02.06.2026, 15:21 - Baxış sayı: 24

Niderlandda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasının müstəqillik gününə həsr olunmuş Beynəlxalq elmi-praktiki Konfrans keçirilmişdir


28 may 2026-cı il tarixində Niderlandın Haarlem şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycanın Respublikasının müstəqillik gününə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk və Ərəb Dünyası Araşdırma Mərkəzi (Research Centre for Turkish and Arabic World) ilə birgə keçirdiyi tədbirdə “Süni intellekt, türkdilli xalqlar arasında həmrəylik və gələcəyin təsviri” mövzusunda əsas məruzə ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə çıxış etmişdir.

“Azərbaycan Demokratik Respublikası: tarixi yaddaş və müasirlik” mövzusunda panel iclasda 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması, Azərbaycanın müstəqillik yolunun formalaşması, ölkənin Avropa ilə tarixi əlaqələri, dövlətçilik ənənələri və milli-mədəni kimlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Məruzəçilər öz çıxışlarında Azərbaycan dövlətçiliyinin tarixi inkişaf mərhələləri, Ümummilli Lider Heydər Əliyevin ideyalarının və siyasi kursunun müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi prosesində əhəmiyyəti, tarixi yaddaşın qorunması, intellektual irsin müasir cəmiyyətdə rolu məsələlərini araşdırmışdir.

Tədbirdə akademik və Türkiyə dairələrinin, mədəniyyət müəssisələrinin, diplomatik korpusun nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak etmişdirlər.