19.01.2021, 12:37 - Baxış sayı: 518

20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edildi


20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edildi20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə və Sosiologiya İnstitutunda yad edildi. Bu münasibətlə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək 31 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetirmişlər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
İ. Məmmədzadə onu da qeyd etdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu birliyin nəticəsində də 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi.
Alimin fikrincə tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədiqatlarını daha da genişləndirməlidir.
Sonra İnstitut əməkdaşları YAP Fəlsəfə və Sosiologiya İnstitutu təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, f.e.d., professor Adil Əsədov, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli, f.e.d. Füzuli Qurbanov, f.e.d. Afaq Rüstəmova, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və digər natiqlər çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək qeyd etmişlər ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq və bu qanlı cinayət daim lənətlənəcəkdir. Bu yolda canlarından keçən Şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.