12.03.2026, 14:27 - Baxış sayı: 22

“Pakistan dövlətinin yaranması İslam dünyasının mühüm hadisəsi kimi” mövzusunda Dəyirmi masa keçirilib


Martın 6 –da AMEA Fəlsəfə Sosiologiya İnstitutunda “Pakistan dövlətinin yaranması İslam dünyasının mühüm hadisəsi kimi” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., prof.İlham Məmmədzadə açaraq öz çıxışında Pakistan Azərbaycanın müttəfiqlərindən biri olduğunu bildirib. Azərbaycan-Pakistan əlaqələrinin qurulmasından, iki qardaş ölkə arasında olan dərin dostluq əlaqələrindən söz açıb. O, həmçinin iki ölkə arasında qurulan əlaqələr haqqında ətraflı məlumat vermək üçün sözü elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətliyə verib.

Eynulla Mədətli çıxışında vurğulamışdır: Pakistanla əlaqədar olaraq mütəmadi tədbirlər keçirməyimizin səbəbi AMEA-nın Rəyasət Heyətinin tapşırığı ilə silsilə tədbirlərin keçirilməsidir. Burada məqsəd siyasi müttəfiqimiz, dostumuz olan Pakistanı daha yaxşı tanımaq, onun ədəbiyyatını, elmini, o cümlədən fəlsəfəsini də daha yaxşı öyrənməkdir. Nəticə olaraq xalqlarımızın da bir-birinə yaxınlaşması, dövlətlərimiz arasındakı yaxınlıq, xalqlarımızın da bir-birinin tarixini, mədəniyyətini, keçmişini, mövcud olmuş tarixi bağlarının bilməsidir. Bu günkü dəyirmi masa “Pakistan dövlətinin yaranması İslam dünyasının mühüm hadisəsi kimi” adlanır - deyə çıxışında Eynulla Mədətli Pakistanda 8 il səfir olduğundan, Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik əlaqələrindən danışıb. Sonra Pakistan İslam Respublikası yarandıqdan günümüzə qədərki dövrdə baş verən ictimai-siyasi prosesləri təhlil etmiş, dövlətin siyasi sistemi, hökumət dəyişiklikləri, həyata keçirilən islahatları müqayisəli şəkildə şərh edib.

Pakistan dövlətinin etnik və mədəni sisteminin təhlili, tarixlər boyu Pakistanda baş verən islami hərəkatlar və dini təriqətlərin şərhi, Pakistan dövlətçiliyində dinin rolu, dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası, dövlətin regional və beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli münasibətlərinin əksinin mühüm yer tutduğunu vurğulayıb.

Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir - deyə bildirib.