Eynulla Mədətli Azərbaycan Demokrat Firqəsinin seminarında məruzə etmişdir
Azərbaycan Demokrat Firqəsi (ADF) 12 dekabr 2025-cilil tarixində Stokholmda 21 Azər həftəsi çərçivəsində ənənəvi olaraq seminar keçirmişdir. ADF-nin himni ilə başlanan seminarın mövzusu “Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan” idi. Əsas məruzəni videokonfransla AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli etmiş, Ulu Öndərin Azərbaycan Respublikası və Azərbaycan xalqı , eləcə də dünya azərbaycanlıları və bütövlükdə Türk dünyası üçün xidmətlərindən danışmışdır. O, Heydər Əliyevin istər təhlükəsizlik orqanına , istərsə də respublikamıza rəhbərlik etdiyi vaxtlarda 1946-cı ildən Azərbaycan Respublikasına mühacirət edən Cənubi Azərbaycanlı soydaşlarımıza, onların təşkilatı olan Azərbaycan Demokrat Firqəsinə daim diqqət və qayğı göstərdiyini ətraflı şərh etmişdir. Qeyd etmişdir ki, müstəqillik illərində də qonşu İran dövləti ilə münasibətlərin yaxşılaşdırılması və Cənubi Azərbaycanla əlaqədar məsələlər Prezident Heydər Əliyevin daim diqqətində olmuşdur.
Seminarın aparıcısı xanım Ayda Amir Haşimi Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini geniş şərh etmişdir. Seminarda həmçinin ADF-nin ABŞ, İsveç, Bakı təşkilatlarının nümayəndələri, Türkiyədən, Bakıdan olan elm adamları çıxışlar etmiş, geniş fikir mübadiləsi aparılmışdır. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmiş, eyni zamanda 21 Azər hərəkatının və Təbrizdə 1945-1946-cı illərdə qurulmuş Azərbaycan Milli Hökumətin 80 illik tarixinə nəzər salınmış, hökumət başçısı Seyid Cəfər Pişəvərinin xidmətləri qeyd edilmişdir.
Eynulla Mədətli Azərbaycan xalqının böyük mütəfəkkiri Doktor Cavad Heyətin və şanlı istiqlal şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri ilə əlaqədar keçirilən tədbirlərdən daışmış, Ulu Öndər Heydər Əliyevin hər iki mütəfəkkirimizlə dostluğundan və onlara qayğısından ətraflı söz açmışdır.
Seminar iştirakçılarından İsveçdən xanım Rəşadə Moin, Abdulla Əmir Haşimi Cavanşir, Dr. Səadət Kərimi, Bakıdan Dr. Pərviz Kazımi, Amerika Birləşmiş Ştatlarından Dr. Rəhim Şəhbazi və başqaları çıxış etmiş, Prezisent İlham Əliyevin təkcə Azərbaycan Respublikasının deyil, həm də bütün dünya azərbaycanlılarının prezidenti olduğunu, onun qalib sərkərdə və lider olaraq bütün dünya azərbaycanlılarına və Türk dünyasına ruh verdiyini vurğulamışlar.

