24.08.2021, 19:30 - Baxış sayı: 534

Müstəqilliyə gedən yol: Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar - II MƏQALƏ


Siyasi varislikdən qüdrətli dövlətçilik fəlsəfəsinə
Müstəqilliyə gedən yol: Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar - II MƏQALƏHeydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti




I məqalə ilə buradan tanış olmaq olar

1991-ci ildə müstəqilliyimizə nail olmağın çətin tarixi sınaqları və bu sınaqlarda şəxsiyyət və zaman anlayışlarının ümummilli mahiyyətinin açılması göstərir ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət kimi yeni siyasi sistemdə həm də yeni tarixi reallıqlar yaradan şəxsiyyətdir. Ona görə də elmi ədəbiyyatımızda 15 iyun Milli Qurtuluş Günü kimi tarixiləşmişdir. Həmin gün xalqımızın həyatında yeni bir başlanğıc, tərəqqi yolunda keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyulub. Onun mahiyyəti və sonrakı tarixi proseslərə başlanğıc verməsi praktiki baxımdan ümummilli nəticələrin miqyası ilə özünü sübuta yetirmişdir. Daha dəqiq ifadə etsək Heydər Əliyev şəxsiyyətinin malik olduğu xarizma millətin taleyinin bilavasitə xaosdan, böhrandan, anarxiyadan xilas edilməsini, inkişafa, sabitliyə, ən vacibi çoxminillik dövlətçilik tarixində ilk dəfə xalq - ümummilli lider harmoniyasından yaranan milli gücün unikallığının dərki prosesini şərtləndirib. Bu dərketməni isə Heydər Əliyev təfəkküründən müdrikliyindən kənarda təsəvvür etmək mümkün deyildir. Deməli, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin hədəfində azad və müstəqil dövlət qurmaq uğrunda mübarizəsi ilə mümkün tarixi şəraitdə zamanı qabaqlamaqla reallaşdırmaq məharəti arasında çox böyük xarizmatik təfəkkür, iti düşüncə və milli ruha bağlılıq vardır.
Bu baxımdan, 1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan Ulu Öndər siyasi iradəsini ilk olaraq Naxçıvan MR üzləşdiyi çətinlikləri dəf etməkdə reallaşdırdı. 1993-cü ilin yayında isə Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda, xalqın təkidi ilə hakimiyyətə qayıtması xalqının xilaskarlığı yolunda mübarizəsinin məntiqi davamı idi. Odur ki, 1993-cü il iyunun 15-dən Azərbaycan tarixində Heydər Əliyev dövrünün yeni, daha əzəmətli mərhələsi başlamışdır.
Bu qayıdış ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində xalqın dərin böhrandan xilası-qurtuluşu idi. Ulu Öndər özü dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq, əbədiliyini dönməzliyini təmin etmək daha da çətindir.Yuxarıda qeyd etdiyimiz kimi, hələ 1969-1982-ci illərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi, iqtisadi əsaslarının yaradılması ilə 1993-cü ildən sonrakı mərhələ arasında xüsusi bir əlaqə, məntiqi davamlılıq vardır. Məhz həmin baza əsasında Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra nankor ermənilərin təcavüzünə baxmayaraq, öz suverenliyini qoruyub saxlaya bilmiş və böyük inkişaf yoluna qədəm qoymuşdur. Çox qısa zamanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün ciddi sosial-iqtisadi, siyasi islahatlar dövrünün başlanması ilə Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyəti ələ kecirmək praktikasına əslində son qoyuldu. Dövlət və xalq arasında möhkəm birliyin əsasları yaradıldı. Onun ümummilli gücü ifadə edən hədəfləri müəyyənləşdirildi. Daha önəmlisi isə odur ki, Heydər Əliyev dövlətçilikdə irəli sürdüyü əsas prinsiplərdən biri kimi ölkəmizdə qanunun aliliyinin təmin edilməsinə çox qısa vaxtda nail oldu. Dövlətin mövcudluğunun bu prinsip əsasında mümkünlüyü idarəcilik sisteminin özəyini təşkil edən yeganə vasitəyə çevrildi. Qanunçuluq prinsipi bir tərəfdən qanunun aliliyidirsə, digər tərəfdən isə zamanın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsinin təminatçısıdır kimi konsepsiyanın tətbiqi uğurla həyata kecirildi. Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “dövlət xalqa xidmət etməlidir, dövlətin xalqa xidmət etməsi üçün dövlət məmurları, dövləti idarə edən şəxslər daim xalqla təmasda olmalıdır”. Elmi yanaşma onu göstərir ki, Heydər Əliyevin dövlətçilik təlimində bu strateji xətt mühüm əhəmiyyətə malikdir. Digər önəmli məsələ odur ki, 1993-cü ilin iyun hadisələri zamanı yaranmış vətəndaş müharibəsi təhlükəsi dahi siyasi xadimin müdrik siyasi iradəsinin gücü ilə qısa zamanda aradan qaldırıldı. Bu istiqamətdə ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı ki, bu da möhkəm dövlətçiliyin bərqərar olması üçün ən mühüm amil idi. Heydər Əliyev yaranmış gərgin siyasi vəziyyəti tənzimləməklə eyni vaxtda dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi həm də Milli Ordunun yaradılması yolunda bütün potensial imkanları səfərbər etdi. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidar ordu quruculuğunda çox ciddi böhranın baş qaldırmasına yol açmış, vahid komandanlığın isə olmaması dövlətin hərbi strategiyasını iflasa uğratmışdı. Belə şəraitdə nizami ordu quruculuğunun nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyildir. Bu taleyüklü məsələdə uğurlu addımlara Heydər Əliyev iradəsi və gücü sayəsində qısa zamanda nail olundu.
Ulu Öndər Heydər Əliyevin siyasi xarizması qısa zamanda möhkəm dövlətçiliyin əsasını qoymaqla həm də ölkəmizi xarici qüvvələrin mübarizə poliqonundan xilas etdi. 1994-cü ilin oktyabrında xarici qüvvələrin dəstəyi ilə bəzi dairələrin Azərbaycanda dövlət çevrilişlərinə cəhdlərinin qarşısı alındı. Dövlətçiliyimizə qarşı yönələn bu məkrli niyyətlər puça uğradıldı. Həmin tarixi məqamda Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə edilən cəhdlərin qarşısının qətiyyətlə alınması Azərbaycan xalqının öz siyasi lideri ətrafında mütəşəkkil birliyini təsdiqləmiş oldu. Bu tarix ona görə mühüm əhəmiyyət kəsb edir ki, Azərbaycanı parçalamaq niyyətləri həmişə olduğu kimi, bu mərhələdə də təsadüfən baş verməmişdi. O zaman-zaman xalqımızı istəməyən qüvvələrin ənənəvi riyakarlığının qarşısına qoyduğu məqsədli və məkrli siyasətin davamı idi. Həmin dövrdə Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, Xəzər regionunun əməkdaşlığa açıq elan olunması, qlobal layihələrin Azərbaycanın iradəsi ilə reallaşdırılması yolunda həyata keçirilən konsepsiya Azərbaycanı istəməyən qüvvələrin rahatlığını pozmaqda mühüm rol oynadı. 1994-cü ilin oktyabrında dövlət çevrilişinə edilən cəhdin davamı olaraq 1995-ci ilin martında yenidən dövlət çevrilişinə cəhd olundu. Bu cəhdlərin qarşısı da Heydər Əliyev müdrikliyi ilə alınaraq Azərbaycanda silah yolu ilə hakimiyyətə gəlmək ənənəsinin mümkünsüzlüyü sübut olundu. Belə avantüradan doğan mübarizə üsulu Azərbaycan siyasi səhnəsindən praktiki olaraq çıxarıldı. Dövlətcilik tariximizdə bu addım həm də onu sübut etdi ki, hakimiyyətə gəlmək və güclü dövlət qurmaq yalnız demokratiyanın, hüquq aliliyinin, insan və vətəndaş azadlıqlarının təmini sayəsində mümkündür. Belə də oldu və ictimai-siyasi sabitliyin təmin edilməsi yolunda qanunun aliliyi prinsipi, uğurlu iqtisadi islahatlara açılan yol 1995-ci ildə ölkənin Ali Qanunu- Konstitusiya Aktının qəbul edilməsi, mütərəqqi qanunvericilk bazasının əsaslarının hazırlanması ilə özünü təsdiq etdi. Yuxarıda qeyd etdiyimiz kimi, unutmamalıyıq ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması idi. Bununla da Azərbaycanın neft strategiyası dünyanın siyasi və iqtisadi mənzərəsinə mühüm təsiri ilə həm də siyasi balanslaşdırılmanı təmin etdi. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” ilə bu strategiya reallığa çevrildi. Dünyanın ən böyük neft şirkətləri həmin zamanda bu narahat bölgəyə yalnız Heydər Əliyev şəxsiyyətinə olan inamınıın sayəsində investisiya qoymağa qərar verdilər. Bu böyük inam Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Böyük İpək yolu və Bakı–Tbilisi–Qars dəmiryolu kimi dünyada analoqu olmayan geosiyasi layihələrin reallaşmasına şərait yaratdı. Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələrin praktiki baxımdan maraqları iflasa uğradıldı. Bu istiqamətdə Heydər Əliyev müdrikliyi region və dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı fonunda çox hadisələrin məcrasını dəyişdi. Bu böyük siyasətin davamı və məntiqi nəticəsi isə o idi ki, XXI əsrin astanasında Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək, regionda gedən siyasi proseslərin mahiyyətini analiz etmək mümkün deyildir. Cünki dövlətciliyin möhkəm təməl prinsipləri təkcə həmin dövr ücün deyil, gələcəyə yönələn hədəfləri təyin etməklə həm də milli ideologiyanın uzunmuddətli və tarixi ənənələrdən qaynaqlanan bazasını yaratmışdır. Bu prinsiplərin milli və bəşəri mahiyyəti azərbaycançılıq ideologiyasına dövrün tələbləri səviyyəsində konkret nəzəri məzmun verməsindədir. Dahi şəxsiyyət azərbaycançılığın dövlətin siyasi ideologiyasi səviyyəsinə yüksəlməsi ücün onun konseptual əsaslarını da hələ sovet dövründən hazırlamışdır. Tarixi prizmadan baxanda Heydər Əliyev siyasi millətin formalaşması prosesində cəmiyyətin bütövlüyünü saxlamağın əsas şərtlərini zamanında müəyyən etmişdir. Həmin kontekstdə Heydər Əliyev zəkası siyasi mədəni ideoloji mənəvi və əxlaqi faktorların Azərbaycan toplumunun bütövlüyü naminə sintezini yarada bilmişdir. Bu zaman hər birimizin diqqətini cəkən əsas məqamlardan biri müstəqil dövlətçilik prizmasında bütövlüyün daxili və xarici şərtlərinin müəyyən edilməsi məsələsi olmalıdır. Belə ki, azərbaycançılq ideologiya kimi əslində, cəmiyyətin daxilindəki milli etnik münasibətləri dövlətçilik naminə nizamlamağın yollarıni müəyyən edir. Tam əsaslıdır ki, SSRİ-nin süqutundan sonra Azərbaycanın dövlət, cəmiyyət və millət olaraq bütöv halında inkişaf etməsinin siyasi nəzəri əsaslarında bu məqamlar ayrıca yer tutut. Məhz yuxarıda sadalananların hesabına Heydər Əliyevin liderliyi ilə Azərbaycan bütün böhranları aşa bilmişdir. XX əsrin ortalarından başlayan bu müdrik siyasi xətt XXI əsrin əvvəllərində konkret olaraq ğüclü dövlətcilik strategiyasının formalaşması ilə özünü təsdiq etdi. Prezident İlham Əliyevin siyasi müdrikliyi isə bu strategiyanın davamlı tarixi uğurlar qazanmasına imkan yaratdı.

