22.01.2021, 10:36 - Baxış sayı: 426

Postmüharibə dövründə fəlsəfi və sosial-siyasi biliklərin analizi


Postmüharibə dövründə fəlsəfi və sosial-siyasi biliklərin analiziPostmüharibə dövrünə qədəm qoyan ölkəmizdə interaktiv təhlil fəlsəfi, sosial-siyasi biliklər sisteminə daha çox ehtiyac duyur. Bunların içərisində mövcud ictimai-sosial enerjinin üzə çıxarılması, legitim cəmiyyətin davamlılığı üçün postmüharibə dövrünün tələblərinə dair resurslardan istifadə etməyin analizi, habelə bütövlükdə siyasi sistemin komponentlərinin yeni reallıqlar əsasında dərk edilməsinin formalaşması cəmiyyətimizi düşündürən önəmli problemdir. Bir necə fəlsəfi-sosial-siyasi istiqamət bu problemin təhlilinə zərurət yaradır.

Siyasi lider, dövlət və siyasi sistem

Ölkəmizin ictimai-siyasi həyatında hazırkı dürüm elə bir mərhələnin təsnifatının öyrənilməsini zəruri edir ki, o müasir siyasi sistemlərin və milli dövlətlərin təcrübəsinə yeni bir istiqamət gətirib. Çünki, dövlətin həyata keçirdiyi strategiya cəmiyyətin ictimai-siyasi tələbatlarını təmin edirsə onun növbəti mərhələ üçün dayanıqlı, legitim sosial münasibətlərə yol açan yeni tələblərin effektivliyinin analiz edilməsi zərurəti yaranır. Bu baxımdan postmüharibə dövründəki ictimai-sosial tələbat Azərbaycan reallıqlarındakı yeniliklərin elmi təhlilini önə çəkməkdədir. Məsələn, biz hesab edirik ki, dünyada çox nadir ölkələr tapmaq mümkündür ki, müharibə şəraitində yaşayıb, işğala məruz qalıb, müstəqilliyini tamamilə çox ağır siyasi vəziyyətdə əldə edib, lakin qısa tarixi zaman kəsiyində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bərqərar olmasının əsaslarının hakimiyyət ilə harmoniyasını formalaşdırıb. Bu, dayanıqlı sosial strukturun, çevik idarəçilik formasının, dövlətin malik olduğu siyasi-hüquqi potensiala söykənməsindən qaynaqlanırsa o biri tərəfdən cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin möhkəm əsaslarının davamlılığı üçün yeni yanaşmaların olmasını tələb edir. Azərbaycan dövlətinin bu sahədə özünün müəyyənləşdirdiyi və uğurla keçdiyi yol vardır. Biz prosesin siyasi-fəlsəfi-sosial mahiyyətini ona görə dərin elmi tədqiqat mövzusu edirik ki, dövlətimiz iqtisadi gücünün tamamilə tənəzzülə uğradığı, siyasi yetkinliyin formalaşmadığı, dövlətçilik rüşeymlərinin qeyri peşəkarlar tərəfindən dağıdıldığı bir mərhələdən inkişafa yoluna qədəm qoymuşdur. Belə vacib məqamı nəzərə alsaq qısa zamanda tərəqqiyə nail olmağın mümkünsüzlüyünü anlamaq heç də çətin deyildi. Azərbaycanın dövlətçilik fəlsəfəsinin mahiyyətindəki fəlsəfi, sosial-siyasi analiz bu məsələnin kökündə bir çox ölkələrdən fərqli olaraq intellektin, milli təfəkkür tərzinin dayandığını göstərir. Siyasi liderin xarizması və müdrikliyi bu gerçəkliyin elmi əsaslarını şərtləndirən amil kimi elmi ictimaiyyatın diqqətini daha cox cəlb etməlidir. Təkcə onu demək kifayətdir ki, vətən müharibəsinin gedişi zamanı Prezident İlham Əliyev müsahibələrinin məzmunu ilə dünya ölkələrinin səlahiyyət sahiblərinə siyasi gücün legitimliyinin baza prinsiplərini konseptual formada təqdim etdi. O, bununla dünya siyasi sisteminə sübut etdi ki, legitim hökumət öz qarşısındakı vəzifələri siyasi etikaya, siyasi müdrikliyə istinad etməklə reallaşdıra bilər. Vətən müharibəsinin gedişində ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 51-nin dövlətimizin mövcud siyasi konsepsiyasi ilə həmrəy olması və hərbi əməliyyatların aparılmasına verilən dəstək siyasi ideoloji yetkinliyin formalaşmasının göstəricisi idi. Deməli, fəlsəfi biliklər sistemi siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirindən doğan, siyasət və hakimiyyət əlaqələrindəki incə bağlılığı yaradan sosial şüur problemlərini önə çıxarır. Məsələn, xalqımıza və bütün dünyaya məlum idi ki, Azərbaycan xalqı və dövləti müharibə istəməyib. Hər zaman dünyada sülhün qorunması üçün mövcud potensalin olduğunu izah və sübut edib. Baş verən hər bir münaqişənin həlli üçün imkanların tükənmədiyini, əksinə daha çox vasitələrin olduğunu reallıqlar çərçivəsində izah edib. Lakin dünyada cərəyan edən mənfi tendensiyalar və bəsit yanaşmalar göstərdi ki, bütövlükdə bəşəriyyət fəlsəfi, sosioloji biliklər sisteminin dərki prosesindən kənarda idarə olunmaqdadır. Siyasi institutlar və nəzəriyyəçilər isə əslində bəşəriyyətin inkişafı naminə fəaliyyətlərində praktik siyasətə sanki təsir etmək gücündə deyillər. Bu zaman haqq ədaləti bərpa etmək, dünyaya həqiqəti anlatmaq üçün müharibə zərurəti meydana çıxır. Azərbaycanın Vətən Müharibəsindəki bəşəriyyətə yönəlik addımı məhz bunun sübutu oldu. Daha konkret desək Azərbaycan sübut etdi ki, dövlətin başlıca və əzəli vəzifəsi xilaskarlıq aktıdır. Həmin xilaskarlıq aktının həyata keçdiyi hər bir hal isə dövlətin mövcudluğunu təmin edir. Bunun ücün fəlsəfi-sosioloji biliklər sisteminin dərki və ona əməl olunması bəşəri dəyərlərin qorunması ücün gərəkdir. Müharibə və postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyaya etdiyi çağrışlar bu prinsipin anladılması kimi əsaslı konsepsiyanın üzərində qurulmuşdur. Dövlətimizin mümkün imkanların hər birindən istifadə edərək səbr və təmkin nümayiş etdirməsi onun bəşəri dəyərlərə olan hörmətindən irəli gəlmişdir.

