19.09.2025, 13:08 - Baxış sayı: 92

“Azərbaycan alimlərinin II Dünya müharibəsində iştirakı və rolu: akademik Yusif Məmmədəliyev” mövzusunda elmi seminar keçirilib


Sentyabrın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr edilmiş “Azərbaycan alimlərinin II Dünya müharibəsində iştirakı və rolu: akademik Yusif Məmmədəliyev” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən f.e.d., professor İlham Məmmədzadə görkəmli alimin həyat və fəaliyyətinə qısa nəzər salaraq, Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər planına əsasən AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair müxtəlif mövzularda tədbirlərin keçirildiyini, kitab və monoqrafiyaların nəşr edildiyini söyləyib. Fəlsəfə və Sosiologiya İnstitutunda da bu istiqamətdə seminar və konfransların təşkil edildiyini deyən professor İlham Məmmədzadə bugünkü tədbirin AMEA-nın tədbirlər planına əsasən gerçəkləşən növbəti toplantı olduğunu diqqətə çatdırıb.

Akademik Yusif Məmmədəliyev AMEA-nın təsisçilərindən biridir və dövlət başçısının Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan elminin yetişdirdiyi parlaq simalardandır. Azərbaycan neft-kimya elminin dünyaca məşhur siması akademik Yusif Məmmədəliyevin həyatının hər bir şəxs üçün nümunə olduğunu deyən İlham Məmmədzadə alimin görkəmli elm təşkilatçısı və pedaqoq kimi yetişdirdiyi kadrların ölkəmizin iqtisadi, elmi inkişafına öz misilsiz töhfələrini verdiklərini bildirib.

Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan akademik Yusif Məmmədəliyev təkcə öz dövrünün görkəmli kimyaçısı deyil, həm də böyük bir elmi məktəbin banisi olmuşdur. O, neft‑kimya sahəsində apardığı fundamental və tətbiqi tədqiqatları ilə təkcə sovet elminin deyil, dünya elmi ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Onun yaratdığı düşüncə məktəbi bu gün də Azərbaycan elmi üçün metodoloji və praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir.

İ.Məmmədzadə bildirib ki, alim Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olmuş Yusif Məmmədəliyevin təşəbbüsü və şəxsi iştirakı ilə bir sıra müəssisə və elm-təhsil ocaqları institutlar yaradılıb. Bununla yanaşı, alim sovet hakimiyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadəsi üçün bütün qüvvəsi ilə çalışıb.

Akademik Yusif Məmmədəliyevin II Dünya müharibəsi dövründəki fəaliyyəti elmi qəhrəmanlığın nümunəsi hesab edilə bilər. Onun rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar yalnız nəzəri deyil, eyni zamanda praktik əhəmiyyət daşımış, müharibədə texniki üstünlüyün əldə olunmasına töhfə vermişdir. O, Azərbaycan elminin gücünü sübut etmiş və gələcək nəsil alimlər üçün parlaq bir örnək olmuşdur.

İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyətli rol oynaması, eyni zamanda, alimin təqdirəlayiq əməyi ilə bağlıdır və özündən sonra qoyduğu zəngin irs və ideyalar onu daim yaşadacaq.

Seminarda f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., İlham Abbasov, f.ü.f.d., dosent Faiq Ələkbərli, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, h.e.d., professor Habil Qurbanov, f.ü.f.d. dosent Radif Mustafayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Seminarın sonunda institutun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli Azərbaycan elminin inkişafında xüsusən də, Elmlər Akademiyasının təşkilati və elmi fəaliyyətində Yusif Məmmədəliyevin rolunu qiymətləndirdi və vurğuladı ki, bu böyük alimin anadan olmasının 120 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı həm də Azərbaycan elminin inkişafına böyük diqqətin nəticəsidir deyə, qeyd edib.