25.12.2025, 11:08 - Baxış sayı: 68

“Vahid Qəhrəmanov -125: görkəmli alim və şəxsiyyətin yolu” mövzusunda Dəyirmi masa keçirilib


Dekabrın 24-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda AMEA-nın müxbir üzvü Vahid Qəhrəmanovun 125 illik yubileyi ilə əlaqədar “Vahid Qəhrəmanov -125: görkəmli alim və şəxsiyyətin yolu” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli öncə unudulmaz alim, görkəmli hüquqşünas Akademiyanın müxbir üzvü Vahid Qəhrəmanovun ailə üzvlərini və gələn qonaqları salamlayıb. Sonra ölkə başçısı möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə Fəlsəfə və Sosiologiya İnstitutunun bütün kollektivi adından möhtərəm Prezidentimizə uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzulayıb. Daha sonra qələbənin 5 illiyini qeyd etdiyimizi, möhtərəm Prezidentimizin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik tədbirində iştirakının böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Sonra h.e.d., prof. Habil Qurbanov görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü Vahid Qəhrəmanov ailəsinə və gələn qonaqlara öz təşəkkürünü bildirərək, qonaqları təqdim edib. Təqdimatdan sonra Vahid Qəhrəmanovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə görkəmli alim, ictimai xadim Vahid Qəhrəmanovun anadan olmasının 125 illiyi münasibətilə onun elmi-pedaqoji fəaliyyəti, Azərbaycan elminin inkişafındakı xidmətləri və zəngin irsi haqqında alimlər, tədqiqatçılar çıxış edərək alimin həyat yolundan, elmi araşdırmalarından və milli elmə verdiyi töhfələrdən bəhs ediblər. Tədbirin əsas məqsədi alimin zəngin elmi irsinin, çoxşaxəli fəaliyyətinin və Azərbaycan elminin və təhsilinin inkişafındakı mühüm xidmətləri yüksək qiymətləndirilib.

Çıxış edənlər görkəmli hüquqşünas alim, professor və AMEA-nın müxbir üzvü Vahid Qəhrəmanovun Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından və cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdən biri kimi onun 5 monoqrafiya, dərslik və dərs vəsaiti yazdığını, 60-dan artıq elmi məqalənin müəllifi olduğunu vurğulayıblar. XX əsrin 70-ci illərində Respublikanın cinayət hüququ siyasətinin və cinayət məcəllələrinin işlənib hazırlanmasında onun böyük xidmətlərinin olduğunu deyən alimlər onun Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğundakı fəaliyyətindən söz açıbdır. Qeyd etmişlər ki, o, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri kimi də fəaliyyət göstərmiş, hüquq elminin nəzəri və praktik problemlərinin həllində mühüm töhfələr vermişdir.

Vahid Qəhrəmanov 1966-cı ildə Əməkdar hüquqşünas fəxri adına layiq görülmüş, 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, “Qırmızı Əmək Bayrağı” ordeni və digər dövlət mükafatları ilə təltif edilmişdir.

Tədbirdə h.e.ü.f.d. dos. Rauf Şəmsizadə, h.e.d., prof. Fuad Cavadov, Vahid Qəhrəmanovun tələbəsi Əmrulla Şirvanov, Vahid Qəhrəmanovun nəvəsi Azərbaycan XİN-nin məsul əməkdaşı, Fövqəladə və Səlahiyyətli səfir Elxan Qəhərmanov, Vahid Qəhrəmanovun nəticəsi h.ü.f.d. Afət Fərzullayeva, h.e.d., prof. Alış Qasımov, h.e.d., Bakı Dövlət Universitetinin kafedra müdiri, prof. Şəhla Səmədova və Vahid Qəhrəmanovun ailə üzvləri, Fəlsəfə və Sosiologiya İnstitutunun "Azərbaycan fəlsəfə tarixi" şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva və f.ü.f.d., Mətanət Şəkixanova çıxış edərək xatirələrini bölüşüblər.

Tədbiri yekunlaşdıran Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə çıxışında İnstitutun filosoflarının hüquqşünaslarla hər zaman sıx əməkdaşlıq əlaqələrində olduğunu vurğulamış, İnstitutun uzun illər Fəlsəfə və Hüquq İnstitutu kimi fəaliyyət göstərmiş yüksək elmi dərəcəli hüquqşünasın yetişməsində Vahid Qəhrəmanovun bir çox tələbələrinin xidmətlərinin olduğunu qeyd etmişdir. O, Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin tövsiyəsi ilə İnstitutda “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin yaradılmasını xatırladaraq şöbə müdiri prof. Habil Qurbanova hazırkı tədbirin keçirilməsindəki fəaliyyəti təqdir etmişdir.