Güclü iqtisadi siyasətdən dövlətçilik fəlsəfəsinin dərkinə doğru

Yaxın tariximizdən məlumdur ki, 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev dövlətlər arasında iqtisadi əməkdaşlığın strateji konsepsiyasını müəyyənləşdirən, dünyada sülhün əmin-amanlığın qorunmasına yönəlmiş qlobal layihələrin təməlini qoymuşdur. Azərbaycanın təşəbbüsü ilə reallaşan iqtisadi əməkdaşlğın nəticələri göstərdi ki, bu müdrik siyasət bəşəriyyətin gəlcəyinə xidmət edir, xalqların bir-biri ilə əməkdaşlığı fonunda təhlükəli milli münaqişələrin alovlanmasının qarşısı alınır. 30 ildən sonra postmüharibə dövrünün reallıqları sübut etdi ki, Rusiya və işğalçı Ermənistan dövləti bir daha Azərbaycanın bu niyyətdən doğan haqq-ədalətin bərpasına yönələn siyasətinin dəstəkləməyə məcburdurlar. Qafqaz geopolotikasında tarixən maraqların toqquşması əslində xalqların həyatına çox faciələr gətirmişdir. Bu prosesdən nəticə çıxarmamaq kimi bəsit tendensiyaları Prezident İlham Əliyev böyük güclərə izah edərkən o halı önə çəkirdi ki, geosiyasi reallıqlardan kənarda iqtisadi dirçəliş, mədəni inkişaf, hətta dövlətin mövcudluğu belə mümkün ola bilməz. Nümunə olaraq deyək ki, Ermənistanın avantüradan doğan siyasətinin iflası nəticə etibarı ilə Azərbaycan həqiqətlərini təsdiq etdi. Çünki Azərbaycanın malik olduğu gücün əsasında real tarixi faktların, Cənubi Qafqazda xalqların istəyini ifadə edən sosial vəziyyətin analizi və mümkün potensial imkanların fəlsəfəsinin dərk edilməsi dayanırdı. Azərbaycanın apardığı “ağıllı müharibə”nin nəticələri, böyük əməkdaşlıq strategiyasına əslində yeni bir nəfəs gətirdi. Avrasiya məkanında yeni geosiyasi reallıqların ağlın müdrikliyin üzərində qurulması zərurətini və alternativinin olmadığını sübut etdi. Bu gün açıq həqiqətdir ki, bir çox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi və onun kimi onlarla həyata keçirilən tranzit iqtisadi layihələr Avrasiya ölkələri arasında daim inkişaf edən yeni əməkdaşlıq formatının təməlini qoyub. Avrasiyanın enerji xəritəsini yenidən tərtib edən bu strategiya Azərbaycanın güclü iqtisadi potensiala hesablanmış siyasətinin təzahürü kimi hazırda Cənubi Qafqazın və region ölkələrinin sülh istəklərinin qaçılmaz olduğunun təməl prinsipinə çevrilmişdir. Deməli, Azərbaycanın region xalqlarının inkişafı üçün verdiyi tövhənin elmi əsaları bizim haqq işimizin dərki baxımından önəm kəsb edir.

Azərbaycanın informasiya müharibəsi. Buxovların sındırılması bəşəriyyətin taleyini həll edir

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistanın "məğlubedilməzliyi haqqında mifi" dağıdaraq işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularını məhv etdi. Müharibə qanunlarında hümanizm prinsiplərinin qorunmasına əməl edən ordumuz malik olduğu gücü və potensialı bütün dünyaya göstərdi. Bu Güc informasiya müharibəsini dövlət siyasəti ilə paralel şəkildə həyata keçirmişdir. İlk olaraq Qərb və rus