01.10.2025, 14:32 - Baxış sayı: 42

“II Qarabağ müharibəsində qələbə və azərbaycançılıq ideologiyası” mövzusunda Dəyirmi Masa keçirilib


Sentyabrın 30-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatı ilə birgə “II Qarabağ müharibəsində qələbə və azərbaycançılıq ideologiyası” mövzusunda Dəyirmi Masa keçirilib.Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Aytəkin Əhmədova, AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə II Qarabağ Müharibəsi yalnız hərbi əməliyyatlar yox, həm də siyasi iradə, xalq-iqtidar birliyi və milli ruhun təntənəsinin, Azərbaycan xalqı bu müharibədə bütün fərqliliklərini kənara qoyaraq “Azərbaycan naminə” birləşdiyini, müxtəlif etnik, dini və sosial qruplara mənsub vətəndaşlar, eyni məqsəd – Vətən torpaqlarını azad etmək uğrunda bir cəbhədə toplanaraq azərbaycançılıq ideologiyasının praktiki tətbiqinin ən bariz nümunəsi olduğunu vurğulayıb. Professor II Qarabağ müharibəsinin ideoloji bir qələbə, azərbaycançılıq ideologiyasını daha da gücləndirdiyini, azərbaycançılığın təntənəsidir, Qarabağ qələbəsi, gələcək nəsillərə vətənpərvərlik nümunəsi və ideoloji miras olaraq qalacaq-deyə bildirib.


Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndər Heydər Əliyevin dövlətçilik tarixində yeri, rolu və zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir müstəqil və güclü Azərbaycan dövlətinin banisidir: “Tarixin ən böyük vətənpərvəri olan Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib”. Bununla yanaşı, ən önəmli amillərdən biri milli ideoloji konsolidasiyadır. “Azərbaycançılıq” ideologiyası — dil və mədəni köklərə söykənən, vətənə sədaqət və ümummilli maraqları üstün tutan konsepsiya — müharibə dövründə geniş miqyasda mobilizasiya yaratdı. Gənclər, ictimai təşkilatlar, diaspor və medianın fəallığı müstəqil və vahid milli narativin formalaşmasına kömək etdi.

Qələbədən sonra azərbaycançılıq ideologiyası bərpa və reinteqrasiya siyasətlərində özünü göstərir: Qarabağın yenidən qurulması, məskunlaşma proqramları, mədəni irsin bərpası və Zəfər Günü tədbirləri milli kimliyin möhkəmlənməsinə xidmət edir. Bu proses həm də gələcək nəsillərə vətənpərvərlik dərsi verir və geopolitik mövqeyin möhkəmlənməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi yalnız siyasi bəyanat deyil, azərbaycançılıq ideologiyasının konkret təcəssümü idi. Onun rəhbərliyi ilə həyata keçirilən müasir ordu quruculuğu, iqtisadi gücün artırılması,beynəlxalq səviyyədə diplomatik təşəbbüslər müharibədə uğurun təminatçısı oldu. Bu liderlik təkcə dövlət başçısı deyil, həm də ideoloji rəhbər obrazını yaratdı.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu YAP Ərazi Partiya Təşkilatını sədri f.ü.f.d., dosent Şölət Zeynalov “Milli ideyanın və milli ideologiyanın qələbənin qazanılmasında strateji rolu ”, f.e.d. Füzuli Qurbanov “Müharibə və ideologiya”, f.ü.f.d., dosent Əli İbrahimov “Milli ideologiyamızın formalaşması ideyası”, s.e.d. Hüseyn İbrahimov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.