AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Respublika elmi konfransı II hissə ilə davam edib

Konfransın ikinci hissəsi Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, sosiologiya elmləri doktoru Səadət Məmmədovanın sədrliyi altında bölmə iclaslarında davam etdirilib.Panel sessiyalarda: Rəqəmsallığın elmi-fəlsəfi və metodoloji əsasları; Rəqəmsal transformasiyanın sosioloji əsasları; Rəqəmsal mühitin psixoloji təsirləri; İnformasiya siyasəti və geosiyasət; Sosial Hüquqlar və rəqəmsallaşması tendensiyası; İnformasiyanın idarə edilməsinin elmi-nəzəri inkişaf mərhələləri; “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir ili: yeni sosial rəqəmsal proqramların həyata keçirilməsi, sosial nəticələri; Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirlməsi çərçivəsində “Rəqəmsal Azərbaycanın gələcəyinə baxış” bucağı; Azərbaycan dövlətinin sosial siyasət, sosial proseslər sahəsində rəqəmsal layihələri; Azərbaycanda sosial sferada Süni İntellekt texnologiyaları və layihələri, perspektivlər” mövzusunda aktual məsələlərə həsr edilmiş məruzələr dinlənilib.
Konfransın bölmə iclaslarında yekun “Sual-cavab” sessiyasında dövrümüzün strateji elmi istiqaməti olan rəqəmsallıq, sosial informasiya, rəqəmsal sosial layihələr və cəmiyyətin inkişafı, qarşılıqlı münasibətləri bir çox aspektlərdə geniş müzakirə edilib. Ölkəmizdə “Süni İntellekt Strategiyası”nın qəbul edilməsindən keçən bir ildə ictimai elmlərin bu sahədə vəzifələri, tədqiqatçıların töhfələrinə dair fikir mübadiləsi aparılıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Azərbaycanda rəqəmsal təhlükəsizlik və süni intellektin informasiya təhlükəsizliyində rolu”, şöbə müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova “Erməni terrorizminin rəqəmsal mühitdə cəmiyyətlərin psixoloji dayanıqlılığına təsiri”, fəlsəfə elmləri doktoru, Aydın Əlizadə “Sənaye və təsərrüfat həyatının sosiologiyası: sosial informasiya, praktik əhəmiyyət və rəqəmsallaşma” mövzularında çıxışlar edərək süni intellekt strategiyasının qəbulundan ötən bir il ərzində ictimai elmlərin qarşısında duran vəzifələr və tədqiqatçıların bu istiqamətdə töhfələri barədə fikir mübadiləsi apararaq müzakirə ediblər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Respublika elmi konfransının iştirakçılarının sosial-fəlsəfi və humanitar elmlərin qovşağında yerləşən problemlər, rəqəmsallıq və sosial informasiyanın inkişafı ilə bağlı interdissiplinar mövzulara dair təqdim etdikləri elmi məqalələri “Konfransın materialları” kimi ayrıca kitab şəklində nəşr ediləcək.
Konfransın sonunda doktorantlar və bir sıra tədqiqatçılar sertifikatla təltif olunub.