diplomatiyasının Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasətinin nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün aparılan xristian təəssübkeşliyinin siyasi oynbazlıqdan savayı bir sey olmadığı sübut olundu. Azərbaycanın apardığı informasiya müharibəsi deyərdik ki, məkrli qüvvələrin bu sahədəki siyasi riyakarlığının bütün qatlarını çılpaqlığı ilə üzə çıxardı. Bütün çətinliklərə baxmayaraq qətiyyət və möhkəm siyasi iradənin gücü ilə xalqının xilaskarlığını üzərinə götürmüş layiqli siyasi varis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğa köklənmiş mübarizə əzmi bu missiyanı uğurla yerinə yetirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Azərbaycan diplomatiya və hərbi meydanda demək olar ki, tək idi. Respublikamızın ətrafında yaradılmış informasiya blokadası Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına imkan vermirdi. Azərbaycanın haqq işinin yeganə müdafiəçisi kimi Türkiyənin beynəlxalq mövqeləri isə o zaman indiki kimi güclü deyildi. Münaqişəyə qlobal müstəvidə yanaşan bir sıra qüvvələr isə ikili standartların davamı olaraq vasitəçilik missiyasını öz yarıtmaz fəaliyyətləri ilə iflasa uğratmışlar. Beynəlxalq siyasi proseslərdə bu məsələnin gedişi zamanı Azərbaycanın çevikliyi onda idi ki, dövlətçiliyin formalaşdırılması ilə yanaşı müasir və qüdrətli milli ordunu formalaşdırmaqla hərbi müstəvidə haqq ədalətin təmin edilməsinə nail oldu. Bununla belə, onilliklərdir ki, qeyd etdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına daha çox çalışmışdır. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri əslində diplomatiya və hərbi gücün birliyinin sarsılmazlığının sübutu idi. Bu mühüm tarixi məqamda siyasi-ideoloji cəbhənin informasiya müharibəsi ilə vəhdətini açıqca görmək mümkün olduğu kimi, hərbi əməliyyatlara professional rəhbərliyin ədalətli Vətən müharibəsindəki rolu da dünya tarixinə düşəcək yeni bir nümünə oldu. Prezident İlham Əliyevin Azərbaycanın Vətən Müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələr özünün siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə böyük bir ordunun gücü qədər təsirli olduğu danılmaz həqiqətdir. Çünki, bütün müraciətlər birlik, vətənpərvərlik və milli həmrəylik üçün ən güclü səfərbərlik vasitəsinə çevrilmişdi. Müsahibələrdə səslənən bəyanatlar hətta xarici ölkələrdə qərəzli həm də fərqli mövqelərə malik olan televiziya kanallarına, informasiya agentliklərinə Azərbaycanın ədalətli mövqeyinin sübutu olunması onların fəaliyyətindəki ikibaşlı və qərəzli yanaşmaya sədd çəkdi. Dövlətimizin siyasi-hərbi mövqeyindəki haqq ədalətin mahiyyətini beynəlxalq birliyə aydın və sərrast izah edərkən həmin bəyanatlar Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silaha çevrildi. Biz hesab edirik ki, dünyanın gözü qarşısında işğalçılıqdan məqlubiyyətə düçar edilmiş Ermənistana tarix səhnəsində bundan sərrast dərs ola bilməz. Bu tarixi həqiqətlərin etirafı üçün əsl tarixdir.

