17.11.2025, 12:10 - Baxış sayı: 51

Respublika Prezidentinin çıxışı kontekstində elmin vəzifələri haqqında


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxışı çoxşaxəli məzmunu, çoxaspektli analitik çərçivəsi və dərin məna qatları ilə seçilirdi. O. nitqində yalnız müasir elmi problemləri araşdıran tədqiqatçılara deyil, eyni zamanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qurumların rəhbərlərinə də xitab edir, beləliklə, elmi və texnoloji inkişafın vahid strateji xəttə çevrilməsinin zəruriliyini vurğulayırdı.

Çıxışda xüsusilə “meynstrim”, intellektual kapital, elmi prioritetlər kimi çağdaş elmi və texnoloji terminlərin istifadəsi diqqət çəkirdi. Bu, bugünkü elm, siyasət və sosial həyat kontekstində əsas tendensiyaların düzgün dərk edilməsinin vacibliyini göstərir. Görünən odur ki, “süni intellekt” və “kibertəhlükəsizlik” anlayışları artıq qlobal elmi meyillərin ayrılmaz hissəsinə çevrilmişdir və onların mahiyyətini yalnız tətbiq müstəvisində deyil, həm də nəzəri və konseptual aspektlərdə anlamaq və dəyərləndirmək lazımdır.

Bu mənada söhbət təkcə süni intellektdən istifadə imkanlarından yox, həm də onunla bağlı fundamental elmlərin inkişafının, intellekt və şüurun təbiətinin dərindən öyrənilməsinin labüdlüyündən gedir. Çünki həmin sahələrdə möhkəm nəzəri baza olmadan süni intellektdən effektiv faydalanmaq və onu inkişaf etdirmək mümkün deyil.

Prezidentin nitqində səsləndirilən, elm və aidiyyəti nazirliklər arasında səmərəli əlaqələrin qurulmasına dair fikirlər də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Belə görünür ki, qarşıya qoyulan məqsəd elmi biliklərin və texnoloji imkanların qarşılıqlı inteqrasiyasını təmin edən yeni əməkdaşlıq modelinə keçidi zəruri edir. Bu model süni intellektdən istifadənin daha sistemli və məqsədyönlü şəkildə təşkilinə imkan verəcək.

Bütün bunların fonunda ölkə Prezidentinin çağırışları müasir elmlərin tətbiqi problemlərinə, texnologiya, təhlükəsizlik, təhsil və tərbiyə sahələrində elmi bilik və təcrübədən istifadə etməyin konseptual əhəmiyyətinə diqqəti yönəldir. Bu, həm elmi inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi, həm də milli intellektual potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Burada söhbət elmin — xüsusilə də neft hasilatı kimi texnoloji sahələrdə çalışan alimlərin uzun illərdir alışdığı ənənəvi yanaşmadan fərqli olaraq — təkcə neft və geologiya üzrə tədqiqatlarla məhdudlaşmayan, həm də fənlərarası, humanitar və ictimai elmləri əhatə edən tətbiqi xarakterindən gedir. Bu sahələrin tətbiqi yönümlü təbiəti daha mürəkkəbdir; çünki onların praktik dəyəri yalnız elmi məhsulun mövcudluğuna deyil, həm də həmin məhsulun müvafiq nazirliklərin istifadə edə biləcəyi şəkildə işlənmiş, konkretləşdirilmiş, funksional layihələr formatında təqdim olunmasına bağlıdır.

Belə şəraitdə 600 səhifəlik fundamental monoqrafiyanın tətbiqi qərarların verilməsi üçün yararlılığı məhdud ola bilər. Belə əsərlər müəyyən elmi sahələrin tarixi və nəzəri inkişafı üçün zəruri olsa da, praktik proseslərə, idarəetmə qərarlarına birbaşa təsir baxımından yetərincə səmərəli olmaya bilər. Bu isə mühüm bir sualın ortaya çıxmasına səbəb olur: böyük həcmli elmi əsərlərin yazılması kifayətdirmi, yoxsa onların ardınca tətbiqi məqsədlərə uyğunlaşdırılmış, daha kiçik həcmli, strukturu aydın və yönləndirici xarakter daşıyan tədqiqatların hazırlanmasına ehtiyac var?

Başqa sözlə, humanitar və sosial elmlərdə iş bölgüsünün yenidən nəzərdən keçirilməsi aktual görünür. Eyni zamanda, bu sahələrdə tədqiqatların tətbiqi xarakteri onların qiymətləndirilməsi məsələsinə də yeni prizmadan yanaşmağı zəruri edir. Məsələ ondadır ki, müvafiq nazirliyin müəyyən bir işi qəbul etməsi onun kifayət qədər dəyərli olması deməkdirmi, yoxsa əsərin ictimai şüura təsirini, onun sosial, mədəni və ya intellektual effektini ayrıca ölçə bilən elmi metodologiyanın işlənib hazırlanmasına ehtiyac vardır?

Süni intellektin inkişafı bu məsələyə yeni perspektivlər gətirir. AI texnologiyaları yalnız elmi və tətbiqi işlərin səmərəliliyini artırmaqla kifayətlənmir, həm də həmin işlərin təsir mexanizmlərini və nəticələrini qiymətləndirmək üçün instrumental imkanlar yaradır. Lakin bu qiymətləndirmə mexanizmləri xüsusi bir məntiqi əsas tələb edir. Bu kontekstdə Lütfizadənin yaratdığı qeyri-səlis məntiq konsepsiyasını xatırlamaq yerinə düşər: çünki humanitar və sosial sahələrin mürəkkəb, çoxşaxəli və tam müəyyən olunmayan proseslərinin analizi məhz qeyri-səlis məntiq kimi elastik yanaşmalar tələb edir.

Bu kontekstdə fəlsəfənin tətbiqi təbiətinin fəlsəfə ilə ideologiya, fəlsəfə ilə sosiologiya arasındakı qarşılıqlı münasibətlər prizmasında daha aydın şəkildə təzahür etdiyi diqqət çəkir. Müasir elmdə bu münasibətin təsirinin artması, həm fəlsəfə, həm də sosiologiyanın inkişaf dinamikasına yeni impuls verir və bu sahələrdə çalışan mütəxəssislərin əməyinin ictimai əhəmiyyətini daha dərindən anlamağa imkan yaradır.

Fəlsəfənin və sosiologiyanın tətbiqi xarakteri onları ayrı-ayrı sahələr kimi təcrid etməkdən çox, müxtəlif elmlərin inteqrasiyasını, bilik və təcrübələrin sintezini zəruri edir. Bu elmlərin tətbiqi dəyəri məhz onların tarix, idarəetmə, ideologiya, mədəniyyət və digər sahələrlə qarşılıqlı əlaqələrinin təhlilində özünü göstərir. Başqa sözlə, əsas məsələ humanitar və sosial elmlərin fragmentləşdirilməsi deyil, onların daha geniş praktik sahələr üçün funksional biliklərə çevrilməsidir.

Fəlsəfi tədqiqatların tətbiqi mahiyyəti təkcə filosofların müəyyən bir elmi nəticənin əhəmiyyətini qiymətləndirməsi ilə məhdudlaşmır. Bu tədqiqatlar həm də alimin şüuruna, etik dünyagörüşünə, idarəetmə mədəniyyətinə və nəticədə cəmiyyətin bilik həcminin artmasına təsir göstərən sosial, siyasi və ictimai amillərin analitik şəkildə araşdırılması ilə tamamlanır.

