"Vətənin şəhiddə təcəssümü" konsepti
Vətən şəhid, şəhid vətən kimi qarşılıqlı, ayrılmaz birlik ideyası müəyyən terminlər və anlayışlarla izah olunur. Bu, bir terminlə məhdudlaşmır, daha çox konseptual yanaşmadır. "Heydər - Xalq; Xalq - Heydər birlik ideyasında, sovet dönəmində V.Mayakovskinin "Lenin" poemasında işlətdiyi "Lenin - Partiya;" Partiya - Lenin" vəhdətində olduğu kimi Asiya Humayaq qızı Əhmədovanın da "Sən vətənsən" poemasının qəhrəmanı Surxay Əbdül oğlu Noçuyev müəllifin təqdimatında həm şəhid-vətən, həm də Vətən-Şəhid təcəssümü konsepti ilə xarakterizə olunan şəhidin vətənlə identifikasiyasının vəhdətinin sintezidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidlik mərtəbəsinə yüksələnlərə xas olan ipə-sapa düzülməmiş incilərindən birini qələmə alaraq demişdir: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı." Bu 44 günlük müharibənin son akkordlarından doğan bir zəfərin nəticəsi ilə bağlı yekundur. Hələ Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətində vətənin gələcəyini, irəlini bütöv görmək, xalqımızın, bölünməz vətənimizin bütövlüyü naminə fikir söyləmək vətənə qayıdış ümidini təsəllidən reallığa çevirən bir konsepsiyanın özünü necə doğrultduğunun şahidi oluruq. Asiya Əhmədovanın "Sən Vətənsən" poemasında müəllifi (özünü) - sonsuz sevgi ilə müşayiət olunan Vətəni, həmçinin tükənməz, sonsuz sevgi ilə anılan Şəhidə münasibəti ədəbiyyatşünaslıq baxımından triada kimi tam əsaslı şəkildə hesab etmək olar. Bu milli-mənəvi mövzulu ədəbiyyatda işlək və qəbul olunan konseptual modeli Asiyanın "Sən Vətənsən" əsərində bütün təfərrüatı ilə görmək olar.
Azərbaycan, doğma yurdum, Əziz Vətən,
Torpağında neçə ürək qubarı var.
Hər daşında bir igidin tarixçəsi
Bayrağında şəhidlərin vüqarı var (s. 8)
Əsər epik-lirik poema janrına xas olan məziyyətləri ifadə edir. "Vətən Müharibəsi Qəhrəmanı" Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Müəlliflə eyni bölgənin sakinləri olan bu qəhrəman şəhid kimilərinə çoxlu əsərlər yazılıb. Azərbaycanda xüsusi təyinatlı qüvvələrdə çalışan hərbçilər arasında Surxay kimiləri çoxdur. Onların beyinlərinə həkk olunmuş bir çox özəlliklər vətən torpağı, onun nemətləri, coğrafiyası, suyu, təbiəti və s. ilə bağlı olub. Abbas Səhhətin "Vətən" şeirinə nəzər saldıqda Asiyanın əsərinin qəhrəmanı da bir çox vətənsevərlər kimi doğma vətənlərinə "könüllərinin sevgili məhbubu" kimi yanaşırlar. Çünki vətənsevərlərin dilindən danışan Səhhət onların varlığını tanrının onları yaratmasında, duz-çörəyi ilə inkişaf etmələrində, Vətənin onlar üçün stimul olduğunu təlqin edir və ana ilə Vətənin identikliyini irəli sürür. Lirik qəhrəman" Ananı öz vətəni hesab edərək onun öz südü ilə dolanıb qanını Vətən torpağına fəda edənlərdir. Bu qəhrəman and içərək Vətənini gözləri üstə saxlamaqla, onun əldən getməsinə yalnız ölümün səbəb olacağın bildirir, çünki vətənin nemətini unutmaq olmaz, naxələflər ona qurban olmaz. Şəhidlər və ümumiyyətlə vətənsevər üçün vətən dəfn yeri, övladlar üçün məskən yeridir. A.Səhhətə görə vətəni yalnız vicdansızlar sevə bilməz. Bu ideya ilə yaşayıb mübarizə aparanların çoxu şəhidlik mərtəbəsinə ucalır.
Vətən dərdi, yurd həsrəti hər gün bir az,
Böyümüşdü Surxayımın ürəyində.
Qisas eşqi sönməyən bir atəş olub,
Gizlənmişdi onun aydın gözlərində.