Moskva görüşü: Azərbaycan regional təhlükəsizliyin qarantı kimi

2021-ci ilin yanvar ayının 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş geosiyasi vəziyyətin tənzimlənməsində yeni diplomatik mərhələ olaraq qiymətləndirilməlidir. Görüş həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiqi və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməsi tam əsaslıdır. Çünki üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetləri özündə ehtiva edir. Şübhəsiz ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin regionun gələcəyini düşünərəkdən növbəti dəfə bildirdiyi kimi: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizin reallşmasına xidmət edir. Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aiddir. Belə əməkdaşlıq təkcə regionun iqtisadi inkişafına deyil, dinamizmə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Ona görə ki, nəqliyyat-kommunikasiyaların açılması Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya xalqlarının mənafelərinə xidmət edən amildir. Bunların şərh edərkən dövlət başçısı daha önəmli məqama diqqət çəkrək demişdir: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Həmçinin dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan yeni bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bölgədəki vəziyyətin inkişafına dair tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat- kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etmişlər”. Hesab edirik ki, bu əməkdaşlıq çərçivəsində ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutduğu üçün mühüm geosiyasi əhəmiyyət kəsb edir. Digər tərəfdən açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur. Qeyd etməliyik ki, regiondakı bütün nəqliyyat-kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi kimi Prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdir. Üçtərəfli görüşdə bu məsələlərə dair razılığın əldə olunması danışıqlar prosesindəki Azərbaycanın mövqeyinin bilavasitə təsdiqi idi. Ermənistan müxalifətinin və Rusiyadakı erməni lobbisinin Azərbaycanın təşəbbüslərinin qarşısını almaq cəhdləri ənənəvi olaraq regionda terrorçu rejimin əməllərinə haqq qazandırmaq mahiyyəti daşıyrdı. Görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayaraq Azərbaycanın Qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki radikal müxalifətin təmsilçilərinin cəhdlərinin əhəmiyyətsizliyini bir daha ortaya qoydu. Faktiki olaraq, Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə fiaskosudur. Rusiya XİN başçısı görüşün təfərrüatlarını şərh edərkən Azərbaycanın mövqeyini bir daha təsdiq etmiş oldu. O, demişdir: “Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq və bölgənin Rusiyanın tərkibinə daxil edilməsinə yaxin fikri belə, heç vaxt olmayıb. Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilməsi kimi ekzotik təklifə gəldikdə isə onu demək istəyirəm ki, Qarabağın müstəqilliyi heç bir dövlət tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. Bizim buna yaxın fikrimiz belə, olmayıb. Biz hesab edirik ki, regiondakı problemlər bölgə ölkələri, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Rusiya regionda təhlükəsizlik, stabillik və sülhün təmin olunmasına xidmət edən belə bir yolun tapılmasına yardım etməyə hazırdır. Biz hesab edirik ki, əvvəlki illərdən fərqli olaraq Rusiyanın Cənubi Qafqaza dair geosiyasətindəki son yanaşmalar Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlardan qaynaqlanmışdır.

