HEYDƏR ƏLİYEVİN KONSTİTUSİYA MODELİ
Günel Məlikli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ümummilli lider Heydər Əliyevin hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu problemini qəti şəkildə qarşıya qoyması və bu həyati vacib məsələnin həlli yolunda lazımi addımların atılması müstəqil ölkənin konstitusiyasının hazırlamasını və qəbul edilməsini təxirəsalınmaz vəzifələrdən biri kimi zəruri edirdi. Belə vəzifənin qarşıya qoyulması, əslində, Azərbaycan cəmiyyətinin real tələbatı ilə şərtlənirdi. Çünki ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqə və münasibətlərində nəzərəçarpacaq dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmış, vətəndaşların və dövlətin qarşılıqlı məsuliyyətinə əsaslanan dövlətçiliyin və sosial sabitliyin təməli qoyulmuşdu. Əslində, dövlət cəmiyyətin bütövlüyünün, inkişafının etibarlı təminatçısına çevrilmişdi. Deməli, əldə olunmuş nailiyyətlərin siyasi-hüquqi baxımdan təsbit olunmasına və ölkənin real tərəqqisi perspektivlərinə yol açan başlıca istiqamətlərin müəyyənləşdirilməsinə ehtiyac yaranmışdı. Bu imkanların həyata keçirilməsində mövcud reallıqları nəzərə alan və ciddi elmi, siyasi, hüquqi əsaslara istinad edən ölkə Konstitusiyasının hazırlanması dövrün obyektiv tələbatına çevrilmişdiHeydər Əliyev deyirdi: “Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu - Konstitusiyası var. Hesab edirəm ki, bizim ən böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmək oldu... Hesab edirəm ki, bu, uzunömürlü Konstitusiya olacaqdır və o, Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün, Azərbaycan xalqının gələcək rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır” (4, s. 316). Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasına münasibətdə hansı məsələlərə vətəndaşların, xüsusən gənclərin ciddi diqqət yetirməsini vacib sayırdı: ·Konstitusiyada hər bir vətəndaşın hüquqları, azadlıqları, eyni zamanda vəzifələri öz əksini tapmışdır. Konstitusiya maddələrinin üçdə bir hissəsi respublika vətəndaşlarının, o cümlədən gənclərin hüquq və azadlıqlarına həsr olunmuşdur. Biz çalışmalıyıq ki, vətəndaşların Konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun və qorunsun. Vəzifələr isə hər bir gəncin üzərinə düşən borcu, məsuliyyəti əks etdirir. Vətəndaşlar bu vəzifələrin həyata keçirilməsini özləri üçün həyat məqsədi kimi qəbul edib, onları həyata keçirməyə çalışmalıdırlar.

Xüsusilə XX əsrdə keçdiyimiz tarixi yol Konstitusiya təcrübəsi baxımından diqqəti cəlb edir. Bu əsrdə dörd Konstitusiya qəbul olunmuşdur. Birinci Konstitusiya 1921-ci ildə, ikincisi 1937-ci ildə, üçüncüsü 1978-ci ildə, nəhayət, dördüncü Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum nəticəsində qəbul edilmişdir. Bu, keçmiş konstitusiyalardan tamamilə fərqli olan yeni Konstitusiyadır - müstəqil Azərbaycan Respublikasının, Azərbaycanın hər bir vətəndaşının doğma Konstitusiyasıdır.
https://scientificworks.az/elmieserler_pdf/elmi_eserler_1_(44)_2025.pdf

