12.12.2025, 14:42 - Baxış sayı: 48

ADPU-da “Dəyərlər və fəlsəfənin tətbiqi problemləri: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının AMEA-nın 80 illik yubileyində çıxışına dair” adlı dəyirmi masa keçirilib


Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitet və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Fəlsəfə Gününə həsr olunan “Dəyərlər və fəlsəfənin tətbiqi problemləri: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının AMEA-nın 80 illik yubileyində çıxışına dair” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Univrsiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universitetinin fəlsəfə müəllimləri, ADPU-nun Tarix və coğrafiya fakültəsinin və struktur bölmələrinin əməkdaşları, müəllim və tələbələri iştirak ediblər.

ADPU-nun Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədlinin moderatorluğu ilə keçirilən dəyirmi masada açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər ölkəmizin elm strategiyasının ana xəttini müəyyən edir. Dövlət başçısının çıxışında elmin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, milli ideya və dəyərlərin qorunması, elmi fəaliyyətin təhsil və praktik sahələrlə sıx əlaqələndirilməsi kimi məsələlərin xüsusi qeyd olunması bu istiqamətdə ali təhsil müəssisələrinin məsuliyyətini daha da artırır.

Rektor bildirib ki, ADPU-da humanitar elmlərin, xüsusilə fəlsəfə sahəsinin inkişafı universitetin strateji fəaliyyət istiqamətləri sırasında mühüm yer tutur. Hazırda Fəlsəfə və sosial elmlər kafedrasında tədqiqatyönümlü tədris modeli tətbiq edilir, tələbələrin analitik təfəkkürünün gücləndirilməsi üçün müxtəlif müzakirə, seminar və metodoloji dərslər keçirilir.

Prof. C. Cəfərov qeyd edib ki, tələbələrdə dəyərlər sistemi, kimlik şüuru və məsuliyyət hissinin formalaşdırılması təkcə pedaqoji biliklərlə deyil, həm də fəlsəfi düşüncə ilə tamamlanan prosesdir. Qeyd edilib ki, ADPU-da həyata keçirilən tədris islahatları çərçivəsində fənlərin məzmunu yenilənir, müasir fəlsəfi yanaşmalar, sosial-humanitar elmlərin inteqrativ aspektləri, analitik və tənqidi düşünmə bacarıqlarının inkişafı kimi komponentlər kurikulumlara daxil edilir. Rektor bildirib ki, bu, Azərbaycan müəlliminin gələcək nəsillərə daha geniş dünyagörüşü və sağlam dəyərlər sistemi aşılaya bilməsinə ciddi töhfə verir.

Rektor C.Cəfərov görüşün əhəmiyyətindən söz açaraq vurğulayıb ki, məhz belə platformalar ölkənin elmi-humanitar mühitində vahid ideoloji yanaşmanın formalaşmasına, elm və təhsilin dövlət siyasəti ilə uzlaşmasına xidmət edir. Görüşün nəticələri yalnız akademik müzakirələrlə məhdudlaşmayacaq, həm də ADPU-da tədris və tədqiqat prosesinin təkmilləşdirilməsinə, gələcək metodoloji istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcək.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxışında fəlsəfənin cəmiyyət həyatında rolundan danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində irəli sürdüyü fikirlər təkcə elmi fəaliyyətə deyil, həm də Azərbaycanda dəyər siyasətinin formalaşmasına ciddi təsir göstərir. İ. Məmmədzadə vurğulayıb ki, fəlsəfi fikrin dövlət siyasəti ilə uzlaşması, milli ideologiyanın elmi əsaslara söykənməsi, elmi-ideolohi inkşaf prosesində texnoloji nailiyyətlərin geniş tətbiqi müasir dövrdə strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu gün dünyada gedən mürəkkəb sosial, siyasi və mədəni dəyişikliklər fəlsəfi baxışların yenilənməsini, dəyərlər sisteminin daha ciddi elmi əsaslarla araşdırılmasını tələb edir.

Qeyd edilib ki, təşkil edilən dəyirmi masa elmi-fəlsəfi müzakirələrin təhsil mühitində genişləndirilməsi, tələbələrin müasir fəlsəfi yanaşmalarla tanış edilməsi və humanitar elmlərin praktik tətbiq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra məruzələr dinlənilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü prof. Könül Bünyadzadə, ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi İdris Heydərli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri f.e.d. Füzuli Qurbanov və ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının dosenti, f. ü. f. d. Paşa Quluzadə geniş məruzələrlə çıxış ediblər. 

Dəyirmi masa məruzələr ətrafında müzakirələrlə davam etdirilib.