Post müharibə dövrünə aid vəzifələr

Bu gün Cənubi Qafqaz Azərbaycanın gücü ilə təhlükəli bəladan xilas edilmiş, Vətən Müharibəsindəki Qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. Biz gələcək hədəfləri düşünərkən siyasi liderin nüfuz məsələsini bu prosesdə həm yeni inkişafın memarı həm də sülhə qarant olaraq fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunun fərqindəyik. Çünki Azərbaycanın iradəsi ilə artıq geosiyasi reallıqlar dəyişib. Bu təkcə ölkəmizin deyil bütün regionun siyasi vəziyyətinə təsir edib. Ermənistan da daxil olmaqla indiyədək heç bir dövlətin “Dağlıq Qarabağ Respublikası”nı tanımaması ona görədir ki, Azərbaycanın gücü siyasi liderinin iradəsi ilə sübut olunmuşdur. Bu iradə göstərdi ki, bundan sonra regionda sülh məhz Azərbaycanın və Türkiyənin apardığı ədalətli siyasətlə tənzimlənəcək. Türkiyə Prezidentinin “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” kimi tarixi kəlamı bu münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyindən xəbər verir. Hesab edirik ki, regional sülhün qorunmasında Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki, Türkiyə qonşu dövlət olaraq, regionun sabitliyini, təhlükəsizliyini təmin edə bilən və təmin edən, məqsədləri dünya qarşısında çox aydın olan ölkə kimi ən vacibi beynəlxalq hüququn prinsiplərini müdafiə edir. Ona görə də hazırda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hələ Paşinyan Ermənistanda hakimiyyətə gəlməmişdən əvvəl müzakirə olunan sülhməramlı planda kommunikasiyalara açıq-aydın olan istinadları reallaşdırırlar. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar o, cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əsas hissəsi arasında əlaqənin bərpası bu işin cox mühüm hissəsidir ki, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya ölkələri ilə quru əlaqəsi yaradılır. O biri tərəfdən isə bu real faktdır ki, özünü iqtisadi və siyasi baxımdan təcrid edən Ermənistanın inkişaf yolu yalnız bu əməkdaşlığa qoşulmaqdan keçir. Necə ki, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi xalqların mədəni, iqtisadi və siyasi inteqrasiyasi ücün mühüm vasitəsinə çevrilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, “Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdırlar”. Bu əməkdaşlıq həm də ona görə qaçılmazdır ki, artıq Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatı postmüharibə dövrünün xalqlara rifah üçün nəqliyyat və enerji kommunikasiyalarının bərpasını həyata keçirəcək. Bu gün Gürcüstanda 300 mindən çox azərbaycanlı icması vardır. Azərbaycan bütün dövlətlər ilə münasibətləri dini, milli ayrıseçkiliyə görə yox dünyəvi prinsiplər əsasında formalaşdırmaq kimi dövlət siyasəti həyata keçirir. Postmüharibə dövründə ölkəmizin davamlı siyasətinin xalqlara rifah gətirəcəyinə artıq heç bir şübhə qalmamışdır.

İlham Məmmədzadə
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor
Sənan Həsənov
Aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri