“Sən Vətənsən” poemasının təqtimatı keçirilib

Dekabrın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda institutun əməkdaşı Asya Əhmədovanın “Sən Vətənsən” poemasının təqtimatı keçirilib. Öncə şəhidlərimizin xatirəsi yad edilib.
Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli giriş sözü ilə açıb. Çıxışına “Sən Vətənsən” şeri ilə başlayan Eynulla Mədətli “Əsgərnamə” adlandırdığı bu poemada doğma Zəngilanından, Məmmədbəyli kəndindən 1993-cü ilin payızında köçkün düşən ailəsinin acı qaçqın taleyini yaşamış, illər boyu ümidini itirməyib bir gün doğma yurda dönməyi hər an arzulayan Asyanın kövrək qəlbinə silinməz izlər qoyan, uzun həyat və mübarizə yolunu dastanlaşdırmağa sövq etməsindən söz açaraq, kitabda olan düşüncələri bir əsgərin (qəhrəman Surxayın) timsalında qələmə alıb deyə, qeyd edib.
F.e.d. Füzuli Qurbanov Asya Əhmədovanın “Sən Vətənsən” poemasını fəlsəfi baxımdan maraqlı şəkildə təhlil etdi və bu əsəri özünəməxsus şəkildə "Şəhidliyin payız poeması" adlandırdı.
Sonra fil.e.d., Mərziyyə Nəcəfova (Səlahəddin), poema haqqında öz fikirlərini bölüşdü. O bu əsəri vətənpərvərliyin poetik dərki kimi qiymətləndirdi.
Daha sonra f.ü.f.d., dos. Əli İbrahimov çıxış etdi. Kiçik elmi işçi Ceyran Hüseynli, elmi işçi Vüsalə Gülmalıyeva, aparıcı elmi işçi Gülşən Allahverdiyeva poemadan parçalar səsləndiriblər.
Kitabın müəllifi Asya Əhmədova poemanın “Vətən Müharibəsi Qəhrəmanı” Noçuyev Surxay Əbdül oğluna və onun kimi şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinə həsr olunduğunu qeyd edib.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə kitab haqqında öz fikirlərini bölüşərək, kitabın müəllifinə öz təşəkkürünü bildirib.






