25.12.2020, 19:22 - Baxış sayı: 789

Dağ regionlarının davamlı inkişafı: problemlər və perspektivlər


Sakit Hüseynov
Fəlsəfə və Sosiologiya İnstitutunun
Davamlı inkişafın fəlsəfəsi şöbəsinin
müdiri, fəlsəfə elmləri doktoru, professor


Son illərdə elmi-texniki tərəqqinin inkişafı təbii resurslara təsir dairəsini daha da intensivləşdirmiş, təbiət-cəmiyyət münasibətlərində bir disbalans yaratmışdır.
Bununla əlaqədar olaraq XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri “Davamlı inkişaf” (“Sustainable development”) konsepsiyasıdır. Davamlı inkişaf konsepsiyası ilk dəfə 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin “Ətraf mühit və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransında qəbul edilmişdir.
Bu konsepsiyanın əsas məğzi: “Gələcək nəsillərin həyatını təhlükə altına qoymadan, indiki nəsillərin tələbatının sosial, iqtisadi və ekoloji cəhətdən normal ödənilməsi”ndən ibarətdir. Bu konsepsiyanı əhatə edən “Bizim ümumi gələcəyimiz” adlı məruzə BMT Baş Assambleyasının təşəbbüsü ilə müxtəlif ölkələrə yayılmış və bir çox dillərdə kitab şəklində çap olunmuşdur.
Davamlı inkişaf konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarət idi. Bununla yanaşı davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün saxlanılmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tuturdu.
Dağ regionlarının davamlı inkişafı rəsmi şəkildə ilk dəfə RİO-92 Sammitində qəbul edilmiş XXI əsrin Gündəliyi (Agenda 21) adlanan sənədin II bölməsinin 12-ci maddəsində irəli sürülmüşdür: Bu bölmə: “Davamlı inkişafı təmin etmək üçün təbii resursların qorunması və onlardan səmərəli istifadə edilməsi” adlanır.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər də əhəmiyyətli¬dir. Müşahidə və təcrübə göstərir ki, sivilizasiyanın indiki səviyyəsi əhalinin ekoloji tərbiyəsini formalaşdırmağı tələb edir. Ekoloji təşkilatlar həyəcan təbili çalsa da, insan əməyinin istismar səviyyəsi artmaqda davam edir.
Bu gün müşahidə edilən problemlərdən biri də təbiətin möcüzəsi olan, yer kürəsinin dayağı hesab edilən dağ regionlarından istifadə ilə bağlıdır. Alimlərin təbirincə deəsk, dağlar yerin dirəyidir, dağların çöldə qalan hissəsinin bərabəri qədər də alt hissəsindədir. İnsanlar bunu təcrübə olaraq hündür göydələnlər tikirlər, yəni bünövrəsini çox dərin qazaraq hündür binaların ayaqda qalmasına səbəb yaradırlar. Belə bir coğrafi-iqtisadi və strateji əhəmiyyət kəsb edən dağ regionlarına qarşı münasibətlər ciddi narahatlıq doğurur.
Araşdırmalar göstərir ki, dağların yer kürəsindəki əhəmiyyətini saymaqla bitirə bilmərik. Dağlar həm zəngin təbii resursları ilə iqtisadi əhəmiyyət kəsb edir, həm də ki, iqlim və hava axını baxımından mühüm coğrafi məkan və sosiomədəni baxımdan istirahət və turizmlə bağlı zəruri əhəmiyyətə malikdir. Eyni zamanda, dağlar bir qaladır, xarici düşmənə qarşı bir səngər olaraq strateji əhəmiyyət kəsb edir. Görüntüsü ilə möhtəşəm mənzərə yaradan dağların üzərində bir-birindən fərqli olan ağaclar, yaşıllıqlar. o cümlədən bəzən aran yerlərdə bitməyən müxtəlif dərman bitkiləri daq regionlarını daha da zənginləşdirir
Bundan başqa, dağlar bizim normal yaşayışımızın, ərzaq təminatımızın əsas komponentlərindən olan heyvanların, quşların yaşayış məskəni, sığınacaq yeri, otlağıdır. Eyni zamanda, əksər dağ silsilələri yaşayış evlərinin düzəldilməsi, tikilməsi üçün zəngin material bazasıdır. Əhəng, qum, daş karxanaları və s. Bütün bunlar, dağların sosial-iqtisadi, coğrafi-strateji əhəmiyyətini qısaca da olsa ifadə edir.
Dağlardan istifadə zamanı balansın qorunmaması, dağların təbii imkanlarından düzgün istifadə edilməməsi bir çox problemlərə yol açır ki, bu da öz növbəsində davamlı inkişafa mane olur.
Məsələn, müasir dövrün ən böyük problemlərindən biri səhralaşmadır. Ölkəmiz Cənubi Qafqazda səhralaşma prosesinin daha intensiv inkişafı ilə seçilir. Məlum olmuşdur ki, son illərdə təbii amillərlə yanaşı səhralaşmaya təsir göstərən əsasən antropogen amillər olmuşdur. Məsələn, elə regionlar var ki, qışlaqda bir hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq mümkün olduğu halda, orada saxlanılan qoyunların sayı 40-45-ə çatır. Digər tərəfdən bəzi torpaqların 3 faizini hansısa kiçik ehtiyaclar üçün əkib-becərmək olar. Amma bu göstəriciyə baxmayaraq həmin torpağın 30-40%-i şum altındadır.
Dağların sıradan çıxması aşınması iqlim dəyişikliyində də özünü göstərir. Bu isə, öz növbəsində, kənd təsərrüfatında daha qabarıq büruzə verir. Burada istiliklə rütubətin əlaqələnməsindən çox şey asılıdır. Kənd təsərrüfatı bitkilərinin fəal temperatur cəmindən asılılığı, vegetasiyası üçün orta illik tempera¬turunun və yağıntıların miqdarı mühüm rol oynayır. Bu təbii bitkilərin inkişafına və onların vasitəsilə torpaq əmələ gəlməyə təsir edir, insanlar tərəfindən mədəni bitkilərin becərilməsinə, əkinçilik məhsullarının kimyəvi tərkibinə böyük təsir göstərir.
Elm və texnikanın müasir inkişafı, demoqrafik dəyişikliklər dünya üzrə əhalinin artımı cəmiyyətlə coğrafi mühitin qarşılıqlı münasibətini bəşəri problemə çevirmişdir. Başqa yerlərdə olduğu kimi, dağ regionlarında da əhalinin artan tələbatının ödənilməsi, maddi nemətlər istehsalının artırılması təbii sərvətlərdən qənaətlə istifadə etməyi qarşıya bir tələb kimi qoyur. İnsanlar tərəfindən yeni-yeni texnoloji avadanlıqların təbiətə təsiri o dərəcədə böyükdür ki, onun mənfi təsirini müqayisə etmək çox çətindir. Bir çox tədqiqatlarda göstərirlir ki, cəmiyyətin təbiətdən asılılığı, insanların təbiətə təsiri ictimai inkişafdan, tarixi şəraitdən, mədəni-texniki ənənələrin və texniki tərəqqinin inkişafından irəli gəlir
XX əsrin ortalarından sürətlənməkdə olan texniki tərəqqi məhsuldar qüvvələrin inkişafına, insanların əmək fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərmişdir, təbii sərvətlərdən istifadənin coğrafiyası dəyişmişdir. Təbiətə təsiri qüvvətləndirən elm və texnika təbiəti mühafizə problemini yaratmış, biosferdə bərqərar olmuş qarşı¬lıqlı ekoloji inkişaf və əlaqələr pozulmuşdur. Müasir dünyanın bir çox regionlarında, xüsusilə inkişaf etmiş və yeni sənayeləşmiş ölkələrdə elə bir vəziyyət yaranmışdır ki, insanların və canlıların həyatı təhlükə altında qalmışdır. İnsanla təbiət arasında sağlam münasibət yaradılmasa, təbiətə, şüurlu və planauyğun şəkildə yana¬şıl¬masa bu təhlükə fəlakətə çevrilə bilər. Dağ regionlarında atmosferə zərərli maddələrin buraxılma¬sına qarşı yeni mübarizə tədbirləri və vasitələri qısa müddət ərzində tətbiq edilməli, su və meşə sərvətlərindən səmərəli istifadə etmək üçün əlavə kompleks tədbirlər planı həyata keçirilməlidir. Bütün bunlar, müasir dünyanın, müasir cəmiyyətin davamlı inkişaf tələblərindən irəli gələn bir zərurətdir.
Dağ regionlarının ekoloji və sosio-mədəni dəyərləri haqqında çox danışmaq olar. Lakin biz Dağ regionlarına Davamlı inkişaf prinsiplərindən yanaşsaq bu sahədə sosial-iqtisadi və ekoloji baxımdan müəyyən problemlərin olduğunu görürük. Hər şeydən əvvəl dağ kəndlərində mövcud olan sosial problemlərdən biri son illərdə kəndlərdə gənclərin sayının getdikcə azalmasıdır. Sosioloji müşahidələr göstərir ki, dağ kəndlərində orta məktəbi bitirdikdən sonra ali məktəbə oxumağa, yaxud şəhərdə işləməyə gedən gənclərin əksəriyyətinin doğma kəndlərinə qayıtmamasıdır. Belə halların getdikcə çoxalması dağ regionlarında demoqrafik balansın pozulmasının göstəricisidir.
Dağ regionlarında mövcud olan digər sosial-iqtisadi problemlər zəruri infrasturuktur çatışmazlığı ilə bağlıdır. Bundan başqa dağ kəndlərində tarixən mövcud olan ənənəvi adətlərin və mədəni dəyərlərin qorunub saxlanılması da dağ regionlarında davamlı inkişafın təmin edilməsində mühüm rol oynayan amillərdəndir.
Digər tərəfdən dağ ekosisteminin qorunub saxlanılması və dağ regionlarında davamlı inkişafın təmin olunmasında müəyyən amillərdən biri də dağ turizminin inkişaf etdirilməsidir.
Sosioloji müşahidələr göstərir ki, respublikamızda dağ turizminin ən zəif inkişaf etdiyi regionlardan biri Yardımlı və Astara rayonlarıdır. Qeyd edək ki. İsmayıllı, Quba, Qusar, Şəki, Balakən, Zaqatala, Qəbələ rayonlarından fərqli olaraq Yardımlı və Astara rayonlarında dağ turizminin və istirahət obyektlərinin yaradılması hələ ürəkaçan deyildir.
Müşahidələr göstərir ki, Astara rayonunun-Taxtanəkəran, Miki, Toradi, Asxanakəran, Motalayataq, Ambuba, Hamoşam və Yardımlı rayonunun isə Vərgədüz, Osnakəran, Bürzumbül, Bilnə, Vərov kəndlərində dağ turizmini inkişaf etdirmək mümkündür. Son illərdə Qusar rayonunun Laza kəndində dağ turizminin inkişaf etdirilməsi və xarici turistlərin bu əraziyə cəlb edilməsini bir nümunə kimi qeyd etmək olar.
Qusar rayonu Laza kəndi Dağ turizminin inkişaf etməsinə nümunə kimi bir neçə dağ kəndlərini göstərmək olar ki, bunlardan biri Qusar rayonu Laza kəndidir.
Dağ regionlarında davamlı inkişafın təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
1.Dağ mədəniyyətinin qorunub saxlanılması, dağlarda mövcud olan milli-mənəvi adət-ənənələrimizin tarixən daha da canlandırılması;
2.İqlim şəraitinə uyğun elit toxum növlərinin dağ regionlarına gətirilməsi üçün dağ bölgələrində özəl toxumçuluq təsərrüfatının yaradılması;
3.Dağ regionlarında demoqrafik balansın saxlanılmasına çalışmaq;
4.Dağ regionlarında işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması;
5.Dağ kəndlərində təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün məktəblərin müəllim kadrları ilə təmin edilməsi;
6. Ucqar dağ kəndlərində turizm şəbəkələrinin və istirahət obyektlərinin yaradılması və onların keyfiyyətinin yaxşılaşdırılması.

Ədəbiyyat
1.S.Hüseynov. Davamlı İnsan İnkişafının strateji istiqamətləri. «Adiloğlu» nəşriyyatı. Bakı. 2003, 264 s.
2.R.M.Cəfərova “Təbiətdən istifadənin iqtisadiyyatı”. Gəncə, “Gəncə poliqrafiya”, 2014, 286 səh.;
3.T.Quliyev “Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı”, Bakı , 2006, səh. 260;
4.N.A.Babaxanov, N.Ə.Paşayev “Təbii fəlakətlərin iqtisadi və sosial coğrafi öyrənilməsi”, Bakı, 2004, səh. 194;
5.N.Ə.Nəbiyev “İqtisadiyyat, cəmiyyət və ekoloji mühit”, Bakı, 2000, səh. 696;
6.https://beyyine.net/daglar-insana-xidmet-edir/
7.https://azertag.az/xeber/885365
8.http://olaylar.az/news/iqtisadiyyat/278501