Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının məqaləsi çap olunub
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri hüquq elmləri doktoru, professor Habil Qurbanovun və həmin institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın “Философско-правовой взгляд на схожие и различные аспекты понятий права и государства” (Hüquq və dövlət anlayışlarının oxşar və fərqli aspektlərinə fəlsəfi və hüquqi baxış) adlı məqaləsi “Qanun” jurnalında (Bakı: “Qanun” jurnalı, “Qanun” Nəşriyyatı, № 06 (368), 2025, s. 14-24) nəşr olunub.
Hazırkı məqalənin mövzusu hüquq və dövlət anlayışlarının oxşar və fərqli aspektlərinə fəlsəfi və hüquqi baxışdır. Hüquq və dövlət bütün zamanlarda həmin zamanın tələblərinə uyğun olaraq öyrənilmiş və bunlar arasında olan ictimai-siyasi məsələlər həm filosofların, siyasətçilərin, həm də hüquqşünasların tədqiq mənbəyi olub. Qərb mütəfəkkirlərinin əsaslandığı hüquq və dövlət təkcə praktiki və siyasi məsələləri əhatə etmir, onların nəzərində hüquq və dövlət varlıq aləmində ruhi, əxlaqi-mənəvi, etik dəyərləri aşılayan və ictimaiyyət arasında mühüm təsirə malik olan başılca meyarlardır.
Filosofların dövlətlə bağlı mülahizələrinə diqqət yetirsək görərik ki, Kant Hegeldən fərqli olaraq dövləti adi formada izah edir. Kant dövləti insan toplusundan ibarət qurum kimi təqdim edir, lakin Hegelin tərifində dövlət təkcə insan toplusundan ibarət qurum deyil, dövlət həm də mənəvi prinsiplərə əsaslanır. Hegelin əaslandığı əxlaq normaları dövlətə və fərdlərə şamil edilir və bu normalar insanı düzgün istiqamətə yönəldir. Onun fikrincə, dövlətin və hüququn cəmiyyətə təsiri dövlətin mənsub olduğu dərəcədən asılıdır; dövlət və hüquq münasibətləri əsas ictimai-siyasi və etik fəaliyyətləri əks etdirir.
Hazırki tədqiqatda Qərb fəlsəfəsinə istinad edərək, hüquq və dövlət məfhumlarının oxşar və fərqli aspektlərini göstərməklə yanaşı, həm də bunların arasında olan bağlılıq və digər mühüm məsələlər səhih mənbələrə əsasən araşdırılıb.

