Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilib
Konfransı AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ili” elan etdikdən sonra bu yöndə şərqşünaslar, dilçilər və tarixçilər tərəfindən bir daha ədibin yaradıcılığının geniş təhlil olunmasından bəsh etdi. Nəsiminin şair olmaqla yanaşı, filosof olması məsələsinə də toxunan İlham Məmmədzadə – bəzi tədqiqatçılar onu böyük filosof adlandırırlar, fəqət fikrimizcə bu, Nəsimi dövrü və yaradıcılığının bütün fəlsəfi kontekstini açıb göstərmək üçün aşkar surətdə kifayət deyil deyə, vurğulayıb. Prinsipcə, Nəsimi ilinin qarşımızda hansı tələbləri qoyduğu, müasir mədəniyyət siyasətimizin fəlsəfəsi, onun keçmişlə necə bağlı olduğu üzərində düşünməyin vacib olduğunu qeyd etdi.
AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri Könül Bünyadzadə çıxış edərək Azərbaycanda “Nəsimi ili” elan olunandan dahi mütəfəkkir haqqında deyilən sözlərin sayının artdığını və fərqli bucaqlardan fərqli məzmunda, ən vacibi isə hər kəs öz düşüncəsi və mənəvi dünyası səviyyəsində Nəsimini təqdim etdiyini vurğuladı. Həmçinin Nəsimi dünyasının incilərlə dolu bir dərya olduğunu və o dəryaya baş vurmağa cəsarət edənlər oradan bir-iki inci götürə bildiklərini qeyd etdi.
Nəsiminin hikmətindəki hərflərin anlamına toxunan Könül Bünyadzadə bunu anlamağın tək yolunun Qurani Kərim olduğunu və Qurani Kərimin də anlamağın yollarından birinin isə təsəvvüfdən keçdiyini bildirdi.

