18.01.2021, 10:30 - Baxış sayı: 536

Qələbədən sonra başlanan yolun XƏRİTƏSİ


Könül BÜNYADZADƏ,
AMEA-nın müxbir üzvü

Azərbaycan üçün çox ağır bir sınaq ili başa çatdı. İnsanlar bu müddət ərzində həm sosial məsafə tələbi ilə bir-birindən uzaq durmağa, tənha qalmağa məcbur oldu, həm də aradakı məsafəyə baxmadan bərabər olub, bir ürək kimi vurmağı öyrəndi. Bir tərəfdən hər vətəndaşın ayrıca məsuliyyətinin vacibliyi vurğulandı, digər tərəfdən bütün xalq xilas yolunu tək Liderin - Prezidentin ətrafında bir yumruq kimi birləşməkdə gördü.
Bir il ərzində xalq qütbün əks uclarına çəkilməklə yanaşı, zirvəyə qalxmağı da bacardı. Pandemiyanın pərən-pərən saldığı insanlar Vətən müharibəsinin başlaması ilə xalq, millət olaraq ayağa qalxdı, dünyaya özünün şərəfli adını eşitdirə bildi. Bu qədər sınaq millətin mənəviyyatında, kimliyində sanki yeni bir ali mərtəbəni kəşf etdi, unudulmuş tarixin səhifələrinin üstündəki illərin gətirdiyi toz qatını təmizlədi. Sınaq bitdi, yeni bir inkişaf dövrü başladı və hər kəs yenə də öz Liderinin sözünü gözlədi. Ölkə Prezidenti İlham Əliyev isə həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Yeni ilin astanasında xalqa təbrikində, həm də ondan bir neçə gün sonra yeni mədəniyyət nazirinə verdiyi təlimatlarında bütün xalqa Azərbaycanın yeni inkişaf mərhələsində hansı istiqamətdə və necə getməli olduğunu aydın bildirdi.

44 günün verdiyi ruh: sıxılmış potensialın açılışı

2020-ci il başlayandan bütün dünya sanki bir dirijorun çubuğu ilə hərəkət edirdi. Bu yeknəsək, eyni zamanda gərgin günlər ərzində Azərbaycan fərqlənməli, nəinki bu gün, ümumiyyətlə son onilliklər ərzində olmayan bir addım atdı - işğal olunmuş ərazilərini silah gücünə qaytarmaq üçün ayağa qalxdı. Hadisələr pandemiyanın xofundan səsini içinə almış dünyada sanki göy gurultusu kimi səs saldı. Diqqətlər Azərbaycana yönəldi, dostluq-düşmənlik hissləri siyasətlə pərdələnməyə macal tapmamış bir anda aşkara çıxdı, tanınmış xəbər agentlikləri eksklüziv reportaj hazırlamaq üçün az qala yarışa girdilər. Və bu qədər diqqətin, eyni zamanda gündən-günə artan haqsız təzyiqlərin altında Azərbaycan bir neçə işi eyni zamanda görməli idi: ən az sayda şəhid vermək üçün döyüşlərin düzgün strategiyasını, taktikasını hazırlamaq, arxa cəbhədə xalqın əmin-amanlığını, güzəranını təmin etmək, dünya qarşısında öz haqq səsini eşitdirməklə yanaşı, həm də öz ləyaqətli simasını qoruyub saxlamaq! Dövlətin başında güclü və ağıllı Lider olduğuna görə, bunların hər biri yüksək səviyyədə öz həllini tapdı. Özünü böyük bir güvəndə hiss edən xalq gündən- günə daha çox Liderinin ətrafında sıxlaşmağa başladı. Get-gedə böyüyən qar topası kimi 44 gün ərzində bu yumruq elə bir qüdrət qazandı ki, artıq güclü dövlətlər də ehtiyat etməyə, proseslərin qarşısını almaq üçün yollar düşünməyə başladılar. İlə yekun vuran Prezident İlham Əliyev mövcud reallığı belə təsvir edir: “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq”. Bu güc bir günün, bir ayın içində qazanılmamışdı. Bu, əsrlər boyu tarixə öz adını yazmış Millətin öz kimliyinə dönməsi idi”.

Milli ruhun ölümsüzlük sirri

Baş verən hadisələrin, tarixi günlərin bir də alt qatı, dəyərli bir mahiyyəti formalaşmaqda idi: millətin əsrlərdir yatmış, passivləşmiş ruhu ayağa qalxmışdı, əsrlərdir reallaşmadan toplanan potensialı üzə çıxmışdı, qarşısı alınmayan bir oyanış prosesi başlamışdı. Yalnız ərazisi deyil, milli qüruru, kimliyi bərpa olunan Azərbaycan növbəti inkişaf mərhələsində əsas mövzu yüksək mənəviyyatın və bunun üzərində bərqərar olan milli təfəkkürün formalaşması idi. İlham Əliyev deyir: “Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır”. Belə düşünmək olar ki, bir millətin əsrlər boyu öz milli kimliyini təhriflərdən qoruması üçün qeyri-adi bir qüdrətə sahib olmalıdır. Alman filosofu Hegelin fikrinə görə, mütləq ruh ideyanın inkişafında ən son və yüksək mərhələdir. O, özünü məhz sənət, din və fəlsəfədə gerçəkləşdirdiyinə görə, sonuncular ölümsüzdür. Öz kimliyində, mədəniyyətində bu üçünü qoruyan millətin ruhu da ölümsüzlüyə iddialıdır. Belə məlum olur ki, Prezident İlham Əliyevin istər xalqa müraciətlərində, istərsə də özünün sonuncu təlimatlarında məhz bu üç xətt üzərində dayanması təsadüf yox, məhz mənəvi inkişafın xəritəsinin əsas göstəriciləri, “yol nişanələridir”. Dövlət başçısı böyük qürurla vurğulayır ki, “Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir... Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilir”. Azərbaycan bütün dünyaya öz hərbi gücünü göstərdi, nəyə qadir olduğunu əyani şəkildə sübut etdi. Ancaq bundan daha əvvəl o, məhz yumşaq gücü ilə - muğam vasitəsilə bütün dünyanı zəbt etmişdi, Azərbaycan xalqının kimliyini tanıtmışdı. İndi bir növ forma və mahiyyət - muğam və onun beşiyi hesab edilən Qarabağ bir-birinə qovuşdu. Bunun məntiqli möhürü isə dövlət başçısı tərəfindən Şuşanın nəinki Azərbaycanın, hətta bütün bölgənin mədəni paytaxtı elan edilməsi oldu.
Digəri isə xalçaçılıqdır. Axı, Azərbaycan həm də ilmələrlə sənət, tarix yaratmaq istedadının Vətəni hesab edilir. Prezident məhz bu əhəmiyyəti ön plana çəkmək məqsədilə qeyd edir ki, “Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Özü də xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizi göstərir. Xalça sənətini də biz yaşadırıq. ...Xalçaçılıq sənəti əbədi yaşamalıdır”. Muğam, xalçaçılıq, yaxud UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan neçə tarixi, təkrarolunmaz memarlıq abidələri - hər birinin qorunması yalnız mədəniyyət nümunəsinin mühafizəsi deyil, həm də bir millətin ruhunun əbədiliyini təmin edən fenomenlərin yaşadılmasıdır. Bu, bir millətin tarixinin, kimliyinin səsə, ilməyə, daşa həkk edilib gələcək nəsillərə çatdırılmasıdır.
Hegelin sözlərinə istinad etsək, ruhun ölümsüzlüyünü təmin edən ikinci faktor dindir. Azərbaycanın multikultural, tolerant ölkə olması artıq dünyaya məlum bir həqiqətdir. Müharibə günlərində, sınağın ən ağır məqamında belə Azərbaycan özünün bu prinsiplərindən bir addım da olsa geri çəkilmədi. Dövlət başçısı yeni mədəniyyət nazirinə təlimatlar verəndə belə bir vacib faktı da xatırlatdı: “Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub... Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, ... xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. ...Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi - bütün bunlar dövlət tərəfindən qorunur”. Bu, sadəcə, quru daşların, divarların, tarixi abidələrin qorunması deyil. Bu, neçə-neçə şəxsin əqidəsinə hörmət, imanına ehtiram deməkdir. Bu, millətin ruhunun tamlığını qorumaq, onun inkişafı, öz kimliyi ilə qürur duymaq üçün şəraitin yaradılması deməkdir.
Nəhayət, Hegelin siyahısındakı sonuncu faktor - fəlsəfədir, hikmətdir. Əslində, il ərzində olanlar düşüncələr üçün uzunmüddətli bir qida verdi. Bununla yanaşı, çox əhəmiyyətli bir məsələ də var ki, dövlət başçısı məhz onun üzərində durmağı lazım bildi: təfəkkürün güzgüsü olan dil faktorunun. Prezident İlham Əliyevin: “Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir,” deməsindən də görünür ki, dil istər mənəviyyatın formalaşmasında, istərsə də təfəkkürün inkişafında xüsusi bir rola və əhəmiyyətə malikdir. Məhz bundan da belə nəticə çıxır ki, dil elə bir sahədir ki, onun qorunması, sadəcə, dilçilərin deyil, milli kimliyin keşiyində duran bütün məsul şəxslərin, mütəxəssislərin üzərinə düşür. İşin ağırlığını və miqyasının böyüklüyünü nəzərdə tutan ölkə rəhbəri onu da bildirir ki, “Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır”. Bəli, dil pozuntuları əslində düşüncələrin işğalından xəbər verir. Ərazilərin işğaldan azad olması ilə, böyük Qələbənin əldə edilməsi ilə düşüncələrdə milli kimlik önə çıxacaq və bu, əksini ticarət və xidmət obyektlərinin adında da öz əksini tapacaq. Yəni hər şeydən əvvəl insan öz millətini, öz kökünü sevməlidir ki, onun dilini də sevsin, onu hər şeydən üstün bilsin, onu eşitməkdən, eşitdirməkdən qürur duysun. Vətən müharibəsi müddətində bütün fəxr olunan hadisələr, adlar, yerlər məhz öz dilimizdə olduğuna görə, Qələbədən sonra bir növ düşüncələr də “işğaldan” azad olmalıdır.

