10.05.2021, 13:44 - Baxış sayı: 844

Vətən müharibəsi qənimətlərində Azərbaycan həqiqətlərinə baxış


Radif Mustafayev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu İslam
fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos.


(Ulu Öndər Heydər Əliyevin 98 illik yubileyinə həsr edilmiş birinci məqalə)

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilmişdir. Bu Vətən müharibəsinin iştirakçısı kimi işğalçılardan azad edilmiş Xocavənd rayonu Böyük Tağlar kəndində qərargah rəisim mayor Samiq Əliyevin, batareya komandirim Zaur Gülüyevin, özümün və digər əsgər döyüş yoldaşlarımın vasitəsilə əldə etdiyim ədəbiyyat və sənədlər hərbi qənimətlərimiz olub, fikrimizcə bunların prizmasından Azərbaycan həqiqətlərinə diqqət yetirmək baxımından olduqca lazımlı materiallardır. Belə ki, ölkəmizin qədim və müasir tarixini Azərbaycan və dünya ədəbiyyatı üzrə bildiklərimizlə yanaşı düşmən mənbələri əsasında da müqayisəli şəkildə nəzərdən keçirməyimiz hər şeydən əvvəl bir tədqiqatçı vəzifə borcumuz olub Azərbaycan həqiqətlərinin aşkarlanması və təbliği baxımından da böyük önəm kəsb etməkdədir. Buna görə də biz Ulu Öndər Heydər Əliyevin 98 illik yübeliyinə həsr edilmiş ilk məqaləmizdə elə sözügedən qənimətlərdə əbədiyaşar liderlə bağlı məqamlara diqqət yetirmək, buradakı yanlış, qərəzli, düşmən mövqelərini tutarlı sübut və dəlillərlə ifşa etmək niyyətindəyik.
Əldə etdiyimiz qənimətlər sırasında Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə geniş toxunulmuş ədəbiyyat kimi 2015-ci ildə nəşr edilmiş tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının N.N.Mikluxa-Maklay adına etnologiya və antropologiya İnstitutunun baş elmi işçisi, Rusiya akademiyasının təbiət elmləri üzrə həqiqi üzvü və etnoqrafik ermənişünaslıq sahəsində dünyada tanınmış mütəxəssis kimi təqdim edilən Alla Ervandovna Ter-Sarkisyansın “Dağlıq Qarabağ erməniləri (Tarix. Mədəniyyət. Ənənələr)” adlı iri həcmli (918 səhifə + 40 s. rəngli illüstrasiyalar, xəritələr) kitabı səciyyəvidir. Belə ki, bütün səyləri ilə Qarabağın (Arsaxın), o cümlədən də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin (Azərbaycan Respublikasının) tərkibində olduğunu inkar edib, bunu böyük ədalətsizlik hesab etmiş müəllif, Sovet dövründən bəhs edərkən başqa şəxslərlə yanaşı o zamanlar Azərbaycan SSR DTK-nın rəhbərliyindən başlayaraq Ümummilli lider Heydər Əliyev barəsində çoxlu qeydlər etmişdir. A. Ter-Sarkisyans yazır ki, hələ1969-cu ilin aprelində Heydər Əliyev SovİKP MK-nın nəzdində partiya nəzarəti Komitəsinə Dağlıq Qarabağla əlaqədar qeydlərini ünvanlamışdır. Belə ki, Ümummilli lider H.Əliyevin qeydində deyilir ki, “Dağlıq Qarabağ Muxtar Vilayətində milliyyətçi səciyyə daşıyan təzahürlər baş verir. Son illərdə bu vilayətdə yaşayan milliyyətçi elementlər, eləcə də Ermənistan SSR-nin bəzi sakinləri əhali arasında vilayətin Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşdirilməsi cəhdlərini alovlandırmağa səy göstərməkdədirlər. Bəzi gənclər, o cümlədə də komsomolçular bu milliyyətçi ünsürlərin təsiri altına düşür...DQMV-də gənclərin milliyyətçi hərəkətləri 1968-ci ildə də baş vermişdir” (Тер-Саркисянц А.Е. Армяне Нагорного Карабаха: История. Культура. Традиции. Институт политических и социальных исследований Черноморско-Каспийского региона. -М.: НП ИД «Русская панорама», 2015, - 918 с. +40 с.цв.