17.11.2025, 10:52 - Baxış sayı: 50

80 yaşlı AMEA-nın prioritetlərinin fəlsəfəsi



Prezident İlham Əliyevin 18 mart 2025-ci il Sərəncamına əsasən il bolu Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi müxtəlif tədbirlərdə qeyd edildi. Nəhayət noyabrın 3-də ölkə başçısının şəxsən iştirakı və bu mühüm elm ocağının gələcək prioritet istiqamətləri haqqında geniş məruzəsi Elmlər Akademiyasının müstəqil və yeniləşən Azərbaycanın varlığı və inkişafında necə əhəmiyyətli bir yer tutduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyev öz nitqində həm narahat, xüsusi diqqət tələb edən məsələləri vurğuladı, həm də onların dövlətin və bilavasitə özünün nəzarətində olduğunu xatırladaraq həll yollarından danışdı. Dövlət başçısının çıxışında incə və olduqca vacib, bir-birini tamamlayan iki məqam var idi: müasir Azərbaycanın öz inkişafında Ulu Öndərin siyasətinə sadiqliyi və Akademiyanın tarixində Ulu Öndərin taleyüklü rolu, qayğısı və diqqəti. Bu, Milli Elmlər Akademiyasının müasir Azərbaycanda yerini və əhəmiyyətini təkrar təyin etmiş oldu. Mühüm faktlardan biri də, Cənab Prezidentin üzərində geniş dayandığı prioritetlər sırasında fəlsəfənin olmaması idi. Bununla belə, daha diqqətli təhlildən belə məlum olur ki, fəlsəfə əslində ölkə başçısının məruzəsinin bütövlükdə təməlində idi və fəlsəfənin varlığı, mövcud istiqamətlərlə paralel inkişafı bir aksiomdur.

Dəyişən dünyada Elmlər Akademiyası

Dünyanın dəyişdiyini və Azərbaycanın onunla ayaqlaşmaq zərurətini daha çox və ilk növbədə ölkə başçısı hiss edir. Məhz buna görə də onun “Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir.” Danılmaz faktdır ki, Vətən müharibəsindəki böyük qələbəsi Azərbaycanın dünyada tanıdılmasının ən böyük və şərəfli addım oldu. Prezidentin öz sözləri ilə desək, hazırda çalxalanan “dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qalxdığı” bir vaxtda “bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”. Bununla yanaşı, qalib ölkənin dünyada nümunəvi tərəfdən tanıdılmasında alimin rolu mühümdür. O, dərk etməlidir ki, yalnız öz müəssisəsinin deyil, beynəlxalq aləmdə Azərbaycanın təmsilçisi, daxildə isə onun inkişafının təminatıdır. Ölkə başçısının dönə-dönə “Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür” deməyi də bu missiyanı təsdiqləmiş olur.

Filosof Frensis Bekon deyir ki, “bilik gücdür” və cənab İlham Əliyev öz tarixi çıxışında Azərbaycanın güclənməsinin əsas yollarından birinin məhz Elmlər Akademiyasından, alimlərin düşüncəsindən keçdiyini vurğuladı, xatırlatdı və bu işdə dövlətin daim onların yanında olacağını bildirdi. “Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir” deyən Ali Baş Komandan 44 gün ərzində öz biliyi, təfəkkürü, məntiqi, məsələyə dərindən nüfuz etmək qabiliyyəti ilə diplomatik müstəvidə bir ordunun işini gördü və zəfər qazandı. Onun eyni bacarığı, məsuliyyəti ölkənin alimlərindən tələb etməyi məntiqli və qanunauyğundur.

Əslində ölkə bacısı diqqəti qılıncla zəfər çalan Azərbaycan üçün indi də qələmin vacibliyinə və bu qələmin prioritet istiqamətlərinə yönəltdi. Qədimdən bəri məlum olan bir aksiom var və 44 günlük müharibə zamanı Ali Baş Komandan bunu bir daha əyani şəkildə sübut etdi ki, özünü dərk edən, öz şəxsiyyətinə dərindən bələd olan insan sözlərində və əməllərində həm özünə güvənir, həm də ətrafına toplananda etibar yaradır. Bu baxımdan, onun “Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik” sözləri fiziki baxımdan daha çox, artıq sülh dövründə öz inkişaf yoluna başlamış Azərbaycan vətəndaşının, xüsusilə aliminin özgüvəninin formalaşmasının vacibliyini vurğulayır.

Günün tələbi – süni intellekt

Sürətlə dəyişən dünyanın aparıcı qüvvələrindən biri də süni intellektdir ki, fəaliyyətin bütün istiqamətlərində öz hökmünü göstərir, sözünü yeridir. Onun gücünü yanlış anlayanlar bəzən onu təbii intellektlə qarşılaşdırır, ondan daha üstün olduğunu ehtimal edir və onu canlı insan üçün bir təhlükə səviyyəsinə qədər qaldırır. Yalnız intellektin əsl mahiyyətini dərk edənlər bilir ki, süni intellektin idarə düyməsi canlı insanın ağlına və niyyətinə tabedir. Məhz bunu vurğulamaq üçün öz çıxışında Cənab İlham Əliyev buyurur: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun”. Hələ 22 il əvvəl, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirməliyik!” tezisini irəli sürəndə ölkə başçısı texnologiyanın hakim olduğu bir dövrlə ayaqlaşmaq üçün zəmin hazırlayırdı. Məhz bu səbəbdən bu gün Azərbaycan dünyada gedən texnoloji inkişafla nəinki ayaqlaşır, hətta ilk dəfə onun məhsulundan istifadə edərək dünyaya 44 günlük bir möcüzə göstərdi.

Süni intellekt onu idarə edən təbii təfəkkürün inikasıdır. Elmin inkişaf yoluna baxanda belə qənaətə gəlmək olur ki, süni intellektin özü də bu inkişafda növbəti mərhələlərdən biridir. Başqa sözlə desək, bir gün onu da daha üst nəsil texnologiyanın əvəz edəcəyi şübhəsizdir. Sabit qüvvə və bu inkişafın təminatı isə məhz insan resursu, təbii intellektdir. Bunu bilən və diqqəti ona yönəldən cənab Prezident deyir: “Tükənməz sərvət intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.” Bu, bir tərəfdən inkişafın şərti kimi alimin, digər tərəfdən, onun intellektinə sərmayə qoyan və dəstək göstərən dövlətin qarşılıqlı əməkdaşlığının zəruriliyinin vurğulanmasıdır.

Ağıllı olmaq, elmdə yeni kəşflər etmək işin yalnız yarısıdır, digər yarısı isə, o ağlı öz Vətəninin, xalqının rifahı üçün yönəltmək, yad maraqların xammalına çevrilməməkdir. Cənab Prezident qeyd etdi ki, “Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.” Deməli, özünü, öz xalqını tanıyan, təbii intellekti xalqa xidmət edən şəxs süni intellekti də o istiqamətə yönəldə bilər. Bir var, başqa təfəkkürün idarəsi ilə hərəkət etmək, ondan göstəriş gözləmək, hər addımında ondan asılı vəziyyətdə qalmaq, bir də var, özümüz diktə edən tərəf olaq, daxilimizdəki sabit varlıq özəyini qoruyaq və bəlli ideya naminə çalışaq. Hazırda ölkədə bütün sahələrdə inkişaf gedir və Cənab Prezident alimləri bütün sahələrdə əməkdaşlığa, məlum ideologiyaya həm öz payını verməyə, həm də bəhrələnməyə çağırdı.

Dilin inkişaf fəlsəfəsi

Ağlın təzahürlərindən biri və birincisi, bəzi hallarda hətta istiqamətvericisi dildir. Məhz bu səbəbdən ölkə başçısının xüsusilə üzərində dayandığı məsələlərdən biri də Azərbaycan dilinin qorunması və inkişafı oldu. Belə yüksək kürsüdən az qala həyəcan təbili çalan, dili yad kəlmələrlə çirkləndirməyi, onu itirmək səviyyəsinə qədər gətirməyi səhv və təxribat adlandıran cənab İlham Əliyev iki vacib xəttin paralel irəliləməsini vurğulayır. Birincisi, o, dili xalqın identikliyinin, milli mənsubiyyətinin göstəricisi olduğunu qeyd edir: “Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”. İkincisi isə, o, dili qorumağın yalnız dilçilərin deyil, hər vətəndaşın, xüsusilə alimlərin borcu olduğunu xatırladır: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər.”

Alman filosofu Haydegger dili varlığın evi, düşüncə sahiblərini isə bu evin qoruyucusu adlandırır. Hegel də etiraf edir ki, xalqın inkişafında “yalnız alman təfəkkürü, onun fəlsəfi ənənələri deyil, həm də alman dilinin verdiyi imkanlar müəyyən rol oynamışdır.” Deməli, dilin qorunmasının vacibliyini vurğulayanda və “biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” deyəndə, əslində, İlham Əliyev millətin “varlığının evini” qorumağı və ilk növbədə məhz düşüncə sahiblərini səfərbər olmağa çağırır.

Mühacir ərəb mütəfəkkiri Xəlil Cübran deyir, “dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır”. Bu, danılmaz bir faktdır ki, dil xarici təsiri altına düşüb eklektik şəkildə alınan kəlmələrlə öz leksik bazasını süni şəkildə yükləyirsə, dilin milli mahiyyəti bu yük altında boğulur, əzilirsə, deməli, düşüncə sahiblərinin yaradıcılığı zəifləyib, yaxud millətin öz kökü ilə əlaqəsi sarsılmaq üzrədir. Başqa sözlə desək, dildə gedən həm müsbət, həm də mənfi dəyişikliklər daha dərin proseslərin nəticəsi, təzahürüdür. Bu baxımdan, ölkə başçısının məhz belə bir açar məqama – dilə münasibətdə nəinki alimləri, həm də hər bir vətəndaşı həssas olmağa çağırışı ciddi və məsuliyyətli bir münasibət tələb edir.

Tarixin fəlsəfəsi

Öz çıxışında cənab Prezident tarixin üzərində xüsusi dayandı və alimlərin diqqətini bir neçə mühüm istiqamətə yönəltdi. Əvvəla, o, bu torpaqların qədim köklərinin öyrənilməsinin zəruriliyini vurğuladı: “Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır”. Bu, xalqın böyüklüyünün, dərin kökə və sabit kimliyə malik olduğunun təsdiqidir və hər bir vətəndaşa, xüsusilə gənclərə böyük bir güvən hissi verir. Bu, dünənlə qürur duyub, keçmişlə kifayətlənmək deyil, uzunəsrlik bir xalqın buğunu və gələcəyi üçün məsuliyyət hissinin doğulması üçün şərtdir. Öz tarixini bilib və öz kimliyini bu kök üzərində formalaşdırmaq, başqa bir xalqı təqlid etmək, deməli, onun kölgəsinə çevrilmək təhlükəsindən qorunmaq üsuludur.

İkinci diqqət yetirilən məqam bugünün obyektiv şəkildə öyrənilməsi və gələcək nəsil üçün düzgün tarix yazılması oldu. Təqribən 30 il ərzində Azərbaycan zəngin bir tarix yaşadı: müstəqillik əldə etdi, işğala məruz qaldı, daxili, həm də xarici neqativ qüvvələrlə soyuq müharibə apardı, yumşaq gücdən ustalıqla istifadə etməyi öyrəndi, ən nəhayət, torpaqlarını müharibə yolu ilə azad edib dünyanın super gücləri ilə üz-üzə durmaq üçün güc topladı, qələbə qazandı və bütün beynəlxalq aləmə öz varlığını və unikallığını qəbul etdirdi. Cənab Prezidentin haqlı olaraq dediyi kimi: “Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.”

Bu gün sabah üçün tarixdirsə, deməli, bugünün şərəfli səhifələri gələcək nəslə bütün dolğunluğu və həqiqəti ilə ötürülməlidir. Xatırladım ki, bəzən qürurla “biz tarixi yaradırıq, başqaları yazır” deməyimiz bizim öz əleyhimizə çevrilib, faktlar təhrif olunub və bu, yalanın ayaq tutub yeriməyinə imkan yaradıb. Böyük Zəfərdən sonra ölkə başçısı qılıncla bərabər qələmin də vacibliyini vurğulayır: “Bizim şanlı Vətən müharibəmizin... hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir”. Deməli, onu ən yüksək səviyyədə, tarixin həmin anına layiq şəkildə yazmaq ilk növbədə bizim öz öhdəliyimiz olmalıdır.

Üçüncü diqqət yetirilməli olan məqam dünənlə bugünün əlaqəsidir. Əbu Turxanın dediyinə görə, “cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir.” Deməli, tarixin kəsilməzliyi prinsipinə müvafiq olaraq yalnız keçmiş sağlam bünövrə üzərində qurulmuş yenilik inkişafa və yüksəlişə səbəb ola bilər. Tarix tarixdə qalmamalıdır, ondan nəticə çıxarılmalıdır, çünki dünənini unudan sabahına əliboş gedər.

Bu istiqamətdə ölkə başçısı, təbii ki, yaddaşın vacibliyini vurğulayaraq diqqəti Qərbi Azərbaycan torpaqlarının öyrənilməsinə yönəltdi. Bir var, azərbaycanlı uzaq ellərdə yaşayıb yaradır, Vətəninin orda bir parçasına, simvoluna çevrilir. Bir də var tarixi torpaqlarımız taleyin hansısa hökmü ilə yadların tapdağında, bizsiz qalıb. Qarabağ torpaqlarına qayıdanda da şahidi olduq ki, torpaq öz sahibi olmayanda viran qalır. Zəngəzur, Göyçə, İrəvan da öz sahibinə qovuşmalıdır. Sadəcə, Prezidentin də fərqli zamanlarda dönə-dönə qeyd etdiyi kimi, sülh yolu ilə. Lakin bunun üçün əvvəlcə düşüncələr formalaşmalı, inamlı olmalıdır ki, qarşıdakını da inandıra bilsin. Ölkə başçısı qeyd edir ki, “Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır.” Başqa sözlə desək, ərazinin, dövlətin tarixi düşüncənin tarixi ilə qoşa yaradılmalı və yazılmalıdır.

Özündə milli kimliyi, Vətəni ilə əlaqəsini, sevgisini müqəddəs keyfiyyət kimi qoruyan hər şəxs yaşadığı məkandan asılı olmadan Vətənin bir parçasıdır. Belə şəxslərin yazıb-yaratdığı da həmin torpaqların mədəniyyəti tarixi ilə yanaşı, Azərbaycanın öz mədəniyyət xəzinəsinə və tarixinə bir töhfə olur. Bu, tarixən də belə olub, bu gün də belədir. Məhz bu fakta diqqət yönəldən ölkə başçısı deyir: “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq.” Buna nümunə olaraq hazırda dünyanın ən fərqli istiqamətlərində yaşayıb yaratmış, eyni zamanda öz milli mənsubiyyətini qoruyub saxlayan, bununla fəxr edən azərbaycanlı alimləri, mütəfəkkirləri göstərmək olar. Əslində, bu, azərbaycanlı yaradıcı şəxslərin həm nadir istedadının, həm də düşdüyü şəraitin çətinliyindən asılı olmadan öz unikallığını, milli kimliyini qoruyub saxlaya bilməsinin göstəricidir. Əslində, bu, gənclər, xüsusilə öz Vətənində mənfi cəhətlər axtarıb, Qərbi ideallaşdıran şəxslər üçün bir xatlırlatmadır və buna görə də, Prezidentin “biz öz tariximizi tədqiq və təbliğ etməliyik” deməyi Azərbaycanı daha dərindən, daha düzgün tanıdılmasının tələbidir.

Son söz əvəzi

AMEA-nın yubileyində cənab İlham Əliyevin taleyüklü məruzəsində bütün məsələlər iki əsas xətt arasında təqdim edilirdi: birincisi, Azərbaycanın varlığının qorunmasına və inkişafına alimlərin də qoşulmasının, bu işə daha məsuliyyətli yanaşmasının, zəmanə ilə ayaqlaşmasını zərurəti və ikincisi, dövlətin bu işdə daim onların yanında olub, dəstək verməsi. Tarixi çıxışından iki gün sonra isə Azərbaycan elminin inkişafında xidmətləri olan bir qrup alim Cənab İlham Əliyev tərəfindən yüksək ad və mükafatlarla təltif edildi. Bu təltiflər Cənab Prezidentin Elmlər Akademiyasının fəaliyyətini daim diqqətdə saxladığının və lazımi məqamlarda dəstək verdiyinin ən böyük göstəricisi oldu: Elmlər Akademiyasının sağlam bir nüvəsi var və hər vətəndaşının Prezidenti olmaqla o, alimlərini də tanıyır və dəyərləndirir. Eyni zamanda, bu təltiflər bir daha sübut etdi ki, cənab İlham Əliyev “dediyi bütün sözləri, verdiyi bütün vədləri hər zaman yerinə yetirir”.

AMEA-nın müxbir üzvü, professor

Könül Bünyadzadə