18.05.2026, 11:12 - Baxış sayı: 10

“Şəxsiyyətlərarası və sosial münaqişələrin psixologiyası” adlı kitab nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılovanın “Şəxsiyyətlərarası və sosial münaqişələrin psixologiyası” (Bakı, “Füyuzat”, 2026. 408 səh.) adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktoru psixologiya üzrə fəlsəfə dktoru, dosent Südabə Hüseynova, rəyçiləri psixologiya elmləri doktoru, professor Gülnarə Qurbanova, psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklidir.

Kitabda şəxsiyyətlərarası münasibətlərin ayrılmaz tərkib hissəsi olan münaqişə problemi hər zaman fəlsəfə, sosiologiya, siyasi elmlər sahələrində çalışan tədqiqatçıların diqqətini çəkmişdir. Bununla birlikdə, bu problemə dərindən nüfuz edə bilən, subyektiv təcrübəsini, iştirakçıların motivasiyasını və şəxsiyyətə təsirini müəyyən edən psixologiya elmidir. Uzunmüddətli elmi araşdırmalara baxmayaraq, münaqişələrin bəzi aspektləri hələ də yetərincə öyrənilməmişdir. Monoqrafiya münaqişənin psixologiya prizmasından mürəkkəb psixososial fenomen kimi öyrənilməsinə həsr edilmişdir. Məlumdur ki, münaqişələr yalnız maraqların və ya fərqlərin toqquşması deyil, bu, öz qanunları və inkişaf mərhələləri olan mürəkkəb bir psixososial prosesdir. Müasir psixologiya, sosiologiya və konfliktologiya üzrə nəzəri və empirik tədqiqatlara əsaslanan bu monoqrafiyada münaqişənin struktur komponentləri və psixososial amilləri sistemli şəkildə təhlil edilir. Eyni zamanda, empirik nəticələrin ümumiləşdirilməsi əsasında münaqişə problemlərinə yeni baxış irəli sürülür və onların həlli üçün alternativ yanaşmalar müəyyənləşdirilir. Həmçinin, konflikt vəziyyəti yaranan zaman onun inkişaf və həlli yollarının xarici təzahürləri, daxili və psixoloji mexanizmlər, idrak proseslərinin təbiəti və şəxsiyyət xüsusiyyətləri təhlil edilir. Monoqrafiya psixoloqlar, insan davranışının və şəxsiyyətlərarası münasibətlərin təbiəti ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı olacaqdır.