ил., карты, s.338-339). Həmişə Sovet İttifaqının yuxarı rəhbərliyinə müraciət edildiyini müxtəlif faktlarla göstərmiş müəllif hətta o vaxtlar SovİKP MK-nın katibi M.Suslov və digər nüfuzlu şəxslər tərəfindən bu cəhdlərin qarşısı alındığı təqdirdə, bütövlükdə Azərbaycan və xüsusilə də Ulu Öndər Heydər Əliyev tərəfindən Dağlıq Qarabağdakı ermənilərin oxşar müraciətlərinin “milliyyətçi ünsürlər”in səyləritək qiymətləndirilməsini vurğulamışdır. Hətta o, 1977-ci ildə SSRİ-nin yeni konstitutsiyasının müzakirələri zamanı da ölkənin rəhbər orqanlarına Qarabağ problemi ilə əlaqədar çoxsaylı məktublar göndərildiyini yazır. Guya ən yüksək səviyyədə belə bu problemin olduğunu qəbul etsələr də həllinin qeyri-müəyyən vaxta təxirə salındığını yazmış müəllif bu baxımdan SSRİ NŞ Prezidiumunun 23 noyabr 1977-ci il iclasının pratokolunu misal gətirir. Burada deyilir ki, “Bəzi tarixi şərtlər nəticəsində bir neçə onilliklər əvvəl Dağlıq Qarabağ süni şəkildə Azərbaycana birləşdirilmişdir. Bu zaman vilayətin tarixi keçmişi, onun milli tərkibi, xalqın istəyi və iqtisadi maraqları nəzərə alınmamışdır. Onillər keçsə də Qarabağ məsələsi qalır və əsrlər boyu dostluqla bağlı olan iki xalq arasında narahatçılıq və arzuolunmaz məqamlar doğurmaqdadır. Dağlıq Qarabağı (ermənicə “Arsax”) Ermənistan SSR-iyə birləşdirmək lazımdır. Onda hər şey qanuni yerini tutacaqdır”. Amma buna baxmayaraq müəllif təəssüf hissi ilə qeyd edir ki, “Halbuki, SovİKP MK-nın Siyasi Bürosu bu təklifi kənara qoymuşdur. Dövriyyədə “mürəkkəb”, “çətin”, “vaxtı deyil”, “belə problemlər çoxdur” kimi fikirlər yeralmışdır” (s.339).
A.Ter-Sarkisyans kitabın bir çox yerlərində Dağlıq Qarabağ Muxtar Vilayətində guya acınacaqlı şərait ucbatından əhalinin, xüsusən də gənclərin buradan köçüb getdiklərini vurğulayır. Halbuki, özü də etiraf edir ki, o dövrlərdə baş vermiş şəhərləşmə prosesi kəndlərə və əhali arasında qocaların sayının artmasına təsir etməyə bilməzdi. Amma bütün bunların Azərbaycan hakimiyyəti tərəfindən qərəzli şəkildə həyata keçirildiyini iddia edən müəllifə görə “Halbuki Azərbaycan rəhbərliyinin fikrincə, [DQMV-ə] iqtisadi təzyiq faktorları vilayətin milli (əslində etnik olmalıdır – R.M.) tərkibini daha tez dəyişdirməni həyata keçirməyə kifayət etmirdi” (s.341). Guya Dağlıq Qarabağda azərbaycanlı əhalinin (burada etnik baxımdan qeyri-hay, etnik erməni olmayan əhali nəzərdə tutulur – R.M.) 1970-ci illərə qədər baş vermiş kortəbii mexaniki artımı da hakimiyyət tərəfindən uzun və qeyri-effektiv hesab edilərək “Qarabağ ermənilərinin mənəvi və mədəni həyat sahələrində sıxışdırılmalarını artırmaq qərara alınmışdı” (s.341). Bu əsassız müddəasına “sübut” kimi baş vermişləri təsvir edərkən A.Ter-Sarkisyans vurğulayır ki, “1975-ci ilin martında muxtar vilayətin yaranma tarixinin və sosial-iqtisadi inkişaf proseslərinin yanlış şəkildə işıqlandırılmış Sov.İKP Ümumi Şurasının pleniumu çağırılmışdır” (s.341). Hər baş vermişdə erməniliyə, xüsusən də Qarabağ ermənilərinə qarşı ədalətsizlik olduğunu aşılamağa çalışan müəllif yazır ki, sözügedən “Pleniumda vətənpərvərlik tərbiyəsi məsələlərinə baxılıb milliyyətçiliyə qarşı mübarizədən bəhs edilərək bununla da ermənilərin narazılıqları və onların milli hərəkatı, erməni milliyyətçiliyi nəzərdə tutulurdu” (s.341-342). Hətta pleniumun qəbul etdiyi qərarda vilayətin məsul vəzifələrinə fəal şəkildə “bütün milliyyətlərin nümayəndələri”ndən seçilmələrini A.Ter-Sarkisyans təhrif edərək bildirir ki, “bu əslində o demək idi ki, söhbət azərbaycanlılardan/azərbaycanlıların məsul vəzifələrə təyin edilməsindən gedirdi” (s.342). Belə ki, müəlifə görə “Bu pleniumdan sonra Dağlıq Qarabağ ermənilərinin mənəvi və mədəni həyatlarına Azərbaycanın hakim orqanlarının /dairələrinin müdaxilələri kəskin şəkildə artdı” (s.342). Bəlkə də A.Ter-Sarkisyansı qəzəbləndirən başlıca fakt özünün qeyd etdiyi kimi, hər yerdə “DQMV-i haqqında yazarkən vilayətin yerli əhalisi (o burada Qarabağdakı haylaşdırılmış albanları, Qarabağ ermənilərini nəzərdə tutur – R.M.) azərbaycanlı adlandırılmağa başlandı” (s.342). Sanki Sovet İttifaqının dağıldığı təəssüratını oyadan müəllifdən oxuyuruq ki, “Tamamilə [DQMV-nin] Ermənistanla bütün mədəni əlaqələri, hətta radioverlişlərinin qəbulu da kəsildi” (s.342). Beləliklə də DQMV-də milli tərkibin və kadr siyasətinin kəskin şəkildə dəyişdiyini bildirən müəllif əlavə edir ki, “Qarabağ erməniləri Yeravandan radioverlişlərə qulaq asmaq qadağasından başqa Yeravandan yayımlanan televiziya verilişlərinə, əksər yerlərdə isə Moskovadan yayımlananlara baxmaq imkanından məhrum olmuşdular” (s.343). Görünür yalanlarını bir qədər inandırıcı etmək üçün A.Ter-Sarkisyans davam edir ki, “...Mərkəzi teleyayım proqramlarının birtəhər baxıla bilindiyi yerlərdə görüntünün keyfiyyəti olduqca aşağı idi” (s.343). Bəlkə də nifrətinin ifadəsini gizlədə bilməyən müəllif gileylənir ki, “Əslində yalnız Bakıdan yayımlanan bir proqram və son illərdə İrandan (o da səssiz) yayımlananlar işləyirdi” (s.343). Halbuki, həqiqəti dana bilməyən (amma bacardığı qədər qərəzli vermiş) müəllifdən oxuyuruq ki, “Bakıdan yayımlanan verlişlərin əksər hissəsi Azərbaycan dilində getsə də yalnız həftədə iki dəfə iş vaxtı yarım saat Bakı televiziyası respublikada yaşayan ermənilər üçün erməni dilində proqram yayımlasa da, bunlar Azərbaycanda baş vermiş xəbərlərə həsr edildiyindən təbii ki, erməniləri təmin edə bilməzdi” (s.343).
80-ci illərdə DQMV-dəki təhsil vəziyyətindən də şikayətlənən A.Ter-Sarkisyans bəlkə də ürək ağrısı ilə vurğulayır ki, “O vaxtlardan Azərbaycan dilinin də öyrənilməsi məktəb proqramlarına məcburi fənd kimi daxil edildi” (s.343). Həqiqətən də, yuxarıda qeyd etdiyimiz qənimətlər arasında məsələn, o zamanlar Hadrut rayonunun Böyük Tağlar kənd sakini Mosiyan Bəylər Apsenoniçə 1978-ci ilin 7 iyul tarixində verilmiş səkkizillik təhsil haqqında şəhadətnamədə və həmkəndlisi Çakmazyan Zaven Hambarsumoviçə aid Orta təhsil haqqında Azərbaycan SSR Təhsil Nazirliyinin 1981-ci ilin 10 iyul tarixində verilmiş Attestatda Azərbaycan dili sətrinin önündə azərbaycanca və rusca müvafiq olaraq “keçirilməyib”, “не изуч.” və “öyrənilməyib”, “не обучался” yazılmışdır. Görünür belə bir durum A.Ter-Sarkisyansa daha xoş olduğundan o təəssüf hissi ilə yazır ki, “Əgər Qarabağ ermənilərinin ana dili kimi erməni dilini (xüsusən də, əksəriyyəti üçün bu Qarabağ dialekti idi) hesab etdiklərini nəzərə alsaq onda uşaqların tədrisində əldə rəhbər tutulan Bakıdan göndərilmiş məktəb təhsil sisteminin hansı əlavə çətinliklər törətdiyi aydın olurdu" (s.343). Əslində 1980-ci illərdə Azərbaycan dövlətinin Mərkəzi Komitənin Birinci Katibi Heydər Əliyevin başçılığı ilə vətəndaşlarına sahib çıxdığı addımlardan narahat olmuş müəllif yazır ki, “Müəllimlər həmçinin son illərdə Yeravandan göndərilmiş tədris proqramları əvəzində onların əksəriyyəti üçün anlaşılmaz dildə olan Bakıdan göndərilmiş proqramların onlara yollanmasından narazı idilər” (s.343-344). Yenə də müəllif vurğulayır ki, “Bu faktlar erməni mühitində, xüsusən də məlum olduğu kimi, istənilən sosial təhriflərə daha çox həssas olan gənclər arasında güclü emossional əks-səda doğururdu” (s.344).