Asya Əhmədovanın bu kitabı təbii ki, birdən-birə yaranmamış, Birinci Qarabağ müharibəsi gedişatında Zəngilan bölgəsinin qaçqın-köçkünlərinin böyük iztirablarla, məşəqqətlərlə üzləşməsi, erməni vandalizminin amansız hücumlarına, sürətli təzyiqlərinə davam gətirə bilməyən el-obanın harayı ətraflara yayıldıqca o zamanlar 16 yaşlı Asya və 4-5 yaşında olan qəhrəmanımız Surxay irəliyə doğru hərəkət etdikcə nəvaziş, qayğı, tez-tez "qurban olum", "başına dönüm", "fəda olum" çağırışlarından doğulduqları ana qucağı qədər şəfqətli yurddan aralandıqca onlara bu əzabı yaşadan azğın düşmənə qarşı nəyin bahasına olursa olsun haçansa həddini qandırmaq niyyətlərini, intiqam hissini gizlədə bilmirdilər. 2-ci Qarabağ Vətən müharibəsinin başlanmasına qədər Surxayda və həmyerlisi Asya Əhmədovada ordumuzun və xalqımızın müəyyən vaxt - fasilə əldə etməklə düşmənə qarşı genişmiqyaslı hücum strategiyasının işə düşəcəyinə böyük inam formalaşmışdı. Zəfər gününə qədər Vətən, vətən! eşqi ilə düşmənə zərbələr endirməklə şəhidlik zirvəsinə ucalmışların hər birinə sanki həsr olunan bu əsərlə müəllif bütövlükdə xalqının bir yumruq halında birləşməklə birlik və həmrəyliyin gücünü nümayiş etdirir. Təcavüzkarın, onun havadarlarının kələklərinə son qoyulmasında, arsenallarının məhv edilməsində ordumuzun nələrə qadir olduğunu yüksək entuziazmla tərənnüm edir.
"Sən Vətənsən" poemasının məhz zəfər günündə tamamlanmasında oxucuda zərrə qədər şübhə yeri qalmır. Asya xanım istər klassik dövr, istər XIX, XX əsrlərin həm sovet, həm də müstəqillik dövrlərin ədəbiyyatında payızın adətən qəm-qüssə gətirən, ədəbi obrazın ölüm səhnəsi ilə paralel səsləndirilən bir konseptdir. Məsələn, Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun Məryəmdən olan Şiruyə oğlunun payızda atasını qətlə yetirməsi, Bəxtiyar Vahabzadənin payızın gəlişi ilə insanın qocalması arasındakı identikliyə üstünlük verməsi deyilənlərə misaldır.
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Müəllif inşa yazılarda payızın "qızıl payız" adlandırılması, insanlara bol-bol məhsul bəxş etməklə yaddaşlarda qızıla bərabər bir fəsil kimi mövcudluğuna əslən şübhə ilə yanaşmır. Onun yeniyetməlik çağının payızında neçə-neçə doğmalarının gülləyə tuş gəlib ölüm saçan faciələrə məruz qalmaları yadından çıxmayıb.
Əsərdə qəhrəmanı Surxayın o payızın qaçaqaçında, köçhaköçündə yaşanmış günlərində xatirələri, hərbi məktəbi tamamlayıb cəbhəyə yollandığı illər, evləndiyi payız günləri, onun şəhidliyə qovuşduğu günün də məhz payızda baş verməsi o qədər axıcı, rəvan verilib ki, müəllifin orta məktəbdə oxuduğu illərdə ona dərs demiş ədəbiyyat müəlliminin güclü təfəkkürünə "alqış" deyirsən. Poemada payızın vətən həsrətində olan insanlara, torpaqlarımızın, şəhərlərimizin tam alınması ilə bağlı Zəfər gününü bəxş etməsi əsərin epiloqda verilmiş 88, 89 və son 91-ci səhifələrində vəsf olunmuşdur. Müharibədən sonra müəllifin payıza yanaşmasında fərq müşahidə olunur.
Payız günü doğulsa da,
Toy eləyib sevdiyinə bu fəsildə qovuşsa da,
Hələ onun yaddaşında qalan payız
Araz sahilində olan payızdı.
İslandığı o yağışdı, üzüldüyü o sazaqdı...
Bu payızda o payızın qisasını aldı Surxay.
Bu yağışda o yağışın qisasını aldı Surxay.
Beş yaşında əllərinin üşüdüyü
O sazaqdan qisasını aldı Surxay,
Bir qəhrəman oldu Surxay...
Payız günü doğulmuşdu,
Payız günü şəhid oldu.
İki yağış arasında doldu ömür
İki payız arasında qaldı ömür.
Ölümüylə qalib gəldi
Qəlbindəki o ağrıya,
O acılı xatirəyə.
Bir payızda Qələbənin üzü oldu,
Ucalığın özü oldu
Və qovuşdu ölməzliyə.
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Ölməzliyə qovuşan şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunun hər biri bir-birindən fərqli, yaxud bir-birinin eynidir. Bax, konseptual eynilik, konseptual yaxınlığı şərtləndirən əlamətlər də bunlardır. Biz konseptual yaxınlığı, eyniliyi və doğmalığı dinlərdə, həmçinin milli-etnik mənsubiyyətli xalqlarda, insanlıqda, insansevərlikdə axtarmalıyıq. Bəzən bunları asanlıqla tapmaqla işimizin bitmiş olduğunu zənn edirik. Lakin insan amili üzərində düşünərkən şəhidləri yada salmaq lazımdır. Şəhidlik mərtəbəsinin ən yüksək zirvəsini fəth edənlərin çoxu cavan və orta yaşda olanlardır. Filosoflar cəmiyyəti uzun bir zəncirə, insanları isə bu zəncirin halqalarına bənzədirlər. Bu bənzətmədən çıxan məntiqi nəticə isə belədir: İnsanlar bir-biriləri ilə möhkəm tellərlə bağlıdırlar.