Məsələn, bir vaxtlar fəlsəfə tarixinin əsas funksiyası milli fəlsəfi irsimizin və filosoflarımızın varlığını digər xalqlara sübut etmək kimi dəyərləndirilirdisə, bu gün onun rolu daha genişdir. Fəlsəfə tarixi artıq milli identiklik mədəniyyətinin inkişafına, vətəndaş tərbiyəsinin dərinləşməsinə və ictimai şüurun formalaşmasına xidmət edən konseptual bir sahə kimi çıxış edir. Bununla belə, fəlsəfə tarixi yalnız o zaman məqsədinə tam çatmış olur ki, o özündə elm tarixi, sivilizasiyaların inkişafı, dövlətçilik ənənələri və suveren ideologiyanın formalaşması haqqında bilikləri də ehtiva etsin və bu biliklər cəmiyyətin mədəni maariflənməsi üçün cəlbedici olsun.

Fəlsəfi və sosial biliklər həm milli xarakterin dərk edilməsinə, həm də identiklik şüurunun zənginləşməsinə xidmət edir. Bu bilik strukturuna müxtəlif fəlsəfi məktəblər, konsepsiyalar və müxtəlif mədəniyyətlərin ideya ənənələri haqqında təsəvvürlər daxil olmalıdır. Onların əlavə tətbiqi əhəmiyyəti isə biliklərin bir-birinə və ümumilikdə həyatın müxtəlif sahələrinə necə təsir etdiyini, fərdi və kollektiv talelərin hansı mexanizmlərlə bir-birinə bağlandığını anlamağa imkan verməsidir.

Bu baxımdan fəlsəfə və sosiologiyanın qarşısında müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən ortaq bir vəzifə meydana çıxır: fərdi və cəmiyyəti, milli kollektiv identiklik ilə fərdi identikliyi düzgün şəkildə əlaqələndirmək. Müharibə kimi kəskin sınaqlar zamanı cəmiyyətin birləşməsi bu əlaqəni daha qabarıq şəkildə üzə çıxarır; məhz bu səbəbdən bəzi xalqlar, o cümlədən bizim xalqımız da tarixi qələbələrə nail olur. Lakin dinc dövrdə bu məsələlər üzərində düşünmək, konseptual əsaslar yaratmaq və məqsədyönlü qərarlar qəbul etmək daha vacibdir.

Elə buna görə də respublika Prezidenti milli ideya, suverenlik və ictimai şüura təsir göstərən məsələlərə xüsusi diqqət ayırır. Bu yanaşma cəmiyyətin bütövlüyü, intellektual təhlükəsizliyi və sosial inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Elmin vəzifələri və tətbiqi tədqiqatların əhəmiyyəti haqqında danışarkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında qələbədən bəhs edərkən vurğuladığı bir məqama diqqət yetirməmək mümkün deyil. O, bir çox dövlətlərin uzunmüddətli münaqişələri həll edə bilmədiyi bir şəraitdə Azərbaycanın necə qətiyyətli şəkildə zəfər qazandığını xüsusi olaraq qeyd edir. Bu vurğulama təsadüfi deyil və qələbənin arxasında duran fəlsəfi, ideoloji və idarəetmə əsaslarının araşdırılmasının vacibliyinə işarə edir.

Bu kontekstdə “qələbə fəlsəfəsi” haqqında danışmaq, cəmiyyəti birləşdirən ideyaların mahiyyətini, güclü dövlət idarəetməsinin rolunu, suverenliyin dərinləşməsini və milli intellekt potensialını təhlil etmək xüsusi əhəmiyyət kəsb edir. Bu məsələlər hazırda alimlər, tarixçilər, filosoflar və politoloqlar tərəfindən geniş şəkildə araşdırılır. Lakin həmin tədqiqatlarda yeni yanaşmaların, tətbiqi xarakterin və nəticəyönlü ideyaların ön plana çıxması müasir dövrün tələbidir.

Başqa sözlə, aparılan araşdırmalar cəmiyyətin konsolidasiyasını, qətiyyətini, vətənpərvərlik ruhunun möhkəmləndirilməsini, dinc quruculuq mərhələsinin davamlılığını, Böyük Qayıdış prosesinin strategiyalarını və inkişaf edən iqtisadiyyatın qorunmasını təmin edən elmi-nəzəri əsaslara söykənməlidir. Bu baxımdan cənab Prezidentin iqtisadi inkişafla bağlı irəli sürdüyü yeni yanaşmalar xüsusi diqqətə layiqdir. O, dövrün çağırışlarına operativ reaksiya verməyin, neft hasilatı və qiymətlərindəki dəyişkənliyi (volatilliyi) nəzərə almağın, yeni enerji modelinə keçidin və iqtisadi şaxələndirmənin (diversifikasiyanın) labüdlüyünü vurğulayır.

Fikrimizcə, Azərbaycanın əldə etdiyi zəfərin intellektual və idarəetmə əsasını dövlət hakimiyyətinin davamlılığı, müharibə dövründə olduğu kimi, sülh dövründə də xalqı doğru istiqamətləndirmək bacarığı, xarici siyasətdə və geosiyasi müstəvidə ardıcıl və məqsədyönlü qərarların verilməsi təşkil edir. Bu isə cəmiyyətin mobilizasiyasını, milli ideyanın gücləndirilməsini və strateji hədəflərə doğru birgə irəliləyişi mümkün edir.

Burada bir daha aydın görünür ki, inkişaf yalnız elmin nailiyyətlərinə deyil, həm də həmin nailiyyətləri real həyati proseslərlə əlaqələndirməyi bacaran menecerlərin, qərarverici strukturların və intellektual idarəetmə qabiliyyətinin mövcudluğuna bağlıdır. Süni intellektin inkişaf etdiyi müasir dövrdə bu qabiliyyətin yeni texnoloji imkanlarla daha da güclənəcəyi gözlənilir. AI texnologiyaları yalnız mürəkkəb proseslərin idarə edilməsini optimallaşdırmır, həm də elmi nəticələrin daha tez və effektiv şəkildə tətbiq olunması üçün yeni alətlər yaradır. Bu mənada, elmin, idarəetmənin və intellektual potensialın sinerjisi Azərbaycanın növbəti mərhələdə inkişafının əsas struktur dayaqlarından birini təşkil edəcəkdir.

Beləliklə, burada yenidən Prezidentin elmdən bəhs edərkən niyə məhz süni intellekt mövzusundan başladığını xatırlamaq zərurəti meydana çıxır. Süni intellektin inkişafı həm alimlərin, həm də menecerlərin qarşılıqlı əməkdaşlığını gücləndirir, elmi layihələrin hazırlanması, sınaqdan keçirilməsi və qərarverici strukturlar tərəfindən qəbul olunması prosesində yeni təcrübələrin formalaşmasını təşviq edir. Bu baxımdan süni intellekt təkcə öz-özlüyündə inkişaf etməli deyil; onun nəzəri və texnoloji bazası təkmilləşdirilməli, paralel olaraq insan şüuru və intellekti də daha yüksək səviyyəyə çatdırılmalıdır. Artıq süni intellekt elmin tətbiqi xarakterinə dair yanaşmaların mükəmməlləşməsinə və daha səmərəli metodların formalaşmasına real şəkildə təsir göstərməkdədir.

İctimai elmlər də daxil olmaqla, müxtəlif elm sahələrinin riyaziləşdirilməsi və modelləşdirilməsi geniş tətbiqi əhəmiyyətə malik fənlərarası tədqiqat ənənəsini formalaşdırır. Bu metodoloji yanaşma mürəkkəb sosial, iqtisadi və mədəni proseslərin daha dəqiq, sistemli və ölçülə bilən şəkildə araşdırılmasına imkan verir.

Bu kontekstdə elm fəlsəfəsinin rolunun əhəmiyyəti daha aydın görünür. Elm fəlsəfəsi süni intellekt, riyaziyyat və fizika üzrə mütəxəssislərlə filosofların qarşılıqlı əməkdaşlığının, daha sonra isə tarixçilərin, iqtisadçıların, sosioloqların və digər sahə tədqiqatçılarının birgə fəaliyyətinin elmi əsaslarını müəyyənləşdirir. Bu qarşılıqlı inteqrasiya təkcə nəzəri biliklərin dərinləşməsinə deyil, həm də tətbiqi elmin yeni istiqamətlər üzrə inkişafına şərait yaradır.

Bütün sadalanan məqamlar müasir elmin qarşısında duran əsas vəzifələri təşkil edir. Prezident İlham Əliyev öz çıxışında məhz bu istiqamətlərin aktuallığını vurğulayaraq, elmi ictimaiyyəti qarşılıqlı əməkdaşlığa, fənlərarası tədqiqatlara və innovativ yanaşmaların reallaşdırılmasına yönəldir. Bu proseslər Azərbaycanın intellektual mühitinin, elmi potensialının və strateji inkişaf trayektoriyasının formalaşmasında fundamental rol oynayır.

Nəhayət, Prezident İlham Əliyevin nitqində tarixçi və dilçi alimlərə yönəlik xüsusi bir çağırış diqqət çəkir. O, ən yeni və obyektiv tarixi tədqiqatların aparılmasının, habelə Azərbaycan dilinin saflığının qorunması uğrunda mübarizənin müasir dövr üçün strateji əhəmiyyət daşıdığını vurğulayır. Azərbaycan Milli Elmlər Akademiyasında bu istiqamətlərdə müəyyən işlərin həyata keçirildiyi məlumdur və əminik ki, onların cəmiyyətə təsir gücünü artırmaq üçün bu fəaliyyətlər daha geniş miqyasda və ardıcıl şəkildə davam etdiriləcəkdir.

Tarix konsepsiyamızın obyektiv, etibarlı və beynəlxalq səviyyədə əsaslandırılmış olması vacibdir. Prezidentin nitqində həqiqətin Azərbaycanın tərəfində olduğunu və orijinal tarixi xəritələr, arxiv sənədləri və digər etibarlı mənbələrin bu həqiqəti təsdiq etdiyini vurğulaması təsadüfi deyildir. Bu mənbələrin yalnız bizim tarixçilər üçün deyil, həm də beynəlxalq tədqiqatçı ictimaiyyəti üçün əlçatan və tanınan olması zəruridir. Bununla yanaşı, həmin tarixşünaslıq materiallarının müasir konseptual yanaşmaların formalaşdırılmasında fəal şəkildə istifadə edilməsi vacibdir.

Akademiyada dilin inkişafına, onu yad təsirlərdən qorumağa və müasir elmi-texnoloji proseslərlə uzlaşdırmağa dair müxtəlif maraqlı ideyaların və planların mövcudluğu da diqqətəlayiqdir. Bu sahədə məqsədyönlü nəticələr əldə etmək üçün alimlərin, nazirlik və komitə rəhbərlərinin, tərcüməçilərin, ədəbiyyatşünasların, şairlərin və geniş ictimaiyyətin birgə fəaliyyəti mühüm rol oynayır. Dilin saflığının və zənginliyinin qorunması yalnız leksik və qrammatik məsələ deyil; bu proses milli ideologiyanın, elmi düşüncənin və konseptual çərçivələrin formalaşmasının ayrılmaz tərkib hissəsidir.

Ümumilikdə qeyd etmək olar ki, Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı Akademiya əməkdaşları üzərində ciddi mənəvi və intellektual təsir göstərmişdir. Bu nitq alimləri yeni elmi hədəflərə səfərbər etmiş, onları qarşıya qoyulan vəzifələrin icrasında daha fəal, məqsədyönlü və innovativ olmağa ruhlandırmışdır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,

           f.e.d., professor İlham Məmmədzadə