A.Ter-Sarkisyans hələ 1960-cı illərdə meydana çıxmış Azərbaycan tarixçiləri və arxitektorlarının da erməni xalqına dostcasına deyil, daha çox düşmənçilik mövqeyindən yanaşdıqlarını iddia edərək onların guya erməni xristian mədəniyyəti abidələrini “əvvəlcə alban, daha sonra isə azərbaycan mənbələri elan edib, xalqlarını qədim xristian albanların və onların mədəniyyətlərinin varisləri olduqlarını bildir”mələrinə qarşı etiraz edir (s.346, 347, 348, 349, 350, 351, 352, 353). Uzaq keçmişlə yanaşı, 1948-1953-cü illərdə Ermənistan Respublikasından azərbaycanlıların deportasiya edildiyini də təhrif edən müəllif, əksinə ermənilərin Azərbaycandan köçdüklərinin əsasən məcburiyyətdən doğduğunu iddia edərək guya 1976, 1980, 1985-ci illrdə aparılmış etnososioloji sorğuların nəticəsində “Azərbaycandan miqrasiyaların motivləri arasında daha çox sosial-iqtisadi və mədəni diskriminasiyanın hiss edildiyinin vurğulandığı”nı aşkarlayır (s.355). Hətta A.Ter-Sarkisyansın “...1979-cu il siyahıya alınmasına görə irandilli talışlar (1926-cı ildə onlar 77,3 min nəfər idi), kürdlər (41,2 min), dağ yəhudiləri (10,3 min), farslar (?) (9,4 min) tamamilə yox olmuş; digər xalqların nümayəndələri qismən assimilyasiyaya uğramış, xüsusən də tatlar (“görkəmli etnoqraf”ın tatları irandilli, daha doğrusu Hind-Avropa dillərinin Ari qolu, Hind-İran alt qolu, İran qrupu, Cənub-qərb alt-qrupu hesab etmədiyi maraq doğurur – R.M.)(onların sayı 1926-cı ildə 22,4 mindən 1979-cu ildə 8,7 minə qədr azalmışdır), saxurlar (müvafiq olaraq 15,6 mindən 8,5 minə qədər) [azalmışdır]” iddiası gülüş doğurmaya bilməz (s.355). Bir sözlə Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində muxtar vilayət kimi qalmasını tarixi ədalətsizlik hesab edən müəllifə görə buradakı etnodemoqrafik inkişafdakı qeyri-təbiiliyə səbəb guya “ilk növbədə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi ayrı-seçkilik siyasəti ilə şərtlənən ermənilərin regiondan köçmə səviyyələrinin yüksək olması və eyni zamanda da, xüsusilə də 1960-cı illərdən başlayaraq azərbaycanlıların bu regiona məqsədyönlü şəkildə axın etmələri ilə əlaqədar olmuşdur” (s.356). Bu sayaq iddialarını davam etdirən A.Ter-Sarkisyans yazır ki, “Nəticədə DQMV-nin Qarabağ ermənilərinin sosial-iqtisadi, mədəni və demoqrafik inkişafı Ermənistan SSR-nin həmin parametrləri ilə müqayisədə olduqca geri qalırdı” (s.357). Guya “Qarabağ ermənilərinə münasibətdə bütün bu qeyd edilmişlər son nəticədə Dağlıq Qarabağ ermənilərinin onlara qarşı edilmiş tarixi ədalətsizliyi aradan qaldırmaq üçün 1980-ci illərin ikinci yarısındakı milli-azadlıq hərəkatının hissediləcək şəkildə fəallaşmasına gətirib çıxartmışdır” (s.358).
1980-ci illərin ortalarında SSRİ-də M.S.Qorbaçov tərəfindən həyat keçirilmiş “Yenidənqurma” siyasətinin erməni cəmiyyəti tərəfindən dəstəkləndiyini bildirən A.Ter-Sarkisyans, Sovet rəhbərliyinin elan etdiyinin əksinə olaraq milli məsələnin heç də həll edilmədiyini xatırladır. Bir sıra milli ziddiyyətlər fonunda müəllif bildirir ki, “Sovet İttifaqındakı ilk və daha ciddi və uzun sürən millətlərarası münaqişələrdən biri kimi Azərbaycanın başçılığı ilə Dağlıq Qarabağ ermənilərinin münaqişəsi oldu” (s.359). Halbuki, A.Ter-Sarkisyans özü etiraf edir ki, hələ “...1987-ci ilin ikinci yarısında DQMV-də vilayətin Ermənistan SSR-yə birləşdirilməsi üçün imza toplanılması kompaniyasına çevrilən özünəməxsus referendium keçirilmişdir” (s.379). Bu anlamda növbəti hərbi qənimətimiz olan Ervand Abramyanın “Meç Taqer” kitabından oxuyuruq ki, “Meç Taqer (Böyük Tağlar – R.M.) kəndi də ayaq üstə idi...[Azərbaycana qarşı] Mübarizə yazılı etirazlardan və imza toplanmalarından, teleqram və nümayişlərdən başlanmışdı” (Абраамян Е.В. Мец Тагер. Степанакерт. Изд. «Сона», 2010, 340 стр.+ 9 вкл., s.259). Üstəlik E.Abramyandan oxuyuruq ki, “Yerigəlmişkən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi: 1945-ci ildə Ermənistan KP MK-si, 1960-cı illərdə vilayətin əhalisi, 1965 və 1966-cı illərdə vilayətin ziyalıları, 1982-ci ildə Moskvanın 11 görkəmli alimi və müharibə veteranları tərəfindən dəfələrlə qaldırılmışdır” (s.260). Bütün bunlar bizə bir daha erməni milliyyətçiliyinin Azərbaycana qarşı həmişə ərazi iddialarında olduqarını deməyə əsas verir.
A.Ter-Sarkisyans Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıtması ilə əlaqədar hadisəyə qeyd yerində yazır ki, “1980-ci illərin sonlarında, artıq H.Əliyev [Sovet rəhbərliyində] iş başında olmadığı vaxtlarda M.S.Qorbaçov ətrafındakılarla Azərbaycanın keçmiş başçısına (Heydər Əliyevə - R.M.) qarşı “rəşidov işindən də təmiz iş aparıldığını” bölüşürdü” (s.466). Hətta Rusiyanın keçmiş prezidenti B.N.Yeltsinin xatirələrinə istinad etmiş A.Ter-Sarkisyans bir daha Ümummilli lider Heydər Əliyevə qarşı aparılmış çirkin kompaniyanı ifşa etmiş olur. Halbuki, Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev bütün bunları dəf edərək, yenə də məsələn, 1993-cü ilin 20 iyulunda Rusiya emissarı V.N.Kazimirovla görüşərkən özünün və dövlətimizin qətiyyətini nümayiş etdirmişdir. Belə ki, V.N.Kazimirovun “Qarabağa sülh” kitabında bu görüş haqqında parçadan müəllif yazır ki, o (V.N.Kazimirov – R.M.) Heydər Əliyevlə aparılmış danışıqları “kifayət qədər çətin, əvvəlcə sətiraltı mübahisəli, daha sonra isə birbaşa inadkar, gərgin [şəkildə keçirildiyini]” vurğulamışdır (s.466). Bir sözlə, fikrimizcə Ümummilli lider Heydər Əliyevin prinsipiallığını və Azərbaycanın haqlı mövqelərinin necə qoruduğu barədə bəhs edərək A.Ter-Sarkisyansın adıçəkilmiş kitabında nə qədər də təhrif edilmiş, saxta məqamlar yer alsa da, ölkəmizin bu olduqca mürəkkəb, çətin və eyni zamanda da milli maraqlarımızın heç zaman güzəşt edilmədiyi Ulu Öndər və Müzəffər Ali baş komandan İlham Əliyevin hakimiyyət illərində baş vermişlərin bu prizmadan da araşdırılması olduqca vacibdir.