10.09.2021, 11:42 - Baxış sayı: 286

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli beynəlxalq seminarda çıxış edib


Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli beynəlxalq seminarda çıxış edib9 sentyabr 2021-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Pakistan Ədəbiyyat Akademiyasının keçirdiyi onlayn beynəlxalq seminarda çıxış etmişdir. Pakistan İslam Respublikasının yaranmasının gələn il keçiriləcək 75 illiyi çərçivəsində təşkil edilmiş seminar Pakistanın dünyanın müxtəlif ölkələri ilə ədəbi əlaqələrinə həsr edilmişdi. 21 ölkənin – Pakistan, Azərbaycan, Türkiyə, ABŞ, İran, Britaniya, Almaniya, Braziliya, Hindistan, Ukrayna, Rusiya və digər ölkələrin mütəxəssislərinin iştirak etdiyi seminarda E.Mədətli “Azərbaycan-Pakistan mədəni-ədəbi əlaqələri: orta əsrlərdən günümüzədək” mövzusunda çıxış etmişdir. Bu əlaqələrin uğurla inkişaf etdirilməsində Fəlsəfə və Sosiologiya İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tədqiqatçılarının səmərəli fəaliyyətini vurğulamış, bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən danışmışdır. O, dinləyicilərin diqqətinə Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının son sayının Pakistan ədəbiyyatına həsr edildiyini, Pakistanın ölkəmizə 44 günlük Vətən müharibəsində göstərdiyi mənəvi-siyasi dəstəyin simvolu kimi jurnalda Pakistanın 44 tanınmış yazıçısının təmsil olunduğunu və nəfis şəkildə nəşr edildiyini çatdırmış, jurnalın elmi məsləhətçisi olaraq bu nəşrin xalqlarımızın ədəbi əlaqələrinə əhəmiyyətli töhfə verdiyini bildirmişdir.
Pakistan Ədəbiyyat Akademiyasının Sədri Prof.Dr. Yusuf Xuşk AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun Baş direktoru, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana səfərə dəvət edildiyini və tezliklə Bakıya gələcəyini bildirərək, ölkəmizlə ədəbi əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu ifadə etmişdir.