Elmi işçi Hafizə İmanova İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi mövzusunda təlim keçib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova GenderHub təşkilatçılığı ilə 29-31 avqust tarixində Bakıda İbis oteldə keçirilən "İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi" mövzusunda təlim kursu keçmişdir. Təlimə müxtəlif sferalarda çalışan 30 mütəxəssis qatılaraq iqlim dəyişikliyinin qadınlara təsiri və onların maarifləndirilməsi, məişət zorakılığı və gender bərabərliyi istiqamətində ekspertlər tərəfindən təlimlər almışlar. Təlimdə sosial işçilər, hüquqşünaslar, QHT nümayəndələri, akademik işçilər də iştirak etmişlər. Qeyd edək ki, Hafizə İmanova və komanda üzvləri təlim kursunun davamı olaraq regionlarda, xüsusilə təbii daşqınlar baş verən ərazilərdə (Saatlı, Sabirabad) qadınların maarifləndirilməsi və onlara ilkin həyati bacarıqların (üzgüçülüyün) təlimi ilə bağlı layihə planı irəli sürmüşdür. Xüsusilə COP29-un yekun hesabatında belə bir layihənin gerçəkləşdirilməsi iqlim dəyişikliyi sahəsində gender bərabərliyinin qorunması, eləcə də qadınların hüquqlarının genişləndirilməsi istiqamətində olduqca mühümdür. Layihə iki ay ərzində icra edilərək müxtəlif elmi tədris ocaqlarında da seminarlar şəklində davam edəcəkdir.



