20.01.2021, 21:01 - Baxış sayı: 562

20 Yanvar müstəqillik sevgisi və milli özünüdərk günüdür


Hüseyn İbrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru

Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi olaraq daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Ən yeni tariximizdə bir sıra tarixi hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideya təfəkküründə dərin əbədi izlər qoymuşdur. Bu gün Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun vətən müharibəsi qələbəsinın ideoloji təməlində həm də 20 yanvar faciəsindən başlanan milli birlik, azərbaycançılıq, dövlətçilik amalları dayanır.
SSRİ-nin süqutu, dünyada gedən soyuq müharibə düyünlərinin, soyuq müharibə ideya qarşıdurmasının partlayış həddində baş vermiş 20 yanvar faciəsi azadlıq şüarlarını müstəqilliyimizin əbədi paradiqmasına çevirdi. Elmi ədəbiyyatda çox zaman soyuq müharibənin bitməsi kimi xarakterizə olunan bu dövrü (1989-91) həm də, soyuq müharibə qarşıdurması dinamikasında kulminasiya həddi kimi də qiymətləndirə bilərik. Məhz bu kulminasiya həddində baş verən yeni partlayış dalğası ilə bir çox xalqlara qarşı təhdidlər dövrü başlandı. 20 Yanvar hadisəsi də məhz belə bir dövrdə xalqımıza qarşı törədilmiş faciəli hadisə oldu. Müqayisəli metodlarla biz bir neçə məsələnin bu prosesdə şahidi oluruq; dünyada qlobal meyllər yeni dalğa ilə başlanır, keçmiş SSRİ dağılır, müstəqil respublikaların yaranması prosesi artır, xalqlar sovet insanı təfəkkürünü daşımaqdan imtina edərək milli özünüdərk prosesləri mərhələsinə qədəm qoyurlar. Xalqların milli özünüdərk, milli özünüidarə prosesinə daxil olması, həm sovet rəhbərliyinin müəyyən dairələri, eyni zamanda digər xarici qüvvələr tərəfindən qəbul edilməz olur. İqtisadi-coğrafi, geosiyasi amillərin həssas nöqtəsi olan Azərbaycana dünya maraqları həm çökməkdə olan sovet ittifaqı, həm də diğər istiqamətlərdən daxil olmağa başlayır. Azərbaycana qarşı həm də gizli və açıq yollarla ərazi iddiaları planları qurulur. Mürəkkəb, həm də tarixi təzadlarla dolu bir dövr başlanır. Bu dövrdə Azərbaycan xalqı öz müstəqilliyini, keçmiş sovet respublikaları sistemindən ayrılmaq istəyini ortaya qoymaq yolunda, həm də Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən təhdidlərinə cavab olaraq bir araya gəldi. Tarixə xalq hərəkatı kimi daxıl olan həmin dövr sosial-siyasi, dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycanlıları birləşdirdi. 44 günlük Vətən Müharibəsində bu birliyin ən yeni tarixi səhifəsi yazılmış oldu: Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 20 yanvardan başlanan müstəqillik amalımızın yeni salnaməsini yazdı.
20 Yanvar hadisəsi yalnız tarixi faciə deyildir. Müqayisələr göstərir ki, insanların müstəqillik, azadlıq, vətənpərvərlik uğrunda bir araya gələrək verdikləri qurbanlar, bu zaman yaşadıqları faciələr gələcək nəsillər üçün qürur, iradə, ideoloji prioritet prinsiplərini də müəyyənləşdirmiş olur. 20 Yanvar hadisəsi də ölkəmizin yeni tarixində məhz belə faciəli hadisələrindəndir. Bu gün həmin hadisəni anan hər bir Azərbaycan vətəndaşı-uşaqdan yaşlısıya hər birinin qəlbində bir amal yaşayır: Azərbaycan-azərbaycançılıq, vətən-vətəndaşlıq, dövlət-dövlətçilik, milli iftixar- milli qürur. Deməli, bu kimi prioritet amalları özündə yaşadan faciə qurbanları həmişə iftixar yerimiz, həmin hadisə isə anım günümüz, hüzn günümüz olmaqla bərabər məqsədlərimizin, dövlətçiliyimizin, azərbaycançılığımızın gələcək uğurları, gələcək möhkəmliyinin ideoloji təməl prinsiplərindəndir. 20 Yanvar hadisələri eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”. Döğurdan da 20 Yanvar hadisəsi ərəfəsi və bu hadisədən sonrakı dövr göstərdi ki, 70 il sovet sistemində yaşamasına baxmayaraq azərbaycanlıların vətəndaşlıq anlamı təfəkkürünü çərçivəyə salmaq mümkün olmamış, xalqımız tarixi yaddaş və milli özünüdərk keyfiyyətlərini qoruyub saxlamışdır.
