“Xocalı faciəsinə müasir yanaşmalar” mövzusunda ümuminstitut seminarı keçirilib

Fevralın 23-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Xocalı faciəsinə müasir yanaşmalar” mövzusunda ümuminstitut seminarı keçirilib.
Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu söyləyib, hadisənin səbəbi və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, Xocalı faciəsinin hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edildiyini bildirib.Vurğulayıb ki, Azərbaycan kinosunda Qarabağ müharibəsi mövzusu xüsusi yer tutur. Bu mövzuda çəkilmiş ən genişmiqyaslı və təsirli ekran əsərlərindən biri “Xoca və Dolu” filmləridir. Bu filmlər xalqımızın keçdiyi ağır müharibə yolunu, əsgərlərin qəhrəmanlığını və vətənpərvərlik ruhunu əks etdirir- deyə bildirib.
Sonra h.e.d., prof. Habil Qurbanov bildirib ki, Xocalı hadisəsi ötən əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb. Həmin gecə əsasən qadın, uşaq və yaşlılardan ibarət olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Tarix boyunca müharibələr olub, lakin Xocalı faciəsi heç bir müharibə etikasına sığmır. Bu bir xalqın məhv edilməsinə yönəlmiş qanlı cinayət idi. Qanlı hadisə ilə bağlı ortaya çıxan sənədlər və tarixi faktlar göstərir ki, bu, bəşəriyyətə qarşı törədilmiş ağır bir cinayətdir və beynəlxalq hüquq normalarına tamamilə ziddir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-sını “Xocalı Soyqırımı Günü” elan edərək bu hadisəyə siyasi-hüquqi qiymət verib-deyə vurğulayıb. Seminarda “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin aparıcı elmi işçisi, h.ü.f.dok.,dosent İlham Əliyev, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., dosent Faiq Ələkbərli, f.ü.f.d, dosent, Şölət Zeynalov, s.e.ü.f.dok., dosent Zaur Əliyev, "Azərbaycan Fəlsəfə Tarixi" şöbəsinin baş laborantı Nuray Əliəskərova çıxış edərək Xocalı soyqırımı dəhşətlərinin heç zaman unudulmayacağını bildiriblər.