Gələcəyin məsuliyyəti

Azərbaycan hər zaman daxil olduğu mədəniyyət bölgəsinin ən gözəl, nadir incisi kimi tanınmağı bacarıb. Söhbət, sadəcə, ərazidən getmir. 30 il həmin torpaqlar düşmənin tapdağında qalmışdı. Nə bir quruculuq, nə də bir yaradıcılıq işi aparılmışdı, əksinə, dağıdılıb, yandırılıb, talan edilmişdi. Səbəb sadədir: forma və mahiyyət bir-birinə uyğun deyildi! Tarixi torpaqlar öz sahibini çox yaxşı tanıdığına görə, işğalçıya nə ruh verirdi, nə enerji. Çox əhəmiyyətli bir faktdır ki, hələ savaş bitməmiş, Prezidentin əmri ilə artıq azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri başlandı. Uzun illər reallaşmadan qalan mahiyyət ilk imkanda özünü ifadə etməyə başladı. Yeni ilin ilk dəqiqələrində dövlət başçısı öz xalqına məhz bu mesajı verdi: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!” Bu sözlər möhtəşəm bir eranın gəlişinin müjdəsidir, Vətənin quruculuğunda heç kəsin kənarda qalmamasına bir çağırışdır.
Vətən müharibəsi günlərində Azərbaycan dünyanı daha bir keyfiyyəti ilə heyran qoydu: həmrəyliyi ilə. Ən uzaq ölkədən tutmuş, cəbhə bölgəsinin bilavasitə qaynar nöqtəsində olan hər bir azərbaycanlı eyni ağrını və eyni sevinci yaşadı. Vətəni qorumaq üçün kimsə canı, kimsə duası, bir başqası isə maliyyəsi ilə irəli durdu. Belə məlum oldu ki, Azərbaycan mövcud sərhədlərə sığan ölkə deyil, ondan çox daha uzaqlara, qürbət ellərdə yaşayan azərbaycanlının ruhuna qədər uzanan bir Vətəndir. Belə məlum oldu ki, dünyanın harasında olursa-olsun, harada bir azərbaycanlı ürəyi döyünürsə, deməli, ora Azərbaycan imiş! Qazanılan Zəfər də hər bir kəsin haqqıdır. Və xalqın Liderinin bu təbrikinə də hər biri layiqdir: “Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik”.

"Azərbaycan" qəzeti