18.03.2026, 11:26 - Baxış sayı: 4

Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib


Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, mədəniyyət nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov kataloqun Vətən Müharibəsinin tarixi əhəmiyyətinin təbliği baxımından mühüm rol oynadığını vurğulayıb. F.Cabbarov, həmçinin nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxış edərək, tərtibçisi olduğu kataloqun əhəmiyyətindən bəhs edib. Ş.Mövsümov qeyd edib ki, fonda daxil olan dəyərli materiallar gələcəkdə də mühüm tarixi mənbə kimi istifadə olunacaq.

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov çıxışında döyüşlər zamanı yaşanan hadisələrdən, hərbçilərin göstərdiyi igidlik və fədakarlıq nümunələrindən danışıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər belə layihələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilinə və kataloqun hazırlanmasına görə muzey rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədqiqatçı-alim Fərhad Cabbarovun ümumi redaktorluğu ilə çap olunan kataloqda 269 zabit, əsgər və tibb işçisinə aid 2783 material təqdim olunur (Bakı: “Aspoliqraf”, 2025, 240 s.). Kataloqun tərtibçiləri Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov, fondun baş mütəxəssisləri Pərvanə Əzimova və Mehriban Seyidzadə, mütəxəssis Gülnar Fərhadova, dizayner Aynurə İsmayılovadır. Hazırda fond materiallarının bir hissəsi- şəhid və qazilərə məxsus şəxsi əşyalar, müharibənin gedişini, tarixi Qələbəni və Böyük Qayıdışı əks etdirən fotoşəkillər və eksponatlar muzeyin ekspozisiyasının “Zəfər” zalında nümayiş etdirilir.

Kataloq Vətən Müharibəsi iştirakçılarının həyat və döyüş yolunu əks etdirən zəngin materialları ilə həm elmi-tədqiqat, həm də ictimai maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.

azhistorymuseum.gov.az