Siyasi varislikdən qüdrətli dövlətçilik fəlsəfəsinə...

Biz qüdrətli dövlətçilik fəlsəfəsini ona görə siyasi varisliklə müqayisə edirik ki, siyasi varislik müasir Azərbaycanın siyasi və ictimai mühitində İlham Əliyevin dövlət idarəetmə sistemindəki uğurlu fəaliyyəti ilə tarix və müasirliyi bağlayan vahid ümumxalq gücünün ifadəsində cəmləşib. Məlumdur ki, İlham Əliyev Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməklə Ulu Öndər Heydər Əliyevin siyasi xəttini Azərbaycanın inkişafı və tərəqqisi ücün prioritet kimi qarşıya qoymuşdur. Son 18 ildə qarşıya qoyulan hədəflərin mahiyyətini və nəticələrini şərh edərkən açıqca bəlli olur ki, bu tarixi dövr ölkənin sürətli inkişafını təmin edən çevik idarəetmə sisteminin formalaşmasını bilavasitə bərqərar etmişdir. Qarşıya qoyulmuş coxsaylı islahatlar, irəli sürülən yeni-yeni konsepsiyaların təkcə ölkəmiz ücün yox, region və dünya üçün səmərəli nəticələri Prezident İlham Əliyevi Cənubi Qafqaz regionunda, hətta dünya siyasi məkanında Heydər Əliyevdən sonra alternativsiz siyasi liderə çevrilməsinin elmi əsaslarını formalaşdırmışdır. Burada milli varlığımızın qüdrətini şüurlara hopduran güclü ideoloji təfəkkürlə ümummilli düşüncə sistemi arasında xüsusi bir əlaqə görmək mümkündür. Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək bizim ən vacib vəzifəmizdir”. Bu vəzifəni həyata keçirərkən millətin vahid ideya ətrafında birləşdirilməsi zərurəti yaranmışdır ki, dahi siyasi xadim bu tarixi vəzifəni zamanında həll etdi. Siyasi varis olaraq Prezident İlham Əliyev isə cəmiyyətin qarşısında duran bu önəmli vəzifə ilə bağlı demişdir: “Biz güclü, demokratik cəmiyyət qurmaq əzmindəyik. Cəmiyyətdə hər bir vətəndaş bütün haqlardan, verilmiş azadlıqlardan istifadə etməli, onların bütün hüquqları və azadlıqları qorunmalıdır”. Bu tarixi kəlamlar millətin gücünün və potensialının mümkün tarixi şəraitdə səfərbər edilməsinə cağırış idi. Bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çevik siyasət nəticə etibarı ilə Azərbaycan xalqını Heydər Əliyev ideyalarına əsaslanan güclü dövlətçilik uğrunda mübarizədə birləşdirdi. Siyasi varislikdə xalq-lider vəhdətinin unikallığının Azərbaycan modeli qələbələr və zəfər səlnamələrinin avanqardına cevrildi.

