08.02.2021, 11:15 - Baxış sayı: 758

Bu gün Azərbaycan gəncliyinin şərəfli bayramıdır


Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm.
Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bu gün Azərbaycan gəncliyinin şərəfli bayramıdır. Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub.
1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə ölkəmizin ən fəal gənclərinin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.
Ölkəmizdə gənclərlə işi dövlət siyasətinin tərkib hissəsi kimi görən ümummilli liderimiz həmişə millətimizin gələcəyi olan istedadlı gəncliyə arxalanmış, ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan ən istedadlı gənclərə dəstək olmuşdur. Gənclər də Vətənimizin ən çətin anlarında ulu öndərin bir çağırışı ilə meydanlara axışmış, taleyi tükdən asılı olan, başı bəlalar çəkmiş ölkəmizi xilas etmişlər.
Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Ulu öndərin gənc əsgərlərlə, idmançılarla, tələbələrlə, məktəblilərlə görüşlərində nə qədər maraqlı, ibrətamiz, unudulmaz anların şahidi olmuşuq.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də öz fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün lazım olan hər şeyi edir.
Prezident İlham Əliyev də son 18 il ərzində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik sözügedən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.
Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir.
Onu da xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir göstərib.
Dövlət proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Bu baxımdan Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, ölkədə könüllülük hərəkatının stimullaşdırılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması və gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Göründüyü kimi, son illər respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını daha da sürətləndirib. Artıq gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Müstəqil dövlətimizin gənclərə verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və layihələri ilə dünya birliyində təmsil olunmağa qadirdir. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycan dəyərlərinin, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin xüsusi yeri var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, gənclərin potensialından səmərəli istifadə etmək gərəkdir. Gənclər böyük qüvvədir. Bu baxımdan deyə bilərik ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində fəal fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev son 18 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək, müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etdi. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı ildən-ilə artırılır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya – kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə iş səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti olub. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında sosial xidmət müəssisələri–Gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb.
Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bundan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür. Sənəddə qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.
Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, onların təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər öz əksini tapıb.
Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizdən çoxu gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir. Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
Ötən dövr ərzində adıçəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda, təhsil sisteminin gücləndirilməsinə, ölkədə elm potensialının artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqində hazırda gənclərin potensialına xüsusi önəm verildiyini, onların bilik və bacarıqlarından səmərəli istifadə edildiyini vurğulayıb.
Azərbaycan gəncləri Vətəni sevir, ümummilli liderimiz Heydər Əliyev ideyalarına sədaqətlilik göstərərək, cənab Prezidentimizin ətrafında sıx birləşirlər.
Prezident İlham Əliyev əmindir ki, Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini bundan sonra da daha dərindən mənimsəməsi işinə töhfə verəcək, ulu öndərin dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə bağlı üzərlərinə düşən məsuliyyəti daim hiss edəcəklər.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin strateji xəttini yaradıcı şəkildə davam etdirərək, Azərbaycanın qloballaşan dünyada layiq olduğu yerini möhkəmləndirmək üçün ölkənin iqtisadi potensialını intellektual kapitala çevirmək istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.
Gənclər, hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. Gənclər, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycan dövlətinin də prioriteti gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir.
İndi Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir, yaradıcılıq eşqi, səylə dövlətimizin inkişafı naminə çalışır. Və bu, elmdə də belədir. Bu gün yüzlərlə istedadlı gənc alimimiz var ki, onların gələcəyinə güvən də sonsuzdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günün gəncliyinə ünvanlanmış, "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm» sözləri Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir. Bizim üzərimizə düşən isə daha da əzmlə çalışmaq, biliyimizdən, potensialımızdan lazımınca istifadə etməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və dayanıqlı islahatlar keçirilir. Bu islahatlar, eyni zamanda, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycanın gələcəyi naminə onların layiqli işlə təmin olunmaları, həmçinin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal rol almalarına mühüm təsir göstərir.
Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – deyərək, ictimai fəaliyyətə başlayan dövlət başçımızın hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Vidalaşdığımız 2020-ci il Azərbaycan xalqı üçün uğurlu olub.
Biz əldə etdiyimiz bu uğurlarımıza görə möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazdı.
Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi.
Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” inamını ifadə edən Ulu Öndərin ruhu qarşısında müzəffər Ali Baş Komandan hesabatını verdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
"Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır.
2021-ci ildə də qarşıya qoyulan məqsədlərə cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində uğurla nail olunacaq.

Günel Məlikli,
AMEA YAP ərazi təşkilatının üzvü fəlsəfə və sosiologiya institutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru


"İkisahil.az"