Ziba Ağayevanın “Heydər Əliyev: milli kimlikdən azərbaycançılığa (fəlsəfi, tarixi və nəzəri təhlil)” adlı monoqrafiyası nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin Siyasi İrsi və Azərbaycançılıq Fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayevanın “Heydər Əliyev: milli kimlikdən azərbaycançılığa (fəlsəfi, tarixi və nəzəri təhlil)” adlı monoqrafiyası nəşr olunub. “Red N Line” MMC tərəfindən Bakı şəhərində 2026-cı ildə nəşr edilən kitab 240 səhifədən ibarətdir.
Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri isə fəlsəfə elmləri doktorları, professorlar Rəbiyyət Aslanova və Rəna Mirzəzadə, fəlsəfə elmləri namizədi, dosent Əli İbrahimovdur.
Monoqrafiyada Azərbaycanda milli kimliyin fəlsəfi əsaslanrı və tarixi təkamülü təhlil edilmiş, milli kimlik fenomeninin konseptual-fəlsəfi müstəvidə etnik, mədəni, siyasi və ideoloji determinantları müəyyənlşdirilmiş, Azərbaycan maarifçilərinin milli kimliyin təşəkkülündəki müstəsna rolu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli kimlik məsələsinin, sovet Azərbaycanında kimlik siyasətinin institusional xüsusiyyətləri, ümumilikdə azərbaycançılığın ideyadan ideologiyaya qədər keçdiyi mürəkkəb proses nəzərdən keçirilmişdir.
Tədqiqat işində sovet Azərbaycanında milli kimliyin və milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, eləcə də müstəqillik dövrimdə azərbaycançılıq ideologiyasının institusionallaşaraq dövlət ideologiyası səviyyəsinə yüksəldilməsində ümummilli lider Heydər Əliyevin rolu kompleks şəkildə təhlil edilmişdir. Bununla yanaşı, Heydər Əliyevin azərbaycançılıq ideologiyasını dövlət müstəqilliyi, milli-mənəvi dəyərlər, mədəniyyət və vətəndaş həmrəyliyi prinsipləri əsasında formalaşdırması və dövlət siyasətinin əsas ideoloji istiqamətinə çevirməsi elmi əsaslarla fəlsəfi aspektdən araşdırılmışdır.
Monoqrafiya filosoflarla yanaşı, sosioloqlar, politoloqlar, tarixçilər, mədəniyyətşünaslar, doktorant və dissertantlar, tələbələr üçün əhəmiyyətli ola bilər.

