23.12.2020, 09:27 - Baxış sayı: 647

AMEA-nın 75-ci ili dünyanı dəyişən qələbəmizlə eyni vaxta düşdü


Günel Məlikli,
YAP AMEA ərazi ilk təşkilatı İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru


Azərbaycan elmi fikri mürəkkəb və sürətli tarixi inkişaf yolu keçmişdir. Onun kökləri minilliklərin dərinliklərinə gedib çıxır. 1923-cu ildə yaranan respublikanın ilk elmi qurumu - Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti əsas elmi fəaliyyət mərkəzlərindən biri idi.
Azərbaycanda respublikanın tarixini, mədəniyyətini tədqiq edən elmi işçiləri bir araya gətirmək ideyası 1923-cü ildə meydana gəldi. Cəmiyyətin yaradılmasının təşəbbüsçüləri görkəmli ictimai və dövlət xadimləri N.Nərimanov, S.Ağamalıoğlu, Ə.Haqverdiyev, həmçinin onun təşkilinə dair Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qarşısında vəsatət qaldırmış universitet professorları A.V.Baqri, Y.İ.Baybakov, V.V.Boqaçov, D.Qolovnin, P.K.Juze, V.Malinovski, X.Məlik-Aslanov, V.R.Smirnov-Loqinov, V.B.Tomaşevski, V.A.Udintsev, D.Urusov, Y.A.Paxomov, V.M. Sısoyev, H.Şaxtaxtinski olmuşlar.
Azərbaycan SSRİ XKS öz qərarı ilə 1945-ci il martın 27-də SSRİ EA Azərbaycan filialı və respublikanın bir sıra başqa elmi – tədqiqat müəssisələri bazasında Azərbaycan SSR Elmlər Akademiyası təsis edildi. Akademik M.Ə.Mirqasımov 1945-ci il martın 31-də yekdilliklə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və Akademiyanın ilk prezidenti seçilmişdir.
Akademiyaya sonrakı illlərdə görkəmli alimlər Yusif Məmmdəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967) rəhbərlik etmişlər.
Yusif Məmmdəliyev, Musa Əliyev, Zahid Xəlilov kimi görkəmli alimlər prezident olduqları dövrdə AEA-nın inkişafının istiqamətləndirilməsində, yeni elmi-tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azərbaycanda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında, xeyli sayda fəlsəfə və elmlər doktorunun, yüksəkixtisaslı kadrların hazırlanmasında, ümumilikdə elmin inkişafında mühüm xidmətlər göstərmişlər.
Akademiya tarixində də ən parlaq mərhələ 1969-1985-ci illəri əhatə edir. Ümummilli lider Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Akademiya Sovet dövründə bir sıra uğurlara imza atmışdır. Ulu Öndər Azərbaycan KP MK–nın məşhur avqust (1969–cu il) plenumunda çıxışında söyləmişd: “Elmi–texniki tərəqqinin sürətləndirilməsi uğrunda yaradıcı mübarizənin önündə getmək, tədqiqat nəticələrinin praktikada, istehsalatda tətbiqi müddətlərinin qısaldılmasına, mütərəqqi texniki yeniliklərin öyrənilməsinə öz əsərləri kəşfləri, ideyaları ilə kömək etmək alimlərin borcudur”. 1967-70-ci illərdə SSRİ EA-ya akademik Rüstəm İsmayılov rəhbərlik edərək, neft kimyası sahəsində mühüm tədiqatlar aparmışdır.
1970-1983-cü illər ərzində bu böyük elm məbədinə akademik Həsən Abdullayev rəhbərlik edərək, güclü maqnit və elektrik sahələrinin, yüksək təzyiqin, aşağı və ifrataşağı temperaturların birgə təsiri ilə yarımkeçirici maddələrin geniş əhatəsinin yaradılması və tədqiqi, Azərbaycan dilində ilk elmi kitabın müəllifliyi ilə elmə töhfə vermişdir.
Ulu Öndər Heydər Əliyev şəxsən özü bu nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyində bu elm ocağının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilməsi münasibətilə keçirilmiş təntənəli ümumrespublika yığıncağında demişdir: “Qısa müddətdə akademiyamız müasir elmin ən aktual problemlərini həll edən iri mərkəzə çevrilmişdir…
Azərbaycan elmi müasir ideyaların, səmərəli axtarışların və məhsuldar tədqiqatların güclü generatoruna çevrilmişdir…”
Bu gün politoloqlar, tarixçi alimlər haqlı olaraq ölkəmizdə 1970-ci illərdən başlayan Heydər Əliyev epoxasını ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, milli - mənəvi yüksəliş tarixinin inkaredilməz reallığı Azərbaycanın XX əsr tarixinin intibah səhifəsinə daxil edirlər. Heydər Əliyevin dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır .
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Akademiyanın və onun üzvlərinin fəaliyyətinə yüksək qiymət vermişdir.
Dövlətimizin başçısı AMEA-nın 70 illik yubiley təntənəsində Azərbaycan Milli Elmlər Akademiyasının xalqımızın tarixindəki yerinə və göstərdiyi xidmətlərə belə dəyər vermişdir: “Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.
Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər.”
Bu gün AMEA-da çalışan alimlər ölkənin dövlət idarəçiliyi, sosial-iqtisadi sahələrində, müasir tenologiyaların tətbiq edildiyi infrastrukturlarda, humanitar sahələrdə yüksək peşəkarlıq nümayiş etdirirlər. Əlbəttə, bunun özü də elmin nüfuzunu artırır və istedadlı gənclərin bura axınını daha da gücləndirir. Akademiya illərlə formalaşmış ənənələri ləyaqətlə davam etdirməklə yanaşı, elmdə innovasiya, yeni texnologiyaların tətbiqi, mütərəqqi ideyaların reallaşdırılması üçün də daim açıqdır.
Gündən-günə genişlənən beynəlxalq və regional əməkdaşlıq əlaqələri bir daha onu göstərir ki, AMEA sürətlə innovasiyaların inkişaf etdiyi, yeni texnologiyalar yaradan və elmin yeni sahələrini araşdıran, təkcə Azərbaycanda deyil, Qafqaz regionunda yeni sosial mühit formalaşdıran mərkəzə çevrilir.
Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyi tarixi zamana düşdü. 10 noyabr 2020-ci il... Müasir Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan şanlı tarix... Haqq işini haqq edərək öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, mümkünsüzü mümkünə çevirən qəhrəmandır. Ali Baş Komandan ürəyimizdə sağalmaz yaraya çevrilən Xocalı soyqırımının və digər faciələrin qisasını düşməndən alan qüdrətli Sərkərdədir! Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
Qarabağ hamımızındır! Qarabağ bizimdir!
Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” inamını ifadə edən Ulu Öndərin ruhu qarşısında müzəffər Ali Baş Komandan hesabatını verdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Təsadüfi deyil ki, AMEA-da çalışan alimlərimiz Prezident İlham Əliyevin idarəçilik dövrünü elmin yeni inkişaf mərhələsi kimi qiymətləndirir və tədqiq edirlər.
“Azərbaycan elminin ənənələrini davam etdirən Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət ediblər. Mən onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusuf Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb.” Dövlət başçısının bu dəyərli fikirləri bir daha təsdiq edir ki, adları çəkilən görkəmli şəxsiyyətlərin iz qoyub getdikləri, bu elm məbədimiz öz şərəfli ömrünü ləyaqətlə yaşamaqdadır.
AMEA-nın kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirərək qazandığı statusu qoruyaraq, təşəbbüskar və istedadlı gəncləri elmə cəlb edir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin qarşısında duran başlıca vəzifə möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi bütün vəzifələri böyük səylə yerinə yetirmək, Azərbaycan elminin dünyaya inteqrasiyasını təmin etməkdir.
Alim adını şərəflə daşımaq isə bir başqa fəxarətdir. Əminik ki, irəliləyən və inkişaf edən AMEA-nın elmi ictimaiyyəti ölkənin inkişafı naminə vətəndaşlıq və vəzifə borclarının öhdəsindən əzmkarlıqla gələcək və alim adının məsuliyyətini qürurla doğruldacaq.

"İkisahil.az"