05.03.2026, 16:13 - Baxış sayı: 7

Rəqəmsal asılılığın yaratdığı fəsadların qarşısı alınacaq


Azərbaycan Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən, sosial şəbəkələrə girişdə yaş məhdudiyyətinin tətbiqi nəzərdə tutulur.

O bildirib ki, dövlət başçısının bu istiqamətdə verdiyi sərəncam olduqca mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, qlobal şəbəkələrin və rəqəmsal platformaların yaş kateqoriyasından asılı olmayaraq hər kəsi təsiri altına aldığı bir dövrdə belə bir sənədin qəbul olunması cəmiyyətin prioritet istiqamətlər üzrə inkişafı baxımından vacib addımdır:

"Azərbaycanda süni intellektdən istifadə də prioritet istiqamət kimi müəyyənləşdirilib. Lakin rəqəmsal asılılıq bu sahədə maarifləndirmə, bilik və tətbiq imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Sərəncamdan irəli gələn əsas məsələlər məhz uşaqlar və yeniyetmələr arasında rəqəmsal asılılığın yarada biləcəyi fəsadların aradan qaldırılmasına yönəlib".

Sosioloq vurğulayıb ki, rəqəmsal mühitin zərərli təsirləri ilk növbədə ailə institutunda problemlərə səbəb olur. Eyni zamanda psixoloji gərginlik, depressiya və digər ağır mənfi halların artması da bu təsirlərlə əlaqələndirilir:

"Bundan başqa, məktəbdə biliklərin əldə olunması prosesinə mənfi təsirlər müşahidə edilir. Sərəncamda məktəblərdə bu sahə üzrə xüsusi koordinatorların yaradılması məsələsinin nəzərdə tutulması şagird və yeniyetmələrin qorunmasına xidmət edən mühüm addımdır. Süni intellekt yalnız bilik sistemi deyil, həm də qorunma mexanizmi kimi çıxış edə bilər. Sənədin icrasını həyata keçirən şəxslər həm müvafiq biliklərə malik, həm də milli-mənəvi dəyərlərə həssas yanaşan mütəxəssislər olmalıdırlar".

Ekspert əlavə edib ki, 9-17 yaş aralığı uşaqların və yeniyetmələrin yaradıcılıq potensialının formalaşdığı mühüm dövrdür:

"Bu mərhələdə rəqəmsal mühitin təqdim etdiyi hazır məzmunun təsiri yaradıcılığın məhdudlaşmasına səbəb ola bilər. Bəzi hallarda ailələr və məktəblər bu təsirləri vaxtında müəyyən edə bilmirlər. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən məhdudiyyətlərin tətbiqi qanunauyğun və zəruri addımdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi yalnız dövlət institutlarının deyil, eyni zamanda ailə və vətəndaş cəmiyyəti qurumlarının da məsuliyyətidir".

Mütəxəssisin qənaətinə görə, sərəncam ailə, məktəb, vətəndaş cəmiyyəti və dövlət institutları arasında koordinasiyanı gücləndirməklə rəqəmsal asılılığın yaratdığı fəsadların qarşısının alınmasına yönəlib. O vurğulayıb ki, bu proses qısa müddətdə nəticə verməyəcək və davamlı, sistemli fəaliyyət tələb edir.

"Sürətlə dəyişən texnoloji mühitdə rəqəmsal asılılığın formaları da daim yenilənir. Bu səbəbdən insan kapitalının qorunması və inkişafı üçün institusional yanaşma, biliklərin artırılması və uzunmüddətli strategiya vacibdir", - deyə Hüseyn İbrahimov qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,

fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov 

todaypress.tv