Əməkdaşımız beynəlxalq konfransda iştirak edib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.f.d., dos. Zeynəddin Şabanov Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin təşkil etdiyi “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda elmi praktik konfransda “Ekoloji təhlükəsizlik konseptual məsələ kimi” mövzusunda çıxış etmişdir. Məruzəçi çıxışında ölkəmizdə ekoloji təhlükəsizliyin və ekolojibalansın təmin olunması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindəndanışmış,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində ekoloji mühitin yaxşılaşdırılması, ekosistemin bərpası üçün çoxşaxəli tədbirlərin reallaşdığını qeyd etmişdir. O bildirmişdir ki, hazırda respublikamızda ekoloji balansın qorunub saxlanması və yaxşılaşdırılması istiqamətində müxtəlif proqram və layihələrin həyata keçirilməsi nəticəsində bir sıra problemlərin aradan qaldırılmasına nail olunmuşdur. Natiq qeyd etmişdir ki, tədbirlərdə respublikanın meşə örtüyünə təzyiqlərin azaldılması və mümkün olan yerlərdə yeni meşələrin salınması, onların qırılmasının qarşısının alınması, ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi və tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması nəzərdə tutulmuşdur. Z.Şabanov İnzibati Xətalar Məcəlləsində yeni inzibati tənbeh növlərinin müəyyən edildiyini, "Ətraf mühitin mühafizəsi haqqında" qanunda təbii sərvətlərdən qanunsuz istifadəyə görə maddi məsuliyyətin sərtləşdirildiyini bildirmiş, Meşə Məcəlləsində meşələrdən istifadə və meşələrə vurulmuş zərərin hesablanması prinsipləri, Cinayət Məcəlləsində ekoloji cinayət əməlinə görə məsuliyyəti nəzərdə tutan yeni normaların təsbit edilməsi ilə əlaqədar mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin olunması kimi məsələlərdən danışmışdır.

