25.06.2021, 12:41 - Baxış sayı: 526

Qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara təsiri


Milli Qurtuluşdan başlayan zəfər yolu

Müstəqilliyimizin və milli birliyimizin sarsıldığı tarixi bir məqamda Heydər Əliyev dühası xalqının xilaskarlıq missiyasını yerinə yetirməklə öz taleyini Azərbaycan xalqının canı-qanı bahasına əldə etdiyi müstəqilliyinin qorunmasının qarantına çevirdi. Ona görə də 15 İyun – Milli Qurtuluş Günü zəfər tariximizə aparan yolun dönüş nöqtəsi kimi Heydər Əliyev xilaskarlığının əsl mahiyyətinin dərk edilməsi üçün tarixi gerçəkliklərin təhlilində həmişə diqqət mərkəzində olub. Odur ki, biz xalqın siyasi yetkinliyinə səbəb olan vahid ideologiyanın, dövlətçilik şüurunun gücünə söykənən qüdrətli siyasi varisliyin və xalq-lider-ordu birliyinin nəyə qadir olduğunun nəticələrindən tarix yazırıq. Bu tarix Azərbaycanı yenidən parçalamaq uğrunda hələ 1990-cı illərdən yenidən mübarizəyə başlayan məkrli qüvvələrin niyyətlərini iflasa uğradan müdrik siyasətin qələbə və zəfər fəlsəfəsidir.
Milli Qurtuluş Gününün əsl mahiyyətini öyrənərkən bir vacib tarixi məqamı bilməliyik ki, həmin tarixi andan başlayan xilaskarlıq, inkişaf, tərəqqi məhz Vətən müharibəsində, qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara etdiyi təsirləri tamlaşdırıb, dolğunlaşdırıb, onu əbədi olaraq xalqın yaddaşına çevirib.

İfrat erməni millətçiliyinin iflası

Erməni kilsəsinin yaratdığı “ermənilik” sindromu öz təzahürlərinin yeni formasını XXI əsrdə də davam etdirməkdədir. Bu sindrom Ermənistanı faktiki olaraq uçuruma aparan, böhrana və müstəqilliyinin asılı vəziyyətə salınmasına düçar edən acı sonluqla nəticələnməsini qaçılmaz etmişdir. Həqiqət isə budur ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması kimi aqoniya nə qədər davam etdisə Ermənistanın müstəmləkəçiliyin əsirinə çevrilməsi bir o qədər dərinləşdi.
Azərbaycanın atdığı addımların isə əslində, belə siyasi riyakarlığın, zərərli ideologiyanın təsirindən regionu xilas etmək siyasətinə söykəndiyi o zaman qarşı tərəfin havadarlarına agah oldu ki, artıq Ermənistan bütün beynəlxalq, regional layihələrdən təcrid olunub, iqtisadi cəhətdən sarsılıb, çökməyə məruz qalıb. Açıq həqiqətdir ki, Azərbaycanın çox ağıllı və düşünülmüş şəkildə balanslaşdırılmış siyasi kursu Ermənistanda fəaliyyət göstərən belə xunta rejiminin iflasa uğradılmasını qaçılmaz etmişdir. Bu siyasət heç də təsadüfün nəticəsi deyil, siyasi məharətin və mütərəqqi baxışların reallıqdan doğan təzahürü idi. Ölkəmizin irəli sürdüyü mütərəqqi təşəbbüsləri Ermənistanın dərk etməməsi, aqressiv mövqeyi, siyasi naşılığı Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etməsi kimi iradəni ortaya qoymasına zərurət yaratdı.
Neçə illərdir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz təşəbbüsləri ilə BMT Baş Assambleyasının iclaslarında, digər çoxsaylı beynəlxalq tədbirlərdə dünyanın millətçilik və işğalçılıq meyillərindən imtina edib, yeni dünya nizamında ədalətin, bərabərliyin, insan haqlarının, demokratiyanın tərəfdarlarını sözdən əməli işə çağırırdı. Çox təəssüflər olsun ki, beynəlxalq siyasətin söz sahiblərinın milyonlarla insanların taleyinə, tapdanmış hüquqlarına münasibəti “qara qüvvələrin” əlində vasitəyə çevrilərək idarə olunması özünü göstərdi. Bu zaman beynəlxalq güc mərkəzlərinin fəaliyyətinə olan inamın itməsi isə təbiidir. Tam elmi əsaslıdır ki, Azərbaycanın belə həssas məqamda bəşəriyyətin taleyinə yanaşma konsepsiyası birmənalı olaraq yeni reallıqların bərqərar olması üçün həm stimul, həm də zərurətdir.
Bir faktı qeyd etmək yerinə düşür ki, Vətən müharibəsinin nəticələrindən sonra işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın hökm sürmüş acınacaqlı vəziyyət, vandalizmin və erməni vəhşiliklərinin analoqunun olmadığını göstərir. Bəs belə özbaşınalığa göz yumulmasının izahı hansı anlama gəlir? Deməli, erməni faşizmi və onların havadarlarının dünyanı hansı fəlakətlərlə üz-üzə qoyması faktı açıqca görünən həqiqətlərdir. Müharibədən sonra terrorçu, təxribatçı hərəkətlərə cəhdlər isə Ermənistanın yenə də onu faciəyə düçar edən təfəkkürdən ayılmamasının göstəricisindən başqa bir şey deyildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 fevral 2021-ci il tarixdə xarici media nümayəndələrinin suallarını cavablandırarkən mövcud vəziyyəti belə şərh etdi: “Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat – biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də davamlı sülh yalnız imzalanmış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir sülh üçün şərtimiz ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır”.
Bu gün siyasi reallıqlar həm də onu göstərdi ki, Ermənistanın etdiyi bütün ədalətsizliklər istər Sovetlər Birliyi vaxtında, istərsə də sonrakı dönəmdə erməni lobbisi nümayəndələrinin fəaliyyəti ilə aparılmış və bu ədalətsizliyə isə əslində, müxtəlif dairələr tərəfindən rəvac verilmişdir. Vaxtilə Azərbaycanın əleyhinə ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş də belə ədalətsizliklərdən biri idi. Beləliklə, bütün bunlar erməni faşizmi ideologiyasının təzahürləri kimi uzun illər cavabsız qalsa da nəticədə Azərbaycan bu ədalətsizliyə qarşı öz adekvat cavabını verərək özü təkbaşına ədaləti bərpa etdi.

