28.04.2026, 14:32 - Baxış sayı: 9

“Gürcüstanda Azərbaycan maddi-mədəni irsi” mövzusunda elmi-nəzəri seminar keçirilib


Aprelin 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Gürcüstanda Azərbaycan maddi-mədəni irsi” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Seminarı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin müdiri s.e.ü.f.d. Samirə Həbibbəyli açaraq, bildirb ki, Gürcüstan tarixən müxtəlif xalqların birgə yaşadığı multikultural məkanlardan biridir. Bu xalqlar arasında azərbaycanlılar xüsusi yer tutur. Gürcüstan ərazisində yaşayan azərbaycanlılar əsrlər boyu zəngin maddi-mədəni irs yaratmış və bu irsi günümüzə qədər qoruyub saxlamışlar -deyə bildirib.

Daha sonra sözü məruzəçi f.ü.f.d., dosent Vahid Ömərova verib. Alim “Gürcüstanda Azərbaycan maddi-mədəni irsi” mövzusunda çıxış edərək mövzu ətrafında öz fikirlərini bildirib. O, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, Gürcüstanda azərbaycanlılara məxsus çoxsaylı tarixi və memarlıq abidələri mövcud olduğunu, bu abidələrin xalqın qədim tarixini və bölgədəki varlığını sübut etdiyini bildirmişdir. Xüsusilə Tbilisi şəhərində yerləşən qədim məscidlər diqqətəlayiqdir. Bu məscidlər yalnız dini ibadət yeri deyil, həm də mədəniyyət mərkəzi rolunu oynamışdır.

Qeyd etdi ki, bundan əlavə, karvansaralar, körpülər və hamamlar orta əsrlərdə bölgənin ticarət və sosial həyatında mühüm rol oynamışdır. Qəbiristanlıqlar və türbələr isə azərbaycanlıların bu torpaqlarda uzun müddət yaşadığını təsdiqləyən mühüm tarixi mənbələrdir.

Gürcüstanda Azərbaycan maddi-mədəni irsi, xalqın tarixini, adət-ənənələrini və mədəni kimliyini əks etdirən qiymətli sərvətdir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu irs Gürcüstan cəmiyyətinin multikultural zənginliyini nümayiş etdirir və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir-deyə bildirib.

Sonda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d., dosent Əli İbrahimov, f.ü.f.d. Radif Mustafayev məruzəçiyə suallar ünvanlayaraq, mövzu ətrafında öz fikirlərini bölüşüblər.