25.12.2020, 10:27 - Baxış sayı: 733

Prezident İlham Əliyev tarix yazan və tarixi ədaləti bərpa edən qətiyyətli Liderdir


Günel Məlikli
Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru
AMEA YAP İdarə heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri


Dəyişən dünya liderlik keyfiyyətlərinin də dinamikasını şərtləndirir. Ölkədəki real vəziyyət liderin müəyyən obrazını daha qabarıq təqdim edir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən, yüksək rifaha çatdıran liderləri olur.Məhz elə Azərbaycan xalqının çətin, təhlükəli günlərinin keçirdiyi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoruyan Heydər Əliyev kimi dahi uzaqgörən siyasətçiyə ehtiyac duyulurdu. Dahi lider xalqının ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.
Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub. Dahi lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində regionda və dünyada inkişaf etmiş məkana çevirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən, dövlətimizin inkişaf etməsi, mənəvi dəyərlərimizi qoruması, daima xalqın güzəranı üçün gərgin, səylə çalışması, ölkəmizdə və beynəlxalq miqyasda dövrün yeni lider olduğu sübut edildi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Cənab İlham Əliyev Prezident seçildiyi elə ilk gündən böyük dövlət xadimi kimi iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasını, sahibkarlığın vüsət almasını, kənd təsərrüfatının dinamik inkişafını, tarixi, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz işlərin həyata keçirilməsini tələb etdi.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur.
Cənab İlham Əliyev Prezident seçiləndən sonra Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirməsini bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi isə ilk növbədə əldə edilən uğurların daha da çoxalması, dövlətçiliyimizin əbədiliyi deməkdir.
Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi dahi şəxsiyyətin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.
Belə ki, xalqımız yaxşı bilirdi ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur bir ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.
İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib.
Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 17 il ərzində cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib. Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkənin ali məktəblərində, elmi mərkəzlərdə, respublika Milli Elmlər Akademiyasının müəssisələrində də analoji işlər aparılıb. Oğuz- Qəbələ-Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.
Son 17 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş aparılıb. Ölkədə bütün çadır düşərgələri və “fin evləri”ndən ibarət qəsəbələr ləğv edilib, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri xüsusi qayğı ilə əhatə olunub.
Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. Pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb. Dövlət qulluqçularının, hüquq-mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb. Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistem şəklində birləşdirən “ASAN xidmət” və “DOST” Azərbaycanın brendlərinə çevrilib.
Ötən illər ərzində Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlətimizin başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb edib. Bu müddətdə Azərbaycan qonşu və uzaq dövlətlərlə mehriban dostluq və beynəlxalq hüquq normalarından irəli gələn şərtlər çərçivəsində münasibətlərini xeyli gücləndirib.
Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılıb. Əvvəllər münasibətlərimiz, ümumiyyətlə, mövcud olmayan və ya sadəcə diplomatik əməkdaşlığımız olan ölkələrlə hərtərəfli əlaqələr qurulub, münasibətlər daha da dərinləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və ugurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib.
Fikrimcə, bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır.
Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. Sabitlikdən innovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti də bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən hadisələrə həsr olunmuş verilişdə cənab Prezident sərrast, məntiqli, peşəkar və qətiyyətli çıxışı ilə əsl həqiqəti rusdilli auditoriyaya çatdıtrmaqla, Ermənistan rəhbərliyinin məkrli siyasətini göstərməklə etmklə yanaşı, həm də rus ekspertlərinin səsləndirdiyi kimi, Paşinyanı darmadağın etdi. Bu sözlər Prezident İlham Əliyevin xalqa müraciətindəndir: “...İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq, kim-kimdir?! Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”.
Azərbaycan Prezidentinin xalqa müraciəti öz təsbitləri, təsdiq və çağırışları bir əsərdir – həqiqət və cəsarət əsəri! Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü. Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”
Ümumilikdə, Azərbaycan Prezidentinin günlər ərzində "Əl-Cəzirə”, "Əl-Ərəbiyyə”, "TRT Haber”, "Pervıy Kanal”, "CNN-Türk, "Evronyus” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Gənclərimizin hər birini cənab prezident İlham Əliyevin xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram. Bu, günümüzün güzgüsüdür! Biz bu günlər tarixi anlar yaşayırıq. Ali Baş Komandanımız, şanlı ordumuz və xalqımız tarix yazdı! Ən əsası, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib.
10 noyabr Möhtəşəm zəfər paradı... Bu parad qalib ordu, qalib xalq, prezident birliyinin simvolikasına çevrildi. Azərbaycan xalqı 1945-ci ildə Sovetlər Birliyinin Hitler Almaniyası zərində qazandığı tarixi qələbə münasibətilə Moskvada keçirilən paraddan sonra bu cür mühüm hadisəni görməmişdi. Azərbaycan 30 ildən sonra torpaqlarının işğaldan azad edildiyini, doğma torpaqlarına qovuşduğunu göstərdi. 3000 nəfərdən artıq şəxsi heyətin, 150-ədək hərbi texnikanın, silahlanmaya yeni qəbul edilmiş hərbi texnikanın, raket və artireliriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və eləcədə hərbi gəmi və katerlərinin nümayiş etdirildiyi paradda çıxış edən Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində əsl qəhrəmanlıq göstərən Azərbaycan ordusuna siravi əsgərlərdən tutmuş zabit heyətinə qədər hər kəsə təşəkkür etdi. Cənab Prezident İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: "...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi”.
Bütövlükdə, Pezident İlham Əliyevin adı böyük Xilaskar, Qəhrəman kimi tariximizə əbədi həkk olundu.

"Yeniazerbaycan.com"