İnformasiya məkanında qərəzli sədləri sındıran dəmir iradə

Yaxın onilliklərin tarixi hadisələrinin şərhi bir daha sübut etdi ki, dövlətçilik strategiyasında istənilən addım Azərbaycanın inkişafı ücün dividentlər gətirib. Hətta zaman-zaman itirdiklərimizin bərpası ilə yanaşı, yeni dünya nizamında Azərbaycan həqiqətlərinin bərqərar olması kimi ümummilli məsələlərin müzakirəsi hər zaman qələbə ilə başa çatıb. Erməni silahlı qüvvələrinin və onların havadarlarının regiondakı sabitliyi pozmaqla xalqların həyatına böyük faciələr gətirməsini qəbul etmək istəməyən qüvvələrə onların uydurduqları yalançı erməni miflərinin mahiyyəti nəinki sübut olundu, hətta bu miflər darmadağın edildi və əsl tarixi həqiqətlər Azərbaycanın iradəsi ilə elmi siyasi müstəviyə gətirildi. Burada Prezident İlham Əliyevin siyasi iradəsindən doğan xalq diplomatiyasının kökündə Azərbaycan xalqına qarşı tarixi ədalətsizliyə səbəb olan sədlərin sındırılması kimi missiyanın uğurlu nəticələrini görməmək mümkün deyidir. Ən əvvəl II Vətən müharibəsinin başlanmasınadək Prezident İlham Əliyevin planetar təfəkkürünün gücü beynəlxalq aləmə bu istiqamətdə çox ciddi dərslər və mesajlar verdi. Daha sonra dünya informasiya məkanında Azərbaycanın gətirdiyi ədalətli və qərəzsiz arqumentlər riyakar qüvvələri fakt qarşısında qoymaqla, həm də Azərbaycan xalqının qəhrəmanlıq potensialının nəyə qadir olduğunu anlatdı. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin ideyalarının siyasi varisliklə müqayisəsi deməyə əsas verir ki, bu tarixi missiya xalqın özünüdərk prosesində siyasi liderin xarizması ilə sıx bağlıdır və demək olar ki, onun hərəkətverici qüvvəsidir. Ən mühüm nəticəni 2020-ci ildə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin timsalında gördük. Bu ümumxalq mübarizəsi göstərdi ki, xalqın qələbə əzmi onun milli lider ətrafında mütəşəkkil birliyindən keçir. Onun formalaşması, xalq üçün uğurlu nəticələri isə möhkəm siyasi iradənin, müdrik təfəkkürün təsiri ilə zaman-zaman çox çətin tarixi şəraitdə mümkün olmuşdur. Odur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçilik strategiyasında qarşıya qoyduğu uzaqgörən hədəflərlə, İlham Əliyevin qüdrətli siyasi liderliyi arasında xüsusi bir bağlılıq vardır. Bu Azərbaycanı tənəzzüldən tərəqqiyə, məğlubiyyətdən qalibiyyətə, millilikdən bəşəriliyə aparan Heydər Əliyev ideyalarının İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyətindəki inikasıdır. Vətən müharibəsindəki tarixi qələbə bu strategiyanın Azərbaycanın inkişafındakı uzun tarixi zaman alternativsizliyini bir daha sübut etmiş oldu. Biz əslində bu prosesdən yaranan qüdrətli dövlətçilik fəlsəfəsinin uğurlu nəticələrini nəinki Azərbaycanda Cənubi Qafqazada baş verən sulh sabitlik və tərəqqi kontekstində təhlil etməli, nəticələrin bəşəriyyət üçün faydasını gündəmə gətirməliyik. Elmi və siyasi dairələrin diqqəti bir həqiqətin dərkinə yönəlməlidir ki, Azərbaycanın Vətən müharibəsi bölgə xalqlarının sabit, sülh şəraitində yaşamaq imkanları üçün yol acıb. Cənubi Qafqazın təhlükəsizliyinə olan təhdidlərin aradan qaldırılması kimi tarixi vəzifəni həll edib.

Postmüharibə dövründə ağıllı güc bizə nə vəd edir

Azərbaycanın işğaldan azad edilmiş tarixi ərazilərində suverenliyini mütləq formada təsdiq edən 2020-ci il 10 noyabr Bəyənnaməsi bölgədə sülhün bərqərar olması üçün bütün imkanları yaradan mühüm sənəddir. Bu imkanlar Azərbaycanın iradəsi ilə bölgədə yaradılan yeni reallıqların sayəsində mümkün olmuşdur. Təbii ki, işğalçılıq xülyası ilə yaşam tərzi bir sıra qüvvələrin bu reallıqları qəbul etməsi üçün çətin bir prosesdir. Lakin postmüharibə dövrünün reallıqları onu göstərir ki, Azərbaycanın ağıllı gücünün qarşısında irəli sürüləcək hər hansı tələb artıq effektivliyini itirmişdir. Əgər indiyədək bütün qüvvələrin və hüquq mexanizmlərinin bölgəyə dair mövcud olan mövqeləri işğalçılığa rəvac veribsə, tənəzzülə yol açıbsa Azərbaycanın sülh və əməkdaşlıq konsepsiyasından irəli gələn yeni reallıqlara hansı alternativlik ola bilər? İşğalçını müdafiə etmək? İkilistandartlar? Vandalizmi alqışlamaq? Etnik təmizləmə?Təbii ki, Vətən müharibəsində bütün bunlar Azərbaycanın siyasi iradəsi ilə öz qiymətini aldı və başqa hec bir neqativ addımın atılmasına yer qalmadı. Ermənistanın ənənəvi siyasi nihilizm xəstəliyi isə bu reallıqları dərk etmədikcə, onun acı sonluğa yaxınlaşmasını qaçılmaz edəcək.

Azərbaycanın geosiyasi balanslaşdırma siyasəti və bölgənin konfiqurasiyası

Azərbaycanın yaratdığı yeni reallıqlardan ən əsası budur ki, Ermənistanın təcavüzkar tərəf olduğu artıq bütün dünyada qəbul edilən inkarolunmaz faktdır, təcavüzkar müharibədə kapitulyasiya olduğu üçün bütün şərtləri qəbul edib və onları yerinə yetirməyə borcludur. Bu şərtlərin yerinə yetirilməməsi yaxud, yayınma cəhdləri Ermənistan üçün ağır nəticələrə səbəb olan yeni məsuliyyətin yaradılması deməkdir. Nəzərə alınmalıdır ki, kapitulyasiya aktının məzmunu və zəruri məqsədi ilk növbədə hərbi əməliyyatların dayandırılması ilə regionda əməkdaşlığın, sabitliyin təmin edilməsini, qarşılıqlı inteqrasiya proseslərinin sülh şəraitində təmin edilməsi məqsədi ilə imzalanan hüquqi baza sənədidir. Burada açıq ifadə olunmuş prinsipləri tərəflər qəbul edərək rəsmən imzalamışlar. Postmüharibə mərhələsində qarşı tərəflər zəruri həqiqəti dərk etməlidir ki, 2020-ci ilin 10 noyabr tarixinə Azərbaycan, Rusiya və Ermənistan tərəflərinin imzaladıqları Bəyanatın 9-cu bəndində əksini tapmış "Zəngəzur dəhlizi"nin açılması istiqamətində Ermənistanın üzərinə düşən öhdəliyin müxtəlif bəhanələrlə uzadılması cəhdləri regionda sabitliyin bərqərar olmasına maneələr yaratmaqla, hətta təhlükəsizliyə olan təhdidlərə yenidən yol açmış olur. Bu prosesdə mövqesizlik, hətta bəyanatın prinsipləri ilə ziddiyyət təşkil edir. Ona görə də 10 iyul 2021-ci il tarixdə Prezident İlham Əliyev Rusiyanın dövlət başıçısı Vladimir Putinlə Moskva şəhərində görüşərkən bu məsələyə dair mövqeyini belə bildirmişdir: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq” Bəyanatın 9-cu maddəsində qarşıya qoyulan bu məqsədlərin mahiyyəti belə şərh olunmuşdur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Lakin bu dəfə də növbəti riyakarlığa əl atan Ermənistanın Baş naziri Nikol Paşinyan sənədin bu maddəsini təhrif etməyə cəhd etmiş və bildirmişdir ki, guya rəsmi Bakı Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolunun açılmasından imtina edib. Təəssüflər olsun ki, Ermənistanda boşboğazlıq edib müharibədən və ya Zəngəzurla bağlı reallığı əks etdirməyən məsələlərdən danışanlar erməni cəmiyyətinin də xeyirinə olacaq beynəlxalq layihələrin reallaşmasını bu sərsəm fikirlərlə əngəlləmiş olduqlarının hələ də fərqində deyillər. İstər Ermənistanın, istərsə də onun havadarlarının belə uğursuz cəhdlərlə Azərbaycanın iradəsinə qarşı addım atma cəhdləri əslində siyasi spekulyasiyadan başqa bir şey ola bilməz. Çünki əvvəla, Zəngəzur dəhlizi dövlətlərarası əməkdaşlığın iqtisadi dividentləri üçün çox ciddi prioritet kəsb edir. Onun reallaşmasına maneənin törədilməsi dövlətlər üçün böyük iqtisadi itki deməkdir. İkincisi, bu gün ən yaxşı halda dəhlizin tələb edilməsi Ermənistana edilən güzəştdir. Tarixi siyasi reallıqlar sübut edib ki, sonradan Ermənistan adında yaradılan qurama dövlətin tərkibinə verilən Azərbaycanın Zəngəzur mahalı vaxtilə böyük siyasi oyunların qurbanına çevrilib. Azərbaycan hazırda bu kimi tarixi hadisələrə olan münasibətini ortaya qoyub və baş vermiş ədalətsizliklərin cavabını soruşmaq haqqına malikdir. Üçüncüsü, Ermənistanı himayə edən dövlətlər anlamalıdırlar və anlayırlar ki, “məzlum erməniçiliyə” himayədarlıq etmək onlara ağır iqtisadi siyasi zərbə vurmaqdan başqa indiyədək hec nə verməyib və verməyəcək də. Bəs onda əməkdaşığa maneə törətmək hansı siyasi mətiqə sığır və buna kim razı ola bilər? Təbii ki, bu, qəbuledilməzdir. Ona görə də qarşılıqlı etimad mühitinin yaradılması ilə böyük perspektivlərə nail olmağın ən etibarlı vasitə olduğunu Azərbaycanın iradəsi və zamanın reallığı göstərməkdədir.

Şuşa Bəyənnaməsi tarixi reallıqların düzgün dərkini qarşıya qoyur

2021-ci il 15 iyun tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa şəhərində imzaladıqları Bəyənnamə xüsusi tarixi əhəmiyyətinə görə beynəlxalq arenada bir çox analitiklərin təhlil obyektinə çevrilmişdir. Azərbaycan xalqının qəhrəmanlıq simvolu olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərinin çoxtərəfli istiqamətlərini əhatə edən Bəyannamə Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin isə xüsusi rəmzi mənası vardır. O biri tərəfdən hər iki müttəfiq ölkə tarixi hadisələrin hazırkı dönəmində bölgədə müşahidə olunan xarici qüvvələrin maraq və mənafelərinə tutarlı cavab olaraq zəruri tarixi missiyanın həllinə bu Bəyənnamədə qarşıya qoyulan vəzifələrlə nail oldular. Azərbaycan Türkiyə müttəfiqliyinin miqyası və potensial imkanları bir sıra qüvvələrin özləri üçün ölcü götürməsini gündəmə gətirdi. Biz regionun geosiyasi mənzərəsində həmişə müşahidə edirik ki, tarixin təkrarlanması, oxşar hadisələrin baş verməsi Azərbaycanın mənafeyinə zidd addımların cərəyan etməsi fonunda özünü göstərmişdir. Sirr deyil ki, indi də bölgə uğrunda bir sıra region və Qərb dövlətləri öz maraqları baxımında müxtəlif mübarizə üsulları seçməkdədirlər. Fərqli zamanlarda bu maraqların qurbanına cevrilmiş bir sıra milli problemlərimiz sonralar çətin tarixi vəzifələrin həllini qarşımıza çıxarmışdır. Ona görə də Şuşada Türkiyə lideri ilə Bəyannamənin imzalanması zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qars müqaviləsinə və onun sonrakı hadisələrə təsirinə diqqət yetirmiş və demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Fərqli zamanlarda və tarixi şəraitdə mövcud olan hər iki müqavilələrin mahiyyətində bizi düşündürən o hal olmalıdır ki, Azərbaycan 100 il bundan əvvəl böyük təzyiqlərin altında dərin siyasi böhran yaşadığı halda bu gün qardaş Türkiyə Respublikası ilə Şüşa şəhərində Zəfər bayramını qeyd etməklə həm də bölgənin taleyini həll edirlər. Dövlət başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa edərkən həm də Şuşa Bəyannaməsi ilə dünyanın tarixi gerçəklikləri qəbul etməsi ücün rəsmi mövqe sərgilədilər. Bu mövqenin son iki yüz ildən artıq bir dövrdə yeni geosiyasi reallıqlara Azərbaycan tərəfindən verilən başlanğıc olduğu tamamilə haqlı və əsaslıdır.
(davamı var )

İlham Məmmədzadə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor
Sənan Həsənov
YAP Fəlsəfə və Sosiologiya İnstitutu Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent