"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
Noyabrın 25-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “İdentiklik, multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva Nəcəfqulu qızının “İmadəddin Nəsimi irsində etno-identik və multikultural dəyərlər” adlı monoqrafiyasının müzakirəsi keçirilib.
Müəllif Xatirə Quliyeva monoqrafiyanın Azərbaycan ədəbi-fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin zəngin yaradıcılıq irsinin milli kimlik, etno-identiklik və multikulturalizm kontekstində fəlsəfi təhlilinə həsr olunduğunu vurğulayıb. Tədqiqatda şairin dünyagörüşü, insan konsepsiyası, mənəvi azadlıq ideyaları və ümumbəşəri dəyərlərə münasibəti tarixi-mədəni kontekstdə araşdırıldığını qeyd edib.
Müəllif Nəsimi irsini yalnız bədii-estetik düşüncənin ifadəsi kimi deyil, həm də milli-mənəvi özünüdərkin, mədəni yaddaşın və fəlsəfi idrakın mühüm qaynaqlarından biri kimi təqdim edir. Bu baxımdan monoqrafiyada şairin Azərbaycan türkcəsində yaratdığı əsərlərin milli ədəbi düşüncənin inkişafında və ana dilinin poetik-fəlsəfi ifadə imkanlarının genişlənməsində rolu xüsusi diqqət mərkəzində saxlanılır. Nəsiminin yaradıcılığı milli kimliyin formalaşmasında dilin, mənəvi irsin və tarixi-mədəni ənənələrin əhəmiyyətini müəyyənləşdirmək baxımından təhlil edib.
Müəllifin qənaətinə görə, Nəsiminin insan konsepsiyasında mənəvi dəyər, şəxsiyyət azadlığı, sevgi, mərhəmət və həqiqət axtarışı aparıcı ideya istiqamətlərindəndir. İnsanı ali mənəvi varlıq kimi dəyərləndirən bu fəlsəfi yanaşma milli kimliklə ümumbəşəri dəyərlərin qarşılıqlı əlaqəsini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Şairin yaradıcılığında ifadə olunan humanist ideyalar fərqli mədəni dünyagörüşləri arasında qarşılıqlı anlaşma və mənəvi dialoq üçün zəmin yaradan dəyərlər kimi səciyyələndirilir.
Kitabın müzkirəsində AMEA-nın həqiqi üzvü, t.e.d., professor Nərgiz Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d.,professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, f.ü.f.d. Şölət Zeynalov, f.e.d., dosent Eyyub Kərimov, fil.e.d., dosent Afaq Əsədova, h.e.d., professor Habil Qurbanov, f.ü.f.d., dosent Zaur Rəşidov kitab haqqında çıxış edərək monoqrafiyanın elmi məzmunu, tədqiqatın aktuallığı və Nəsimi irsinin müasir fəlsəfi düşüncə kontekstində öyrənilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda əsərin elmi-nəzəri əhəmiyyəti vurğulanıb, onun təkmilləşdirilməsi və gələcək tədqiqat istiqamətləri ilə bağlı tövsiyələr səsləndirilib.
Monoqrafiya bu kontekstdə Nəsiminin yaradıcılığı Azərbaycanın tarixi multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərinin və fəlsəfi düşüncə zənginliyinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə kimi qiymətləndirilib.











