaylı elm adamlarının qatıldığı konfransın ikinci günü Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək Nizami irsinə münasibətin dəyişməsi barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür. Professor bildirib ki, Nizami irsinin dərki dəyişməli, zənginləşməli və yeni məzmun qazanmalıdır. Özü də burada yalnız filoloq və ədəbiyyatşünas alimlər yox, həm də filosoflar, mədəniyyətşünaslar, tarixçilər və s. alimlər də onu dərindən araşdıraraq öz töhfələrini verməlidirlər. Məhz qeyd olunan yanaşma olarsa, o zaman ədibin yaradıcılığı haqqında mükəmməl yeniliklər əldə etmiş olarıq. Məncə bu barədə düşünməyin vaxtı gəlib çatıb.

Nizami yaradıcılığı dünyamiqyaslı böyük ədəbiyyat hadisəsidir deyə, alim qeyd edib.
Sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Nizami Gəncəvinin siyasi, hüquqi və dövlətçilik baxışları”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosiologiya” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova “Nizami poeziyasında fəlsəfə və dünyagörüşün vəhdəti haqqında”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Lalə Mövsumova “Dahi Nizami fəlsəfi-poetik yaradıcılığında vətənpərvərlik”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Zohra Əliyeva və Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Cəmilə Haşimova “Dünya əhəmiyyətli şair və mütəfəkkiri Nizami Gəncəvi(“Yeddi Gözəl” poeması əsasında)” mövzusunda çıxış etmişlər.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov və digər çıxışçılar mövzu ilə bağlı çıxış edərək fikir və düşnücələrini konfrans iştirakçıları ilə bölüşdülər.
Konfransın sonunda Nizami Gəncəvi irisinin təhlilini davam etdirmək barədə qərar qəbul edilib.
