13.05.2026, 14:33 - Baxış sayı: 14

“Seyid Əzim Şirvaninin yaradıcılığında ictimai və mənəvi-etik mövzularının vəhdəti” mövzusunda Dəyirmi masa keçirilib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Seyid Əzim Şirvaninin yaradıcılığında ictimai və mənəvi-etik mövzularının vəhdəti” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitiutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, çıxışında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifpərvər şair Seyid Əzim Şirvaninin zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizin inkişafında mühüm rolu olmuş, görkəmli ədib və filosofun ədəbi-bədii irsindən söz açıb.

Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında təkcə görkəmli şair deyil, həm də ictimai fikir tarixində mühüm yer tutan maarifçi mütəfəkkirlərdən biridir. Onun yaradıcılığında ictimai problemlərlə mənəvi-etik məsələlər bir-biri ilə sıx şəkildə bağlıdır. O, cəmiyyətin inkişafını elm və təhsildə görürdü. Şairə görə, xalqın tərəqqisi üçün ilk növbədə savadlanma və dünyəvi biliklərin yayılması vacib idi.

Şirvani yaradıcılığında ictimai problemlərlə mənəvi-etik dəyərlər ayrılmaz şəkildə bağlıdır. Onun əsərləri Azərbaycan maarifçilik ədəbiyyatının mühüm nümunəsi olmaqla yanaşı, insanın mənəvi kamilliyə və cəmiyyətin tərəqqisinə çağırış edən dərin ideyalar mənbəyidir.-deyə professor qeyd edib.

Daha sonra məruzəçi f.ü.f.d., dosent Faiq Ələkbərli çıxışında qeyd edib ki, görkəmli söz ustadı Seyid Əzim Şirvani XIX əsrdə yazıb yaratmış ədəbiyyat tariximizə klassik poeziya ənənələrini yaradıcı şəkildə davam etdirən bir sənətkar kimi daxil olmuşdur. Onun yaradıcılığının böyük qismini incə ruhlu lirik şeirlər təşkil edir.

F. Ələkbərli vurğulayaraq qeyd edib ki, Seyid Əzim Şirvaninin yaradıcılığı olduqca çoxşaxəlidir. Lakin bu zəngin yaradıcılıqda əsas yer maarifçilik ideyasına məxsusdur. O, xalqını savadlı, dünyagörüşlü, məlumatlı və müasir düşüncəyə sahib görmək istəyirdi. Bu arzunun gerçəkləşməsi üçün çalışır, həm poeziyası, həm də pedaqoji fəaliyyəti ilə maarifçiliyi təbliğ edirdi. Azərbaycan ədəbiyyatı zəngin mənəvi və mədəni irs xəzinəsidir. Seyid Əzim Şirvani isə bu xəzinənin ən dəyərli yaradıcılarından biri olaraq, öz humanist və tolerant yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz iz qoyub.

Sonda İnstitutun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, professor Rəna Mirzəzadə, f.ü.f.d., dos. Əli İbrahimov, sosiologiya elmləri doktoru Səadət Məmmədova şairin maarifçilik fəaliyyəti və Azərbaycan ədəbiyyatındakı yeri haqqında fikirlərini bölüşüblər. Tədbir çərçivəsində şairin əsərlərindən nümunələr səsləndirilib.