31.03.2021, 08:42 - Baxış sayı: 609

Vətən müharibəsində qələbəmiz mart soyqırımı qurbanlarının ruhuna şanlı ehtiramdır


“Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Ümummilli Lider Heydər Əliyev

Ermənilərin separat meyilləri xalqımıza qarşı hər zaman müşahidə edilib. Müəyyən dövrlərdə bu proses gizli formalarla, separatizmin xaricdən dətəkləndiyi dövrlərdə isə açıq hərbi üsulllarla davam etdirilmişdir.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriliblər. Həmin anda yaşayış məntəqələri də dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri soyqırım niyyətlərini açıq formada davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bu hadisələrə siyası qiymətin verilməsi qarşı tərəfin ideoloji niyyətlərinə mühüm zərbə olmaqla bərabər, milli birlik və milli qürur hisslərini hər zaman cəmiyyətimizdə ön sıraya çıxarmışdır. Eyni zamanda həmin istiqamətdə ölkəmizin qanunvericilik bazası xeyli zənginləşmişdir. Beləki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan dövləti və cəmiyyətinin sözügedən fərmandan və sərəncamdan irəli gələn tədbirlər planı antiinsani ideoloji-siyasi erməni məqsədlərinin ifşasında əhəmiyyətli rol oynamışdır. Məhz həm də bunun nəticəsidir ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində düşmən tərəfi həm də diplomatik-ideoloji məglubiyyətə uğradılmış, hərbi xunta süqut etmişdir. Müasir dünya ictimaiyyəti özünün yeni qlobal paradiqmaların reallaşdığı və ya reallaşacagı mərhələyə qədəm qoyur. Yalnız müstəqillik, azadlıq, milli birlik, dövlətçilik maraqları ətrafında sıx birləşən xalqların dünyanın ideoloji, bioloji təhdidlərindən qorunması mümkündür. Milli birlik bu gün həm də dünyanı bürümüş pandemiya təhdidlərindən qorunmaq yolunda prioritet istiqamətə çevrilir. Sözsüz ki, bu zaman dialoq mədəniyyəti anlayışı aktual paradiqma kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanda siyası sistemin dialoq mədəniyyəti mühitini möhkəmləndirməsi çağrışları eyni zamanda regional sabitlik üçün mühüm töhfə ola bilər. Yalnız tarixi keçmişi zəngin olan xalqların faciəli məqamlarla üzləşməsi zamanı göstərdiyi qətiyyət və iradə hesabına dünyanın inkişafının yeni səhifəsi açılır. Bu gün Azərbaycan Respublikası Prezidentinın hərbi-diplomatik uğurları nəticəsində Ermənistanın ərazilərimizdə formalaşdırdığı hərbi xuntanın darmadağın edilməsi həm də regionun inkişafı üçün yeni sosio-mədəni, iqtisadı perspektivlərin, dilaoq mühitinin təməlini qoydu. Azərbaycan iqtisadi baxımdan dünyanın inkişafınıda yeni səhifə açan ölkədir. Yalnız iqtisadi baxımdan deyil, mədəni,humanitar aspektdən də bu belədir. Sosio-mədəni kontekstdə mədəniyyətlərin dialoq axtarışlarının müzakirə evinə çevrilmiş ölkəmiz, həm də tolerantlıq fəlsəfəsini özünün və digərlərinin ideoloji prioritetinə çevirə bilər. Vətəndaşlarımız multicultural düşüncənin, tolerant təfəkkürün daşıyıcısıdır. Bu fəlsəfənin mahiyyətində dayanan tolerantlıq bu gün Azərbaycanın siyasi kursunun prioritet paradiqmalarındandır. Bu prinsipin məğzində dayanan multikulturallıq Azərbaycanın dövlət siyasətinın ideya əsasında dayanır. Ermənistanın ideoloji xətti bu gün də keçmişdə olduğu kimi mütərəqqi deyildir. Neofaşızm prinsipindən çıxış edən Paşinyan hökumətinin Qarabağda məglubiyyəti də bu baxımdan labüd idi. Bu baxımdan hazırkı Ermənistan hökuməti 1918-ci ilin martında xalqımıza qarşı erməni daşnakları tərəfindən törədilmiş soyqırımları tanımalı, ideoloji prinsiplərində multikulturalizmə yer ayırmalı, İrəvan və ona yaxın ərazilərdən qaçqın düşmüş 200 mindən artıq Azərbaycanlı ailənin geri Ermənistana dönməsi təhlükəsizliyinə təminat verməlidir. Regionda ekstremizmin, faşızmın kök sala bilməməsi üçün bu kimi ideyaların kerçəkləşməsi labüddür. Bu Ermənistan tərəfini ciddi düşündürməlidir. Ölkəmiz cəmiyyətlərin neofaşizmə bir daha sürüklənməməsi prinsipinə sadiq qalaraq 31 mart soyqırımını, elcə də tarixən bu kimi faciələrlə üzləşmiş diğər xalqların faciə qurbanları xatirəsini hər zaman böyük ehtiramla anır.

Hüseyn İbrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi, fəlsəfə doktoru