“Prokurorluq orqanları və Ombudsman təsisatı tərəfindən insan hüquq və azadlıqlarının qorunması fəaliyyətlərinə dair” mövzusunda elmi seminar keçirilib
İyunun 10-da “İnsan Hüquqları Aylığı” çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Prokurorluq orqanları və Ombudsman təsisatı tərəfindən insan hüquq və azadlıqlarının qorunması fəaliyyətlərinə dair” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində atılmış addımlar, həyata keçirilən hüquqi islahatlar və beynəlxalq hüququn normalarına uyğunlaşdırılmış mexanizmlər bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. 18 İyun – İnsan Hüquqları Günü bu sahədə atılmış mühüm addımların, hüquqi inkişafın və demokratik cəmiyyət quruculuğunun təntənəsi kimi qeyd olunur. Bu gün dövlət siyasətində insan hüquqlarının qorunması ali dəyər olaraq qalır və bu istiqamətdə islahatların davam etdirilməsi Azərbaycanın hüquqi və demokratik inkişafının zəruri tərkib hissəsidir.
Daha sonra sözü İnstitutun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək bildirib ki, insan hüquqları üzrə müvəkkil (ombudsman) tərəfindən hər il mayın 18-dən iyunun 18-dək “İnsan Hüquqları Aylığı” elan edilir, paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu təşəbbüs artıq ənənə halını alıb. Bu ənənənin davamı olaraq, qarşıdan gələn 18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində cari ilin 18 may-18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan olunub.
Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, dayanıqlı inkişaf məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır. Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək də əsas hədəflərdəndir.
Müasir dövrdə insan hüquqlarının təmini ilə bağlı çağırışlar daha da şaxələnib. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişiklikləri və postmünaqişə reallıqları bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu kontekstdə rəqəmsal mühitdə hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir-deyə bildirib.
Sonra həmin şöbənin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev çıxış edərək bildirib ki, 1998-ci ilin 18 iyununda Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin olunması sahəsində ilk sistemli və strateji sənəd olan “İnsan Hüquqları üzrə Dövlət Proqramı” təsdiqlənmişdir. Proqramda həm qanunvericilik islahatları, həm də Ombudsman institutunun yaradılması nəzərdə tutulurdu. Bu səbəbdən 18 iyun ölkədə insan hüquqlarının qorunması sahəsində dövlət siyasətinin əsas mərhələsinin başlanğıcı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi prioritet istiqamətlər sırasındadır.
İnsan hüquq və azadlıqlarının qorunması müasir demokratik və hüquqi dövlətin əsas funksiyalarından biridir. İnsan hüquqları hər bir şəxsin yalnız insan olması faktından irəli gələn, dövlət tərəfindən tanınan və qorunan fundamental hüquq və azadlıqlar sistemidir. Bu hüquqların təmin edilməsi hüququn aliliyinin, sosial ədalətin və demokratik idarəetmənin mühüm göstəricilərindən hesab olunur. İnsan hüquq və azadlıqlarının nəsillərə bölünməsi konsepsiyası tarixdə bu hüquqların hansı ardıcıllıqla tanındığını və hansı fəlsəfi-hüquqi mərhələlərdən keçdiyini göstərir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sistemində Prokurorluq orqanları və Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil) təsisatı mühüm, lakin fərqli hüquqi təbiətə malik mexanizmlərdir. Bu iki institut həm funksional fəaliyyətlərinə, həm də hüquqi təsir imkanlarına görə bir-birini tamamlayır.
Tədbirdə f.e.d. professor Azər Mustafayev, f.ü.f.d., dosent Sevinc Həsənova, f.ü.f.d. dosent Məhəmməd Cəbrayılov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d., dosent İradə Zərqanayeva, s.e.ü.f.d. Ruşan Ruşanzadə, f.ü.f.d.. dos. Radif Mustafayev suallar ünvanlayaraq, mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Sonda f.e.d.,prof. İlham Məmmədzadə mövzular haqqında onu düşündürən suallara öz fikrini dolğun fəlsəfi baxımdan bildirib.









