İngiltərə və Belarus alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib
İyunun 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İngiltərə və Belarus alimlərinin iştirakı ilə Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin ideya irsi: suverenitet və konstitusionalizmin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya ve Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına müvafiq olaraq il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbir və konfranslar AMEA-nın bütün elmi müəssisələrində o cümlədən, Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilir. İlham Məmmədzadə çıxışında İnstitutun elmi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verərək, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub və gələcəkdə birgə elmi layihələrin hazırlanması barədə təkliflə çıxış edib. Azərbaycan- Belarus əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və bu inkişafın sayəsində xalqlarımızın daha da yaxınlaşmasından danışaraq, onun elmi, siyasi-iqtisadi əhəmiyyətini təhlil edib. Bu mövzuda təşkil olunan bugünkü konfransımızda "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, tarixi, ictimai-siyasi əsaslara və nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması, dövlət suverenliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Professor çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqları və gələcək perspektivlərini əks etdirdiyini, ümumbəşəri və milli dəyərlərə söykəndiyini qeyd edib. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət kimi yeni siyasi sistemdə, həm də, yeni tarixi reallıqlar yaradan şəxsiyyətdir. İki gün öncə qeyd etdiyimiz 15 iyun Milli Qurtuluş Günü xalqımızın həyatında tərəqqi yolunda keyfiyyətcə yeni bir mərhələnin əsası qoyub. Onun mahiyyəti və sonrakı tarixi proseslərə istiqamət verməsi praktiki baxımdan ümummilli nəticələrin miqyası ilə özünü sübuta yetirmişdir. Daha dəqiq ifadə etsək, Heydər Əliyev şəxsiyyətinin malik olduğu xarizma millətin taleyinin bilavasitə xaosdan, böhrandan, anarxiyadan xilas edilməsini, inkişafa, sabitliyə, ən vacibi çoxminillik dövlətçilik tarixində ilk dəfə xalq – ümummilli lider harmoniyasından yaranan milli gücün unikallığının dərki prosesini şərtləndirib – deyə İlham Məmmədzadə vurğulayıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Heydər Əliyev: Azərbaycan xalqının ümumilli lideri və Belarus xalqının böyük dostu” adlı çıxışında bildirib ki, bəşəriyyət tarixinin əvvəllərindən etibarən dünya tarixinin müxtəlif dövrlərini, epoxalarını, eləcə də bütöv xalqların keçmiş və bu gününü təcəssüm etdirən çoxsaylı görkəmli şəxsiyyətlər olmuşdur. Onlar öz əməlləri ilə insanların həyatında elə dərin iz buraxmışlar ki, xalqın və dövlətin həyatındakı həmin dövr yalnız onların adı və böyük ideyaları ilə assosiasiya olunur. Azərbaycan xalqının müasir tarixində belə bir görkəmli şəxsiyyət – ümumilli lider Heydər Əliyev olmuşdur. O, öz xalqının və dövlətinin əsl xilaskarına çevrilmiş, uzaqgörənliyi, zəngin təcrübəsi və nailiyyətləri sayəsində indiyədək mövcud olmuş bütün dəyərlər və siyasi yönümlər sistemini aşaraq yeni mərhələ yaratmışdır. 1995-ci il martın 12-də Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə görüşü oldu. Həmin ilin mayında Moskvada Faşizm üzərində qələbənin 50 illiyinə həsr edilən tədbir çərçivəsində Prezident Heydər Əliyevin president Aleksandr Lukaşenko ilə görüşü keçirildi və bu görüş ölkələrimizin qarşılıqlı fayda və maraqlar əsasında əməkdaşlığının təməlini qoydu. Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti və ictimaiyyəti Ermənistanın Azərbaycanda 30 ildən çox davam edən işğalçı siyasətini aradan qaldırmaq üçün aparılmış Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyən Belarus hökumətini və xalqını yüksək dəyərləndirir. Sonra Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, f.ü.f.d., dos. Lazaroviç Anatoli “Новая социальность в цифровую эпоху: общецивилизационные тренды и опыт Беларусии”, Belarus Dövlət Universitetinin Fəlsəfə və elmin metodologiyası kafedrasının dosenti, f.ü.f.d. Kurbacova Olqa “Этнокультурная идентичность и виртуальном пространстве: особенности и проблемы самоопределения”, f.e.d.,prof. Rəna Mirzəzadə “Suveren və konstitusion Dövlət: siyasi-hüquqi və ictimai, mədəni-təhlükəsizlik parametrləri”, Siyasi şərqçi, Jornalist,reporter, editor Dr. Nil Vatson “Memories of Heydar Aliyev's First Visit to London”, “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov “Azərbaycan cəmiyyətinin identikliyinin formalaşması: Konstitusiya və suverenlik konteksti (1993-2003-cü illər)”, Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, h.e.d..prof. Habil Qurbanov “ Ümummilli lider Heydər Əliyevin siyasi irsi suverenliyimizin qarantı kimi”, “Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin müdiri” Samirə Həbibbəyli “Siyasi iradə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə rol oynayan əsas amillərdən biri kimi” mövzusunda çıxış etmişlər. Sonda Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, f.ü.f.d.,dos.Anatoli Lazaroviç institulararası elmi əlaqələrin inkişafında göstərdiyi fəaliyyətə görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri fərmanı ilə təltif olundu.