Həyat bu məntiqin nə qədər doğru olduğunu təsdiqləyir. İnsan ona verilən ömrü eyni tərzdə yaşamır. Bəzən tale onun üzünə gülür, günləri xoşbəxtlik, firəvanlıq içində keçir, bəzən də çətinliyə düşür, sərt sınaqlarla üzləşir, bədbəxtliklərə düçar olur. Lakin fərqi yoxdur, istər həyatının enişi olsun, istərsə də yoxuşu, insan bütün məqamlarda öz yanında ailə üzvlərini, dostlarını, yaxınlarını görmək istəyir. Daim başqaları ilə ünsiyyətə girmək, başqalarının köməyinə çatmaq, kiminləsə sevincini, kədərini bölüşmək insanın təbiətindən irəli gələn bir xüsusiyyətdir. Başqa sözlə desək, insanın insanla əlaqəsinə mənəvi ehtiyacın daxili tələbatı var və bunsuz insanın normal yaşamasını təsəvvür etmək mümkün deyildir. Asyanın qəhrəmanı Surxay da insanlıq üçün saydığımız bütün məziyyətlərə malikdir. Onun üçün Vətən toplu halda, bütün insanlarla bir yerdə gözəldir. Çünki insan dünyanın əşrəfidir.
Vətən qəsbkarlıqdan talançılardan qurtulmaq üçün qurban tələb edir, fədakar olmağı tələb edir.
Vətən deyil torpaq deyil öz yolunu
Qətiyyətlə seçmişdi o gənc yaşında
Təcrübəli zabit kimi yetişərək,
Hazırlanmış hər gün Vətən savaşına
Gözlədiyi gün yetişdi qisas günü,
Döyüşdü o vətənin dağ-daşında
Azad edib torpağını düşmənlərdən,
Qalib gəldi axır bu haqq savaşında
O, savaşın ən başından sonundakı
Azərbaycan, “Canım sənə fəda”-dedi
Bayrağını ucaldaraq zirvələrə
Şəhid oldu ölməz oldu o əbəbdi
Vətən, Millət və Torpaq uğrunda canından keçən, Vətən müharibəsi qəhrəmanı, şəhid oğullarımızdan biri olan Surxay Əbdül oğlu Noçuyevin qəhrəmanlıq yoluna həsr olunmuş Asya Əhmədovanın "Sən Vətənsən" poeması qəhrəmancasına şəhid olmuş əziz qardaşlarımızın, qəhrəman silah dostlarımızın xatırlanması, onların əziz xatirələrinin daim ehtiramla anılması, sıralarımıza yeni gələn döyüşçülərə təbliğ edilməsində müstəsna rola malik olduğu üçün qəhrəmanlıq salnaməsi kimi gələcək nəsillərə ötürüləcəkdir. Fikrimi Asya Əhmədovanın "Sən Vətənsən" (poemasının) kitabının üz qabığında verdiyi "Şəhid" şeirini əruzun həcəz bəhrində nəzirə kimi bir qədər başqa ruhda yazmaqla fikrimi tamamlayıram.
Ürəyimdən torpaq adlı dərd yükünü alan şəhid
Füzulidən Şuşayadək qanıyla iz salan şəhid.
Qarabağda savaş gedən birinci hərb döyüşündə
Kiçik ikən qeylü-qaldan xəyallara dalan şəhid.
Elin-oban nələr çəkmiş sarsıntıdan, köçhaköçdən
Düşmən fitnə fəsadları yaddaşına salan, şəhid.
Ey cənablar, ey xanımlar! Nifrət necə yaranmasın?!
Bu çapqınlıq, viranəlik olarmı heç yalan, şəhid.
Yağı düşmən vicdan, rəhm, bilməyərək qırdı, biçdi
Vətənimiz bombalandı, oldu viran, talan şəhid.
Nə yaxşı ki, Surxay kimi and içdi çox əsgərimiz
Ölən öldü Vətən üçün ölənlərdən qalan, şəhid.
Amansıza divan tutub, düşmənə diz çökdürməklə
Vətən, torpaq eşqi ilə ürəklərə dolan şəhid.
Bizi məyus, qəmgin edən ölümdürsə, qüssələnmə!
Mənəviyyat aləmində yenidən doğulan şəhid.
Sənə rəhmət dilər Əli Dalğın, uca tanrımızdan
Ürəklərdən torpaq adlı dərd yükünü alan şəhid!
Sən vətənə, vətən sənə bağlı qədir bilən şəhid!
18.XII.2025-ci il
Əli İbrahimov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

