01.09.2021, 10:12 - Baxış sayı: 526

Azərbaycanın elm məbədinin şərəfli tarixinə işıq tutan dəyərli mənbə


Azərbaycanın elm məbədinin şərəfli tarixinə işıq tutan dəyərli mənbəİlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor

Bu yaxınlarda “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” fundamental tədqiqat əsəri işıq üzü görmüşdür. Kitabın müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklidir.
Əsərdə Azərbaycanda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin forma­laşması, Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi, repres­siya illərində Azərbaycan ziyalıla­rı, 1941–1945-ci illər müharibəsi dövründə Azərbaycan alimlərinin əvəzolunmaz xidmətləri elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.
Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının prezidentlərinin həyat və yaradıcılığı, EA-nın institut­ları haqqında geniş məlumat verilir. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi mərhələsində Azərbaycan Milli Elmlər Akademiyası­nın inkişafı, mühüm məqamları ətraflı şəkildə araşdırılır.
Müəllif kitabda Azərbaycanda elmin təşəkkülünün əsas mərhələlərini təhlil edərək, bu prosesin köklərinin tarixin dərinliklərinə gedib çıxdığını qeyd edir. Azərbaycanda elmin inkişafı ilə bağlı atılan addımlar təhlil edilir, ilk elmi təşkilatların və elmi idarəetmə qurum­larının yaradılması öz əksini tapır.
Müəllif Azərbaycan Milli Elmlər Akademiyasının yaranana qədər elmi müəssisələrin təşkili və fəaliyyətini əsas götürür. O, Azərbaycanda elmi müəssisələr sisteminin təşkili və formalaşması prosesini 1920–1929, 1929–1932 və 1932–1935-ci illərə bölmüş və Azərbaycan SSR Elmlər Akademiyasının təşəkkülü prosesini təhlil etmişdir. SSRİ EA Azərbaycan filialının yaradılmasının təşkili ilə bağlı görülmüş işlər kitabda geniş işıqlan­dırılmış, onun elmi fəaliyyətinin əsas istiqamətləri təhlil edilmişdir.
Kitabda repressiya illərində Azərbaycan ziyalılarının qarşılaşdıq­ları fəlakətlər, onların məhv edilməsi, sürgünə göndərilməsi üzərində xüsusi dayanılmışdır. Həmin dövrdə Azərbaycanda qətlə yetirilən insanlar­la bağlı xüsusi planın hazırlanması, xeyli sayda alimin güllələnməsi qeyd olunmuşdur. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir.
1941-ci ildə başlanan İkinci Dünya müharibəsi repressiyanın gedişini bir qədər dayandırdı. Müharibə respubli­ka alimləri qarşısında məsul vəzifələr qoymuşdur. Azərbaycan elmi-tədqiqat müəssisələrinin, müxtəlif alimlərin yeni silah-sursat, yanacaq-sürtkü növlərinin yaradılması, cəbhənin ehtiyacları üçün lazım olan neft-qaz, benzin istehsalının artırılması istiqamətində fəaliyyətləri ətraflı işıqlandırılmışdır.
Araşdırmanın müxtəlif istiqamətləri elmi-məntiqi baxımdan bir-birini yaxşı tamamlayır, ümummilli liderimizin fe­nomenal şəxsiyyət olaraq, fəaliyyətinin çoxaspektliyi, çoxcəhətliyi yetərli səviyyədə nəzərə çarpır. Müəllifin məsuliyyətli əməyinin nəticəsi olan araşdırmaları bütövlükdə uğurlu və əsaslıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardı­ğı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısı geniş şəkildə təqdim olunur. Ümum­milli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı fikirləri, çıxışları ətraflı göstərilir.
Ən mühüm faktorlardan biri isə siyasi elmlər üzrə fəlsəfə dokto­ru Günel Məliklinin 2020-ci il mü­asir Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan şanlı tarixi ilini böyük həssaslıqla qələmə alması əsəri daha da mükəmməlləşdirir. Müəllifin qeyd etdiyi kimi, haqq işini haqq edərək, öz torpaqlarında Vətən müharibəsinə qal­xan Azərbaycan xalqının gücünü təkcə işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli ordumuz Vətən tor­paqlarından işğalçı vətənsizləri qova­raq, Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi.
Nəşrin önəmli cəhəti elmin təşəkkül dövrünü və ümumilikdə, elmi müəssisələrin, alimlərin fəaliyyətini əks etdirən fotoşəkillərin olmasdır. Geniş mənbə bazasına və ədəbiyyata əsaslanan əsər ensiklopedik kitabdır.
Müəllif Azərbaycan Milli Elmlər Akademiyasına dair mövcud ədəbiyyatı diqqətlə izləyib və mü­vafiq mənbələrdən səmərəli istifadə etmişdir. Onun qənaətləri məntiqli, əhatəli olaraq, ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin mülahizələri zəminində yetərincə əsaslandırılır.
Gənc alim Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademi­yasının şərəfli tarix yolu” kitabı elm tariximizin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında dəyərli mənbə və böyük töhfədir.

"Xalqqazeti.com"