Müasir Azərbaycan tolerant, multicultural ölkədir. Müasir azərbaycanlı multicultural düşüncənin, tolerant təfəkkürün daşıyıcısıdır. Bu fəlsəfənin mahiyyətində dayanan tolerantlıq bu gün Azərbaycanın siyasi kursunun prioritet paradiqmalarındandır. Bu prinsipin məğzində dayanan multikulturallıq bu gün Azərbaycanın dövlət siyasətinin ana xəttində mühüm məsələlərdəndir. 20 Yanvar hadisəsində ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi şəhidlik zirvəsinə yüksəlmiş, hər bir etnosun azərbaycançılıq, vətənbərvərlik amalı möhkəmlənmişdir. 20 Yanvar hadisəsi yalnız ümumxalq hüzn günü deyildir. Bu gün həm də Azərbaycan vətəndaşının səsinin dünyaya haray çəkən bir günüdür. Bu faciəli hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Ümummilli Lider 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə zidd hesab etdiyini bildirmişdir. Həmin andan başlayaraq gedən proseslər bütün dünya qarşısında Azərbaycan vətəndaşı üçün müstəqillik ideallarının nə qədər mühüm bir dəyər olduğunu göstərməkdədir. 20 Yanvar şəhidlərinin anım günü milli qürur mənbəyimizin, milli dövlətçilik maraqlarının qürur yeridir. Belə ki, 20 Yanvar hadisəsi zamanı şəhid olan insanlarımızın, xalqımızın nümayəndələrinin anım anı və illər keçdikcə bu faciəli günün, həm də əziz xatirənin daha da kütləviləşməsi, daha böyük izdihamla müşaiyət olunması onu göstərir ki, xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda, müstəqillik yolunda, dövlətçilik ənənələrinin möhkəmliyi uğrunda birgədir, mütəşəkkildir. Dövlətimizin tolerant ideoloji kursunun təməlində həm də, xalqımızın 20 yanvar hadisəsi kimi çətin anlarda göstərdiyi milli birlik və azərbaycançılıq ideyası dayanır.
Dünya artıq özünün yeni qlobal epoxasını yaşayır.Təssüf ki, bir çox münaqişə ocaqları vardır ki, onların davam etməsi dünyanın bəzi dairələri üçün hələ də maraqlıdır. Yalnız müstəqillik, azadlıq, milli birlik, dövlətçilik maraqları ətrafında sıx birləşən xalqların dünyanın ideoloji, bioloji təhdidlərindən qorunması mümkündür. Milli birlik bu gün həm də dünyanı bürümüş pandemiya təhdidlərindən qorunmaq yolunda prioritet istiqamət olmalıdır. Yalnız tarixi keçmişi zəngin olan xalqların faciəli məqamlarla üzləşməsi zamanı göstərdiyi qətiyyət və iradə hesabına dünyanın inkişafının yeni səhifəsi açılır. Bu gün Azərbaycan Respublikası Prezidentinın hərbi-diplomatik uğurları nəticəsində Ermənistanın ərazilərimizdə formalaşdırdığı hərbi xuntanın darmadağın edilməsi həm də regionun inkişafı üçün yeni sosio-mədəni, iqtisadı perspektivlərin təməlini qoydu. Bu gün Azərbaycan iqtisadi baxımdan dünyanın inkişafınıda yeni səhifə açan ölkədir. Yalnız iqtisadi baxımdan deyil, mədəni,humanitar aspektdən də bu belədir. Sosio-mədəni kontekstdə mədəniyyətlərin dialoq axtarışlarının müzakirə evinə çevrilmiş ölkəmiz, həm də tolerantlıq fəlsəfəsini özünün və müttəfiqlərinin ideoloji prioritetinə çevirərək 20 yanvar Şəhidlərinin amallarını yaşadır və möhkəmləndirir.