Dağlıq Qarabağ münaqişəsi tarixdir

Bu gün Azərbaycan ictimaiyyətində və xarici dövlətlərin bəzi dairələrində səslənən Azərbaycanın Vətən müharibəsindəki hərbi-geosiyasi-ideoloji gücünə dair təhlillər mahiyyət baxımından hələ uzun illər müzakirə obyekti olacağı tam əsaslıdır. Lakin bu proses mahiyyət və nəticə baxımından dəqiq və əsaslı qənaətlərin olmasını tələb edir. Məsələn, bir sıra revanşist dairələrin “Dağlıq Qarabağın statusu məsələsi tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz” kimi iddiaları köhnə xülyalara söykənir. Belə yanaşma, aydın məsələdir ki, münaqişə haqqında uzun illər formalaşan “nə sülh, nə müharibə” formatının təsiri altına düşməyin təzahürüdür. Ancaq siyasi reallıqların dərki prosesi zərurətə çevrildiyini kim inkar edə bilər? Təbii ki, heç kim. Birincisi, ona görə ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi Azərbaycanın iradəsindən kənar heç vaxt müzakirə mövzusu olmayıb,
İkincisi, Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddəratının önəmini tolerant və multikulturalizm ənənələrində artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək, mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayış konsepsiyasının inkişafı üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevirməkdə tam haqlıdırlar.
Üçüncüsü, dünyada ikinci erməni dövlətinin yaradılmasına dair absurd ideologiyanın bəşəriyyətin taleyində hansı fəsadlara gətirib çıxara biləcəyi indiki mərhələdə Azərbaycanın qarşıya qoyduğu ədalətli və ağıllı siyasətlə dünyaya mesaj olundu. İndi Ermənistan adlı dövlətin hətta mövcudluğu da məhz bu ağıllı konsepsiyanın düzgün dərkindən asılıdır. Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub fikrini əsaslandırarkən biz onu xüsusi qeyd etməliyik ki, otuz illik davam edən danışıqlar prosesinin heç bir nəticə verməməsinin ən böyük səbəbi də dünyanın bu proseslərə birtərəfli yanaşması olub. Erməni tərəfinin bölgə üçün yersiz və çox təhlükəli bəyanatları onların absurd iddialarını faktiki olaraq “dəmir yumruğ”a məhkum etməsi, əslində, tarixi zərurət idi. Bu, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” deməsi olan və digər motivli sərsəmləmələrinin nəticələri kimi onları faciəvi sonluğa məhkum etdi. Deməli, tarixə ləkə vuran, xalqların hüquqlarını tapdalamaq yolu tutan, özgəsinin ərazisində qurama dövlət yaratmaq istəyən istənilən cəhdin Azərbaycan üçün anlamı yoxdur və bu problemin həlli yalnız xalqın və onun güvənc yeri olan sərkərdəsinin iradəsindən doğan qəzəblə bitməlidir. Azərbaycan xalqının iradəsini ifadə edən siyasət bu prosesin dönməzliyi haqqında müzakirəyə yer qoymur.
Dördüncüsü, Azərbaycan dünyaya isbat etdi ki, xalqın mövcudluğu onun Vətən təəssübkeşliyindən bilavasitə asılıdır və xalqlar bu həqiqətdən doğan nicat yolunu tutmalıdır. Ötən 30 ildə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət onu göstərdi ki, həyata keçirilən beynəlxalq layihələr, iqtisadi-siyasi əməkdaşlıq kursu xalqların inteqrasiyası üçün, elə bir doğru yoldur ki, bu onların milli inkişafını şərtləndirən mühüm amildir. Xalqlar anlamalıdır ki, vətənçilik beynəlmiləlçiliyin düzgün dərkindən keçir... Azərbaycan bunun üçün dünyada yeni reallıqların dərki prosesinə yol açmışdır. Prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu haqqında “status yoxdur, ola da bilməz. Ermənistan və erməni xalqı tərəfindən bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar” kimi tarixi fikri nə qədər ki, gec deyil, yanlış təfəkkürdən erməni xalqının xilas olmasının effektivliyini ortaya qoyur. Çünki Azərbaycan dövləti heç vaxt milli ayrı-seçkilik siyasəti aparmayıb və bu gün də XIX əsrdə Azərbaycan ərazisinə köçürülmüş erməni əhalisinin ölkəmizin vətəndaşları olaraq yaşamasına dövlətimiz qarant olduğunu bəyan etmişdir. Prezident İlham Əliyev bu siyasətin mahiyyətini nəzərə alaraq demişdir: “Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər. Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.

Türkiyə Qafqazda etibarlı sülhün tərəfdarıdır

Vətən müharibəsində regionun böyük dövləti olan Türkiyənin mövqeyi Azərbaycana bir tərəfdən siyasi və mənəvi dəstək olduğu halda, o biri tərəfdən bir çox qüvvələr üçün çox ciddi mesaja çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlardan qaynaqlanan fikirləri onu deməyə əsas verir ki, Qafqaz geosiyasi məkanında müxtəlif vaxtlarda öz maraq dairəsi baxımından bir sıra dövlətlərin apardığı siyasət bu regionda həlli dalana dirənmiş problemlərin əsasını qoymuşdur. Bu problemlərin mənfi təsiri xalqların həyatından yan keçməmişdir. Azərbaycan Prezidenti müasir siyasi prosesləri şərh edərkən demişdir ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Çünki postmüharibə dövrü, doğrudan da, yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək, görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir. Bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm. Birinci neft kəməri – Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri, görün, nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamanda, Cənub Qaz Dəhlizi. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam və maraqların bölgüsü olsun.
Bu addım Azərbaycanın beynəlxalq əməkdaşlığa növbəti töhfəsi ola bilər. Böhrana düçar olmuş Ermənistanı, əslində, onun havadarları belə bir ağır duruma saldılar. Onun yeganə çıxış yolu isə regional əməkdaşlıqda iştirakındadır. Türkiyə, Rusiya, İran və Orta Asiyanın tranzit əməkdaşlığının fonunda Ermənistanın yer alması bu ölkəni hətta siyasi mübarizələrdən və çəkişmələrdən xilas edə bilər. Azərbaycanın bu regionda hər zaman uğurlu əməkdaşlığın nümunəsi olması Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya formatlarındakı böyük dividendlərlə təsdiqini tapmışdır. Prezident İlham Əliyev bu məsələni şərh edərək demişdir: “Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Biz, bu regionun məsuliyyətli ölkəsiyik”.
Burada bir məsələni də vurğulamaq yerinə düşərdi. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biridir. İlk vaxtlar Türkiyənin təşəbbüsləri də Ermənistanla normal əlaqələr qurmaqdan ibarət idi. Həmişə olduğu kimi, Ermənistanda anti-Türkiyə təbliğatı, təəssüflər olsun ki, davam etmiş, Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilmiş, hətta Türkiyəyə qarşı Ermənistanın əsassız ərazi iddiaları yenidən baş qaldırmağa başlamışdır. Hesab edirik ki, Ermənistanın heç bir əsası olmayan növbəti belə addımı onun Türkiyə kimi regionun sülhməramlı dövləti ilə bütün əməkdaşlığına zərbə vurmuşdur. Bu isə Ermənistanı bütün sahələrdə tənəzzülə aparan əsas səbəblərdən biridir.

Müharibə yolu qaçılmaz idi

Vətən müharibəsinədək Azərbaycanın sülhməramlı missiyasını heç bir dövlət inkar edə bilməzdi. Ona görə ki, Azərbaycan 30 ilə yaxın bir tarixdə yalnız çox sadə və ədalətli mövqedən çıxış etmişdir: Erməni işğalçıları Azərbaycan torpaqlarından çıx-malıdır. Bu sadə həqiqətlərin dərk edilməməsi böyük fəlakətlərə gətirib çıxaran əsas səbəb idi. Əslində, Türkiyə və Pakistan istisna olmaqla dünyanın heç bir ölkəsi erməniləri bu yoldan çəkindirmək üçün heç bir əməli fəaliyyətə malik olmadı. Bir çox maraqlı qüvvələr isə ermənilərə yalan vədlər verməklə onları şirnikləndirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev müharibə ilə əlaqədar bildirmişdi ki, “işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayan-mağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezi¬dent Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub”.
Artıq bütün dünya bilir ki, Azərbaycanın missiyası həmişə sülh olub. Ancaq səmərə verməyən sülh danışıqları və yaxud cəhdləri buna yer qoymadığı halda, təbii ki, müharibə yolunun qaçılmazlığı mövcuddur. Bu gün dünyada dondurulmuş və həlli müşkül münaqişələrin əksəriyyətinin səmərəsiz danışıqlarla uzadıldığı məlum olur. Ancaq bu münaqişədən əziyyət çəkən tərəflərin hərbi yolu seçə bilməsi və belə riskli addımı atmağın məsuliyyətini öz üzərinə götürməsi məsələsi güclü siyasi lider, xalqdan çox böyük siyasi dəstək, milli həmrəylik, mükəmməl ordu və iqtisadi inkişaf tələb edir. Biz ona görə Azərbaycanın qələbəsini təlqin etməyi zəruri sayırıq ki, bütün bu proseslər ilbəil qarşıya qoyulan hədəflərə nail olmaqla, ardıcıl islahatların səmərəli nəticəsi ilə qazanılıb. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində Prezident İlham Əliyev bu məsələnin mahiyyətini şərh edərkən demişdir: “Əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya qoyulmuş hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəflər qoyurduq. Bu siyasətlə ölkəmiz dayanıqlı inkişafı təmin etdi. Azərbaycan çox böyük nüfuzu olan ölkəyə çevrildi”. Dövlət başçısı hələ 2008-ci il 24 oktyabrda Prezident seçkilərindən sonra təşkil edilmiş andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hərbi yolun mümkünlüyü məsələsindən danışarkən lazımi məqamda bu yolun qaçılmaz olmadığı anonsunu vermişdi.

Tarixi yaddaşa qayıdış və gələcəyə baxış

Azərbaycanın strateji baxışları keçmişin, bu günün və gələcəyin reallıqlarını çox aydın baxış və təsəvvürlər vasitəsilə təhlil etmə dövrünü yaşayır. Dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bugünün deyil, mövcud həqiqətlərin tarixinin kökündən izahını verib. Vaxtilə “Arsax müstəqil dövlətdir” kimi dünyanı aldatmağa yönələn cəfəng fikirlərin alt-üst edilməsi də tarixi yaddaşın həqiqətlərinin üzə çıxarılmasına xidmət etmişdir. Ona görə ki, bu addım tarixi faktların dili ilə sübut olunaraq əsl həqiqətin harada olduğunu dünyaya çatdırır. Ermənistan adlı dövlətin tarixən Rusiyadan və digər ölkələrdən asılı vəziyyətdə olması və onların hakimiyyətə gələn siyasətçilərinin maraqlara xidmət edən populist çıxışları, xalqı aldatmaq yolunu tutmaları danılmaz həqiqətlərdir. Bu gün tarixə qayıdış zərurəti Ermənistan üçün ona görə çox vacibdir ki, onların “dövlətçilik tarixi”ndə “Arsax” adlı bir dövlətin mövcudluğu haqqında mif, hətta Ermənistanın mövcudluğunu daha böyük bir sual altında qoya bilər. Çünki onların təfəkkürü yalan miflər yaratmaqdan qabağa gedə bilməmişdir. Nəticə isə göz qabağındadır.
Beləliklə, Azərbaycanın tarixi yaddaşa əsaslanan möhkəm dövlətçilik təfəkkürü nəinki öz ərazi bütövlüyünü təmin etdi, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları haqqındakı stereotipləri belə sındırmış oldu. Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirləri bizim tarixi yaddaşımız və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsidir. Azərbaycan Prezidentinin dediyi kimi, dünyadakı münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək görərik ki, artıq o ölkələrin vətəndaşları da və beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır. Bu, birincisi. İkincisi, burada stereotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillər, onların vəhdəti varsa, deməli, bu stereotiplər qırılacaq. Burada güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi. Amma hər zaman var idi, hər zaman. Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir, səsvermə keçirilməlidir və sair. İndi ictimaiyyət bunu bilir. Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ölkələridir. Kim necə istəyir, elə də qəbul etsin, Təhlükəsizlik Şurasının daimi üzvlərinə – bu ölkələrə “yox!” demək, onların iradəsindən kənarda addımlar atmaq, əlbəttə ki, o qədər də asan məsələ deyildi. Ona görə də güclü siyasi iradə lazım idi.
Azərbaycan Prezidenti əlavə etdi ki, ikincisi, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb və mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırır. Heç bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər dəfə qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. Bu, birincisi. İkincisi, bu, heç vaxt burada – daxildə unudulmasın. Heç vaxt! Həm məcburi köçkünlərdə belə bir ümidsizlik yaranmasın, eyni zamanda, cəmiyyətdə heç vaxt bu mövzu unudulmasın və bu mövzunu gündəlikdə saxlamaq hesab edirəm ki, vacib məsələlərdən biridir. Xüsusilə nəzərə alsaq ki, hər şeyi mən indi olduğu kimi deyirəm. Real vəziyyət onu göstərirdi ki, bu məsələni hərbi yolla həll etmək çox baha başa gələr bizə. Hətta bütün imkanlarımız olsa belə, bunun, necə deyərlər, hesabı çox ağrılı ola bilər. Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlı idik, tarix baxımından, bu, bizim torpağımızdır, beynəlxalq hüquq baxımından, beynəlxalq təşkilatların qətnamələri baxımından bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. Amma nə üçün biz bu torpaqları vaxtı ilə, 1990-cı illərin əvvəllərində itirdik. Çünki idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demişəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib Vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər və təbii ki, digər amillər var, iqtisadi inkişaf və sair. Amma, əgər bu amillər yoxdursa, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil.
Sonda qeyd etmək istərdik ki, qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir. Bu reallıqlar postmüharibə dövründə xalqımızın yenidən siyasi lideri ətrafında birliyinin elə bir ideoloji təfəkkür tərzini formalaşdırıb ki, bundan sonra qüdrətli dövlətimizin qarşısında heç kim, heç vaxt, heç bir təxribat törədə bilməyəcək.

İlham MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor

Sənan HƏSƏNOV,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent ,
YAP-ın Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri