26.08.2021, 12:43 - Baxış sayı: 534

Xanım Mehriban Əliyeva Azərbaycan dövlətçilik institutunun modern rəhbər, ictimai-siyasi xadimidir


Xanım Mehriban Əliyeva Azərbaycan dövlətçilik institutunun modern rəhbər, ictimai-siyasi xadimidir“Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilir. Elm və gender bərabərliyi “Davamlı inkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir”.“Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğlanacaqdır”.

Azərbaycanın Birinci vitse-prezidenti, Xanım Mehriban Əliyeva

Milli dövlətçilik institutunun strateji-­ideoloji strukturunu formalaşdıran, öz xalqının hər hansı mürəkkəb və taleyüklü mərhələsində sabit inkişafını təmin edən onun lider rəhbəridir. XX əsrin II yarısından sonra Azərbaycan tarixində xüsusi yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-yaradan, Ulu Öndər - dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan dövlət başçısı, xilaskar xalq lideridir. Ulu Öndər məktəbinin universal yetirməsi, praqmatik məntiqli və islahatçı Prezident İlham Əliyev XXI əsr Azərbaycanın Qalib Ali Baş Komandan lideridir. Ulu öndərin milli idarəçilik məktəbinin bir önəmli yetirməsi də ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, filosof-həkim alim, milli mədəniyyətimizi dünyada tanıdan Xanım Mehriban Əliyevadır. Ölkənin Birinci Xanımı bütün mütərəqqi keyfiyyətləri mötəbər mövqeyi və humanist xeyirxahlıq nüfuzu ilə Azərbaycanın Birinci qadın lideri, ali statuslu Rəhbəridir.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Xanım Mehriban Əliyeva əsil-nəsilli ziyallı ailədə doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır. Gənc yaşından isə ulu öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, görkəmli yazıçı Mir Cəlal və ustad jurnalist Nəsir İmanquliyev babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida İmanquliyeva valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Xanım Mehriban Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur.
Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması olmuşdur. Azərbaycanın Birinci Xanımının düşüncəsində: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi.”
Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyin olunması 1918-ci il AXC-nin qadınlara seçib-seçilmək hüququnun veriməsindən qaynaqlanan ənənənin davamı olaraq ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı“ Qanununun reallaşdırılması yönündə tarixi bir hadisə oldu. Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə qazandığı böyük nüfuz, dövlətçiliyin yüksəlişində praqmatik dəstəyi, sosial-mədəni tərəqqidə işgüzar mövqeyi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun sadiq və bacarıqlı yetirməsi olduğunu təsdiq etmişdir.
Xanım Mehriban Əliyeva “Həyat dərsi” məqaləsində ümummilli lider Heydər Əliyev məktəbinin mükəmməlliyi ilə bağlı söyləyir: “Heydər Əliyevin dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, liderdir. Vətənin – Azərbaycanın taleyi onun adı, taleyi ilə əbədi olaraq bağlandı”.
Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu Öndərin adını, onun ideya və əməllərini daşıyan, ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sahəsində müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, dövlət siyasətinin həyata keçirilməsində ictimai qurum kimi böyük bir nüfuz qazanmışdır.
Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşmaqla, zəmanəsinin bir Ali Rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və effektiv fəaliyyəti, nəinki qadınlar üçün, həm də gənclər üçün örnəkdir və ali dəyərlərə söykənir.
Xanım Mehriban Əliyeva Azərbaycan xalqı və dövlətinin maraqlarını beynəlxalq aləmdə təbliğ etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Azərbaycanın Birinci Xanımı ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan hazırda dünyada öz sözü, sanballı nüfuzu olan lider qadın örnəyidir. Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanda hakimiyyət və idarəçilik institutunun formalaşmasında çoxyönlü fəaliyyət istiqaməti ilə dünyada tanınan siyasi-mədəni dövlət xadimidir. Azərbaycan dövlətçilik tarixinə onun adı modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır. Xanım Mehriban Əliyeva fenomeninin digər bir önəmli göstəricisi isə onun Şərq milliliyini Qərb modernliyi ilə vəhdətdə, çoxsaylı bəşəri layihələrin həyata keçirilməsi təşəbbüslərini reallaşdırmasıdır.
Azərbaycanda Birinci vitse-prezidentlik institutu təsis olunarkən bu vəzifəyə ilk dəfə Xanım Mehriban Əliyevanın təyinatı ilə həm Azərbaycan, həm də dünya gender siyasəti tarixinə səviyyəli “Xanım Əliyeva” ad-soyadı daxil oldu. Bu təyinat siyasi platformada, idarəçilik strukturunda və gender ölçüsündə Azərbaycan qadınının liderlik imkanlarının qəbul edilməsi və təsdiqlənməsi idi.
Xanım Mehriban Əliyeva müstəqil Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın Rəhbər” obrazının gender siyasi mədəniyyəti qanunauyğunluğunu təcəssüm etdirmişdir. Onun bilavasitə təşəbbüsü ilə paytaxtın və respublikanın əksər yerlərinin, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, mədəni tariximiz Şuşanın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı yaşamalı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi Prezident İlham Əliyevin XXI əsr modern Azərbaycanının inkişaf gerçəklikləridir. Birinci vitse-prezidentin ölkə rəhbəri İlham Əliyevin modernləşmə və hərtərəfli tərəqqi xəttinə dəstəyi, bu sahədə xidmətləri danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamının, milli aşıq musiqisinin, xalçaçılıq kimi xalq sənətlərinin və digər mədəni trendlərimizin yenidən dirçəldilməsi, bu tarixi irsin dünyaya tanıdılması da Xanım Mehriban Əliyevanın humanist fəaliyyəti ilə bağlıdır. “Avroviziya” müasir musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman yarışlarının reallaşmasında Birinci Xanımın gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı bütün dünyada yüksək dəyərləndirilmişdir.
Birinci vitse-prezident öz fəaliyyətində, əsasən, irimiqyaslı tarixi layihələri inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir:
- əvvəla, ölkənin sosial-iqtisadi-siyasi inkişaf kursu ilə bağlı kompleks layihələrin uğurla həyata keçirilməsində yaxından iştirakla;
– ikincisi, müstəqil respublikamızın kompleks ictimai-mədəni, sosial-humanitar bir “Azərbaycan modeli” olaraq üzə çıxarılıb dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə;
- və üçüncüsü, həssas və diqqətcil qadın Rəhbər olaraq doğma Vətəninin ağır məqamlarında istər Aprel döyüşləri, istər Vətən müharibəsi zamanı, istərsə də ağır COVID-19 pandemiyası dövründə Azərbaycan xalqının həmdəmi, doğması kimi ümid yerinə çevrilməklə.
Birinci vitse-prezidentin “Sizin Mehriban” imzası ilə xalqa müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha yaxınlaşdıraraq sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə yazıldı. Azərbaycanın Birinci xanımı Aprel döyüşləri şəhidlərinə Heydər məscidində ehsan verərkən içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şərik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğını ən yüksək səviyyədə ifadə edirdi. Yaxud Ali Baş Komandanı İlham Əliyev və Vətən müharibəsi qaziləri ilə görüşdə onlara “Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var” səmimi müraciətində, bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş bir Siyasi Xadimin milli xarakteri inikas olunurdu.
Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımına məhəbbəti də danılmazdır. Bu məhəbbəti Mehriban xanım Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xarizmatik obrazı, cazibadar siması, modern düşüncəsi ilə Azərbaycanda hər bir ailənin sevimli övladıdır.
Xanım Mehriban Əliyeva, eyni zamanda, Yeni Azərbaycan Partiyası sədrinin Birinci müavinidir. İqtidar partiyasının lideri, Prezident İlham Əliyevin dayanıqlı islahatçılıq, hərtərəfli tərəqqi və yeniləşmə kursunda, azad Qarabağın dirçəlişində Birinci vitse-prezidentin də Güclü dövlət rifahlı cəmiyyət prioritetində fəaliyyəti önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən, adı Azərbaycan tarixinə qalib dövlət başçısı kimi yazılan İlham Əlyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın Birinci xanım və qadın lider missiyası gender strategiyasının vəhdəti kimi Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin davam etdirilməsinə xidmət edir. Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın Qalib Ali Baş Komandanı Prezident İlham Əliyevin sadiq silahdaşı, yeniləşən və Qarabağda Zəfər çalan Azərbaycanın dövlətinin ikinci ali Rəhbəridir.
“Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən Xanım Mehriban Əliyeva, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya gender tarixinə yazılan bəşəri humanizm daşıyıcılı fenomen ictimai-siyasi xadimdir.
Fikrimi Birinci vitse-prezidentin məntiqli kəlamı ilə bitirmək istəyirəm: “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağda eşitməkdir”.
Bizim Mehribanımız – Xanım Birinci vitse-prezident, Uca Tanrı bizə Sizin bu arzunuzu qismət etdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu Qarabağda Zəfər çaldı, Şuşada “Qarabağ” sədası səsləndi.

Rəna MİRZƏZADƏ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, professor

"Science.gov.az"