
12 dekabr 2025-ci il tarixində Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova Gender Hub Azərbaycanın təşkilatçılığı ilə İbis Baku Otelində keçirilən "İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsi" mövzusunda təlimin yekun hesabat panelində iştirak edərək sertifikatla təltif edilmişdir. Hafizə İmanova müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında təlimlər verərək 5 aylıq treyninq-proyekt proqramını müvəffəqiyyətlə başa vurmuşdur. O, yekun hesabatda təlimlərin geniş sayda qadınlara və qızlara çataraq onların iqlim dəyişmələri kontekstində maariflənməsinə və hüquqlarını öyrənmələrinə töhfə verdiyini, onların ailə institutsional müəssisələrində ekoloji təfəkkürlü vətəndaşların yetişməsində necə vacib rol oynadıqlarını da bildirmişdir. Qeyd edək ki, yekun panel müzakirəsində həm Kapital Bank, Paşa Holdinq və s. kimi yerli qurumlarla yanaşı BMT-nin Baş Ofisinin nümayəndəliyi, o cümlədən qeyri hökumət təşkilatlarının da nümayəndələri və gender, iqlim dəyişmələri, dayanıqlı inkişaf üzrə mütəxəssislər də iştirak etmişdir. Tədbirin sonunda BMT-nin Baş Ofisinin Rezident Əlaqələndiricisi Xanım Kanaku Maçibu və Gender Hub Azərbaycanın icraçı direktoru Məryəm Məcidova Hafizə İmanovaya sertifikat təqdim etmişdir.